“Qafqaz qartalı” – Şeyx Şamil

0
709

 

İnsanın bəzən öz niyyətlərinə çatması onun cəsarətindən və risq edə bilməsindən çox asılıdır. Bu baxımdan tarix boyu məqamı yetişəndə cəsarət göstərərək tarixə adlarını əbədi olaraq həkk etdirən və dünyaya mərdlik və qəhrəmanlıq dərsi keçən qəhrəmanlar da var. Onlardan biri də bu gün də milyonlarla insanın qəlbinə adını əbədi olaraq yazdıran və Qafqaz qartalı kimi tanınan Şeyx Şamildir. 19-cu əsrin əvvəllərindən başlayaraq Rusiyanın Qafqazı işğal etməyə başlaması tarix boyu başı min bəlalar çəkmiş bu ulu torpağın azadlıq sevər insanlarını da silkələyərək hərəkətə gətirmişdi. 19-cu əsrin əvvəllərindən başlayaraq tədricən Cənubi Qafqazı işğal edən Rusiya 1828-ci ildə adı çəkilən bölgəni işğalını başa çatdırdı. İndi növbə Şimali Qafqazın işğala boyun əyməyərək buna güclü müqavimət göstərən xalqları idi. Amma Şimali qafqaz xalqları çeçenlər, inquşlar, avarlar və kumuklar məşhur azadlıq mücahidi imam Şeyx Şamilin başçılığı altında işğalçılarla ölüm-dirim müharibəsinə başladılar. Bu müharibənin əslində hər dəqiqəsi, hər saatı, hər günü bir qəhrəmanlıq, cəsarət, şərəf səhnəsi idi. Tarix həmin dövrdə dağlı xalqları sınağa çəkmişdi və 1834-cü ildə başlayan və 25 il davam edən bu müharibədə onlar özlərindən 100 illər sonra gələn nəsillərə bir qəhrəmanlıq, azad yaşamaq, torpaq uğrunda qəhrəmancasına döyüşmək və kişi kimi ölmək nümunəsi qoydular. Çarizmə və onun işğalçılıq siyasətinə qarşı dağlı xalqların bu azadlıq mübarizəsinə isə imam Şeyx Şamil başçılıq edirdi. Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Onun əsl adı Əlidir və uşaqlığında tez-tez xəstələnirdi. Valideynləri xalq arasında olan inanclara görə onun sağalması üçün dayısı Şamilin adı ilə çağırmağa başlayırlar. Onun atası Danqa Məhəmməd milliyyətcə Qafqazın ən qədim xalqlarından olan avarlardan idi. Anası isə Dağıstanda yaşayan türklərdəndir. Atası uşaq ikən Şamili əsl dağlılar kimi döyüşgən və cəsur bir cicit kimi tərbiyə etmişdi. Şamil 15 yaşına çatanda ona at çapmaqda, qılınc oynatmaqda, sərrast güllə atmaqda çatan yox idi. Məhəmməd eyni zamanda Şamilin o dövr üçün mükəmməl olan təhsil almasına da xüsusi fikir vermişdi. İlk təhsilini dövrünün tanınmış maarifçisi Səid Xərakidən alan Şamil onun yanında nəinki təhsil, həm də qəhrəmanlıq dərsi keçdi. Daha sonra o gələcək qaynatası Nəqşbəndi şeyxi Cəmaləddin Qazı Kumıkinin yanında təhsilini davam etdirdi. Qazı Kumukinin yanında əsl bir həyat məktəbi keçən Şeyx Şamil bununla da özünü gələcək sınaqlara hazırladı. Qazı Kumıki Şamilə islamın əsaslarını, onu sevməyi və mühafizə etməyi öyrətdi. Qazı Kumıkinin yanında Şamil kamil bir insan kimi yetişdi və sonralar burada aldığı dərs onun qəhrəmanlıq mübarizəsinin zirvəsini təşkil etdi. Şamilin doğma müəlliminə olan sevgi və məhəbbəti onun qızına evlənməsi ilə nəticələndi və bu qohumluq onlarda doğma ata-bala sevgisinə çevrildi. O daha sonra İmaməti idarə edən Qazi Məhəmməd və Həmzət bəyin yanında onların müşaviri kimi çalışmağa başladı. Gələcək azadlıq mücahidi həmin dövrdə olduqca sadə bir həyat yaşamaqda idi və hər hansı bir daxili çəkişmələrə imkan verməməyə çalışırdı. Bu dövrdə o 5 dəfə evlənmişdi.

