Qarabağ danışıqlarında müəyyən intensivlik hiss olunur

0
719

Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur”.

Arazinfo.com “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib.

“ATƏT-in Minsk qrupu tərəfindən aparılan sülh prosesini necə görürsünüz?” sualına cavab olaraq nazir bildirib: “Suala qısa cavab təəssüf ki, nəticənin olmamasıdır. Belə ki, 25 ildən artıq fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT Təhlükəsizlik Şurasının xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair Təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.

Nəzərə almaq lazımdır ki, Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar.

Bir faktı xatırlatmaq istərdim. 2014-cü ilin noyabrında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə konkret məsələlər ətrafında müzakirələr aparıldığı halda, Ermənistan tərəfi görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlim keçirərək təxribata əl atdı və danışıqları pozmağa çalışdı.

Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub.

Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.

Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcəkdir. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır.

Bu xüsusda, biz ümid edirik ki, Paris Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəal şəkildə iştirak etməkdə davam edəcəkdir. Həqiqətən münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaqdır. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız, o cümlədən Fransa da faydalana biləcək”.

BIR CAVAB BURAXIN