Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (3. Yazı)

0
59

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Qacarlar dövlətinin ilk Məclisində Türk millət vəkilləri farslara nisbətdə say baxımından az olsalar da (ilk Məclisdə millət vəklillərinin yarısı heç bir məntiqə uyğun olmadan Tehrandan, yarısı da digər bölgələrdən seçilmişdi), ancaq ən fəal və yenilikçi tərəf idilər. İlk Məclisdə partiyaların fraksiyaları olmasa da, ancaq iki axın: 1) yenilikçilər, və 2) mühafizəkarlar var idi ki, yenilkçilər axınının başında türk soylu S.H.Tağızadə ilə Hacı Mirzə İbrahim Ağa dayanırdı. İlk Qacarlar Məclisi qovulandan sonra Tağızadə Avropaya qaçmağa müvəffəq olsa da, Hacı Mirzə İbrahim Ağa edam olunmuşdu.
Bütün hallarda, ilk parlament dönəmində Tehranda 70-a yaxın siyasi cəmiyyətlər var idi ki, onların arasında “Azərbaycan Cəmiyyəti” (Azərbaycan Əncüməni), ya da “Təbriz Cəmiyyəti” ön yeri tuturdu. Rəsulzadə yazırdı ki, “Azərbaycan cəmiyyəti” bütün cəmiyyətlərin baş yeri, yönəldicisi idi; Azərbaycan-Təbriz Cəmiyyətinin üzvlərinin çoxu isə türklər idi, yönətim qurulu da türklərin əlində idi. E.Mədətli yazır ki, Azərbaycan-Təbriz Cəmiyyətinin əsil vəzifəsi Məclis üçün namizədlər irəli sürmək və onları seçməkdən ibarət olsa da, tezliklə öz səyləri nəticəsində əslində regional parlamentə çevrilmişdi. Eynulla Mədətli yazır: “Həmin ilin oktyabrında Təbriz Şurasının “Cərideye melli” (Milli qəzet) qəzeti fars dilində nəşrə başladı. Qəzetin bir sıra məqalələrində Əncümən-e Təbriz Milli Məclis adlandırılmışdı və bu Tehranda Məclis üzvlərinin etirazına səbəb olmuşdu. Buna görə, Məclsidəki azərbaycanlı deputatlar məsələyə aydınlıq gətirdilər və Əncümən-e Təbrizin Milli Məclis yox, əyalət şurası olduğunu vurğuladılar. Lakin Təbriz Şurası regional məsələlərlə məşğul olmaqla kifayətlənmir, konstitusiyanın ardıcıl müdafiəçisi kimi zəruri hallarda Tehrana – Məclisə də əhəmiyyətli təsir göstərirdi”.
Qacarlar dövlətində konstitusiyanın qəbulundan (1907-ci ilin may-iyun ayları) az sonra Tehran höku-mətinin Rusiya və İngiltərədən yeni bir borc almaq istəyinə qarşı çıxan Məclisin bununla yanaşı, Qacarların xarici dövlətlərin siyasi-iqtisadi aslılığından qurtulması üçün qəbul etdiyi 5 maddəlik qərara (Milli Bankın qurulması, Rusiya və İngiltərədən hər cür borc tələbinin yasaqlanması, Şaha müəyyən miqdarda maaşın bağlanması və s.) qarşılıq Məhəmməd Əli Şah da, sədrəzəm Mirzə Nəsrullah xanı (Müşirüddövlə) vəzifəsindən uzaqlaşdıraraq anti-məşrutəçi Mirzə Əli Əsgər xanı (Atabəy-əzəmi) onun yerinə gətirdi. Üstəlik, Məhəmməd Əli Şahın məşrutiyyəti ləğv edib mütləqiyyətə qayıtmaq yolunda Rusiya və İngiltərənin dəstəyini almaq üçün (əslində bu planı Türk düşməni olan həmin dövlətlərin özləri hazırlamışdılar) 31 avqust 1907-ci ildə Qacarlar dövlətini Rusiya və İngiltərə arasında nufuz dairəsinə bölünməsinə razılıq verməsi yalnız sədrəzəm Mirzə Əli Əsgər xanın ölümünə gətirb çıxarmadı, eyni zamanda ölkədə daxili anarxiya pik həddə çatdı.