Onun Fatimat, Gövharat, Zahidət, Əminə və Şövanət adlı həyat yoldaşlarından Əhməd Cəmaləddin, Məhmməd Qazi, Məhəmməd Səid, Məhəmməd Şəfi, Cəmaləddin və Məhəmməd Kamil adlı 6 oğlu dünyaya gəlmişdi. Şamilin eyni zamanda bu evliliklərdən Fatimat, Nəfisət, Nəcabət, Bəhu-Məsadu və Safiyat adlı qızları olub. Şamil imam seçildikdən sonra rusların işğalçılıq siyasətinə qarşı yeni bir cəbhə açdı. O bu məqsədlə imamət daxilindəki qüvvələri yenidən qruplaşdırdı. Ruslara qarşı daha uğurlu müharibə apara bilmək üçün ölkəni naiblik və vilayətlərə ayırdı. İmamətdə, iki üç və ya üç naiblik vilayət hesab edilirdi. Naibliklər vilayət rəhbərlərinə tabe idilər. Onlar da öz növbələrində mülki və hərbi işlər üzrə idarə etmələrə bölünürdülər. Hərbi idarəedicilər ruslara qarşı mübarizəni və əhalinin hərbi işi öyrənməsini təşkil edirdilər. Bu naibliklərin başında dayanan rəhbərlərin hər biri bir orduya bərabər qəhrəmanlar idilər. Onlar, Əhvərdil Məhəmməd, Qabət Məhəmməd, Şuayıb Molla, Taşof Hacı, Danyal Sultan, Nur Məhəmməd, Xitinaf Musa, Sədullah, Düba Hacı, Hacı Murad və Şamilin böyük oglu Məhəmməd Qazi ruslara qarşı döyüşlərdə tarixin bu günə kimi xatırlaya bilmədiyi qəhrəmanlıqlar göstərdilər.

Ruslara qarşı döyüşlərin ən dəhşətlisindən biri 1839-cu ildə Axulqoda baş verdi. Rusların 10 min nəfərlik ordusu Axulqoda Şamilin rəhbəlik etdiyi 3 min nəfər mürüdi mühasirəyə aldı. Ruslara general Qrabbe rəhbərlik edirdi. 80 gün ərzində Axulqoda şiddətli döyüşlər getdi. Ruslar hər gün arxadan yeni kömək alırdılar. Şamilə isə kənardan kömək yox idi. Buna baxmayaraq müridlər son nəfəsə kimi döyüşürdülər. Bu döyüşlərdə Şeyx Şamilin həyat yoldaşı Cövhərat, oğlu Səid və bacısı Məsudə şəhid oldular. Ruslar Şamilin müqavimətini qırmaq üçün əllərinə keçən bütün canlıları orta əsr vəhşilərinə xas olan qəddalılqla öldürür, kəndləri yandırır, hətta əlsiz-ayaqsız qocalara belə rəhm etmirdilər. Ruslar Dağıstanı və bütün Şimali Qafqazı odlara qalamışdılar və bu qədim diyar od tutub yanırdı. Sonralar Axulqo döyüşlərinin canlı şahidlərindən olan general Milyutin yazmışdı: “Dağlılar qızğın müqavimət göstərir və ölümlərindən qorxmayaraq çılğıncasına döyüşürdülər. Bu inanılası bir iş deyildi. Hətta qadınlar belə ölümlərindən qorxmayaraq əsgərlərimizin üzərinə atılır və süngülərin üzərində can verirdilər. Onlar ölməyi təslim olmaqdan daha üstün tuturdular”.

