Qalmaqal mənlik deyil     

0
427

    

 

  

 

 Onunla tanışlığımız uzun illər öncəyə söykənir. Redaksiyamıza təşrif buyuran müğənni ilə söhbətimizi bitirmək istəmirdik. İllər keçsə də, müsahibəmizdə eyni səmimiyyətin şahidi oldum. Heç nə dəyişməmişdi. Qazandığı şöhrət onu bir az da sadəliyə aparmışdı. Müsahibim sevimli müğənni Rahidə Baxışla illər sonra səmimi söhbət. 

 

-Rahidə xanım, çoxdandı səhnədə, efirlərdə yox idiniz. Bu gün isə gözəl bir klip ərsəyə gəldi. Bu o deməkdi ki, start götürdünüz?

 

– Bəli, “Deməsinlər” adlı klipim sizlərin ixtiyarına verildi. Amma onu deyim ki, mənim sonuncu klipim 10 il bundan əvvəl çəkilmişdi. Mən çoxdandı yeni bir proyektə imza atmaq istəyirdim. Və düşünürdüm ki, bu proyektdə yeni bir obrazla qarşınıza çıxım. Düşünürəm ki, bu layihə məni sevənlərə gözəl hədiyyə olacaq.

 

2008-ci ildən bəri heç bir layihəyə imza atmamağınız maliyyə vəsaiti ilə əlaqədardır, yoxsa ailə vəziyyəti ilə?

 

– Təbii ki, sənət adamı öz yeniliklərilə tamaşaçı qarşısına çıxmalıdır. Klip asanlıqla başa gəlmir, buna müəyyən maliyyə vəsaiti lazımdı. Artıq iki illik fasilədən sonra yeni bir mahnıya klip çəkdirmək qərarına gəldim.

 

Siz qalmaqallı müğənni olmasanız da qalmaqallar sanki sizi qarabaqara izləyir…

 

– Bəli, düz buyurdunuz. Sanki qalmaqalla məni dartırlar ki, gəl bu tərəfə. Mən də buna imkan vermirəm, çünki qalmaqal mənlik deyil. Mən bütün sənət yoldaşlarıma hörmətlə yanaşmışam, heç kimlə şəxsi qərəzliyim yoxdur və heç bir həmkarımla qalmaqal etmək fikrində deyiləm.

 

Bəzi sosial şəbəkələrdə belə fikirlər də irəli sürüldü ki, Rahidə Baxış səsi ilə deyil, görünüşü ilə diqqəti cəlb eləmək istəyir.

 

– Hə, bəzən deyirlər ki, guya mən üzümü dartdırmışam. Belə kommentariyaları oxudum, əsəbiləşdim və indi nə oxumuram, nə də əhəmiyyət vermirəm. Mən səhnədə olan adamam. Klipdə bir başqa tərzdə görünürəm, səhnədə başqa cür, həyatda daha fərqli. Yəni mən müğənniyəm, dəyişiklik etməliyəm. Eyni olursan, deyirlər buna bax, dəyişmir. Dəyişirsən, deyirlər buna bax, nə günə qoydu özünü. Ən yaxşısı bu söz-söhbətlərdən yan ötməkdi.

 

Siz həmişə ciddi geyimlərə üstünlük verdiyinizi söyləyirsiniz. Buna həyat yoldaşınızın təsiri olub, yoxsa özünüz?

 

– Yox, mən əvvəldən çalışmışam ki, çox açıq geyimlər geyinməyim. Çərçivəmi qorumuşam. Hara nə geyinəcəyimi bilmişəm. Məkana uyğun geyinmişəm.

 

Rahidə xanım, sizin şəxsi həyatınız da tamaşaçı üçün çox maraqlıdır. Oğlunuzu efirdə görəndə, hər kəsə daha maraqlı oldu.

 

– Həyatımda hər şey çox gözəldir. Hətta Zaurun verilişində, Zaur onu qəfil çıxartdı səhnəyə. Açığı mən istəmirdim. Düzdür, oğlum da musiqi ilə məşğul olur.

 

Oğlunuz efirə çıxmağı necə qarşıladı?

 

– (gülür) O, sevinir. Deyir ki, mən artıq ulduz oldum, məni hamı tanıdı. Sosial şəbəkələrdə paylaşıblar o görüntüləri deyə çox xoşbəxtdir.

 

İstərdinizmi müğənni olsun?

 

– İstəməzdim o bu sənətə gəlsin. Çünki bizim sənətimiz çox maliyyə tələb edən bir sənətdir. O qədər yaxşı ifaçılarımız var ki, onların bəziləri məhz bu səbəbdən görünə bilmirlər. Çünki mahnını ərsəyə gətirmək üçün musiqi yazdırmaq, studiya xərcləri, oranjeman və. s. tələb olunur. Lakin oğlumun musiqi duyumu güclüdür, fortepianoya çox böyük həvəsi var. Ona görə də onun qarşısına sədd çəkə bilmirəm. Sadəcə zamana buraxmışam. 4 yaşlı qızımın da musiqiyə çox böyük həvəsi var. Qızım oxuyur, gözəl rəqs edir. Sadəcə fikirləşirəm ki, oğlum musiqiçi olsa da, heç olmasa qızım başqa bir sahəyə yönəlsin.

 

Mətanət Şamilqızı

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − 9 =