Əlbəttə, Milyutin bunun səbəbini anlamırdı və anlaya bilməzdi də. Çünki dağlılar öz torpaqları, namus və şərəfləri uğrunda, bir də əsarət altında yaşamamaq üçün döyüşürdülər. bundan sonra çar Rus ordusunın yarısından çoxunu Şamilə qarşı göndərmək barədə əmr verdi. Bəzi mənbələrə görə həmin dövrdə Şamilə qarşı 80-90, bəzi mənbələrə görə isə 60-70 min rus əsgəri döyüşürdü. Şamilin isə əlinin altında olan mücahidlərin təxminən 6-10 min nəfər olduğu ehtimal edilir.

Qüvvəsinin az olmasına baxmayaraq Şeyx Şamil ruslara qarşı döyüşləri yenidən davam etdirirdi. Lakin düşmən çox, Şamilin tərəfdarlarının sayı isə az idi. Üstəlik Şamilə kənardan heç yerdən kömək gəlmirdi. Şamil get-gedə döyüşləri ən ucqar aullarda aparmalı olurdu. 1859-cu ilin yayında düşmənlə döyüşlər daha da qızışdı. Sentyabr ayında düşmən Şamilin son sığınacaq yeri olan Qunib aulunu mühasirəyə aldı. Aulu mühasirəyə alan 70 min nəfərlik rus ordusuna general Baryatinski komandanlıq edirdi. Şamil qızğın döyüşürdü, ancaq əsgərlərinin sayı get-gedə azalırdı. Yalnız ətrafında bir neçə yüz adam qalandan sonra Şamil anladı ki, bu mühasirədən çıxmaq mümkün olmayacaq. Üstəlik ətrafında qadınlar da vardı və döyüşün davam etdirilməsi sonda onlar üçün xoşagəlməz nəticələrə səbəb ola bilərdi. Ona görə də ətrafındakılar Şamilə təslim olmağı daha məqsədəuyğun gördülər. Şamilin bu təklifi qəbul etməkdən başqa çarəsi qalmamışdı. Amma özünə qalsa sona kimi döyüşmək və döyüş meydanında ölmək niyyətində idi. Təslim olan Şamili 40 nəfər yaxını ilə Sankt Peterburqa apardılar. Çar II Aleksandr böyük bir imperiyaya qarşı 25 il qorxmadan mübarizə aparan bu adamı şəxsən görmək istəyirdi. II Aleksandr Şeyx Şamili hörmət və izzətlə qarşıladı və onu bir ay sarayda qonağı kimi saxladı. Sonra isə Şamili Kaluqaya göndərdilər. O burada nəzarət altında yaşamalı idi. Əsarət illərini Şamil çox ağır keçirdi və iki il içində onun saçları ağappaq ağardı. Sürgündə böyük qızı Nəfisət və gəlini fikirdən vərəm xəstəliyinə tutularaq vəfat etdilər. Amma azadlıq mücahidi artıq qocalmışdı və onun ən böyük arzusu Həccə getmək idi. Çar yenidən Rusiyaya qayıtması şərtilə 1870-ci ildə Şeyx Şamilə Həccə getməyə icazə verdi. Şeyx Şamil əvvəlcə yanındakı adamları ilə İstanbula gəldi və burada Sultan Abduləziz tərəfindən böyük təmtəraqla qarşılandı. Şamilin İstanbula gəldiyni eşidəndə bütün əhali onu görə bilmək üçün saray qapılarına gəlmişdi. Bir müddət burada qalandan sonra Şeyx Şamil Sultan Abduləzizn gəmisi ilə Həccə yola düşdü. Ciddə limanında Şamili böyük təmtəraqla qarşıladılar. Həcc ziyarətində isə yüz minlərlə insan onu görmək istəyirdi. Buna görə də onu Kəbənin üstünə çıxararaq əhaliyə göstərmək məcburiyyətində qaldılar. Sonra Şamil Mədinəyə getdi və burada o xəstələndi. Dünyanı qəhrəmanlığı ilə özünə heyran qoyan bu cəsur insan İslam dünyasının ən əziz şəhərində 1871-ci il fevral ayının 4-də vəfat etdi. O, kainatın son peyğəmbərinin bir vaxtlar gəzdiyi və uyuduğu müqəddəs torpaqda da hörmət və izzətlə dəfn edildi. Amma onun adı azadlıq mücahidi kimi qiyamətə qədər yaşamaqda davam edəcək.

Əziz Mustafa

BIR CAVAB BURAXIN