Azərbaycan Türk mütəfəkkiri, dövlət xadimi Mirzə İbrahim¬ova görə, bu dövrdə mütərəqqi qüvvələr mühafizəkar qüvvələrlə fəal şəkildə mübarizə aparırdılar, ancaq son nəticədə sonuncular üstün gəldilər: “Ümumiyyətlə, o illər İranda və Cənubi Azərbaycanda ictimai-siyasi həyatın son dərəcə qeyri-sabit, dəyişkən, gözlənilməz hadisələrlə zəngin olduğu dövr idi. Bu dövrdə yalnız mütərəqqi inqilabi qüvvələr deyil, əks cəbhəni təşkil edən mürtəce zülmkar, mühafizəkar, qaragüruh qüvvələr də fəal surətdə əlləşirdi, bərk əl-ayaqda idi. Onlar, mütərəqqi qüvvələrin Müzəffərəddin şahdan qopardıqları məşrutə hökümünün əməli olaraq həyata keçirilməsinə yol vermədilər və 1907-ci ildə, yəni Rusiyada Stoli¬pin irticasının hökm sürdüyü, hər cür qansoranların meydan suladığı dövrdə kütbeyin, satqın Məmmədəli şahı hakimiyyət başına gətirdilər. O isə həm çarizmin, həm də ingilislərin köməyi və təhrikilə məslici topa tutdu, məşrutə tərəfdarlarına hücum etdi”.
Həmin dövrdə Məhəmməd Əli şahdan anti-məşrutəçilik, anti-hürriyyətçilik düşmənçiliyi gözləməyən yenilikçi-mütərəqqi Azərbaycan türkləri Təbrizi Məşrutəni qoruma hərəkatının mərkəzinə çevirməklə yalnız özlərini deyil, Qacarları da bu qorxunc oyundan xilas etməyə çalışırdılar. Bu anlamda Qacarlar dövlətinin əsas milləti olan Türk ulusunun öz soyundan olan Qacarlar sülaləsinin şahının doğru olmayan siyasətinə qarşı çıxması xəyanət deyil, tam əksinə oyuna gətirilmiş Türk hökmdarı Məhəmməd Əli şahı doğru yola çəkmək və Türk hakimiyyətinin nüfuzunu bərpa etmək idi. Ancaq xarici qüvvələrin, xüsusilə də Rusiya diplomatiyasının təsiri altın düşmüş Məhəmməd Əli şah Türk xalqına arxalanmaq ya da mütərəqqi Türk məşrutəçilərinin haqq səsini dinləmək əvəzinə, Tehrandakı Məclisi dağıdaraq mütləqiyyətə qayıtmaq yolundan vaz keçmədi. “Şah və onun ətrafında toplanmış mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda (Qacarlarda-F.Ə.) hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan Əyalət Əncüməni, Təbriz sosial-demokrat təşkilatı və məhəlli əncümənlər yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi”.
Bizcə, “inqilabi mübarizənin mərkəzinin Tehrandan Təbrizə” keçməsində gerilikçi, yəni aryançı fars məşrutəçilərin yenilikçi-mütərəqqi türk məşrutəçilərin yanında yer almamaları da mühüm rol oynadı. Aryançı fars məşrutəçilər ingilislərin məsləhətiylə, siyasi manevr edərək Məhəmməd Əli Şahın yanında müvəqqəti də olsa, yer almağı daha münasib bildilər. Çünki məşrutənin yenilikçi axını olan türklərin sayca azlıqda olmasına baxmayaraq önə çıxmağa başlaması, özəlliklə Qacarların paytaxtı Tehranda mövcud olan parlamentdə təsirini artırması aryançı farslarla, onların əsas havadarı İngiltərəni qətiyyən qane etmirdi. Hər halda bu dövrdə elan olunmuş Məşrutənin yenilikçi qüvvəsi kimi türklər Tehranda toplanmış ilk Məclisin qərarlarına hökumətin əməl etməyəcəyi təqdirdə yeni hökumət seçəcəklərini bəyan etməsi təsadüfi deyildi. Həmin proseslərin canlı şahidi olan M.Ə.Rəsulzadə bununla bağlı çox doğru yazırdı ki: ““İran bahadırları türklərdir” – demək İran inqilabının (Qacarlar Məşrutə hərəkatının – F.Ə.) əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz”.
İlk Məclisi müdafiə edərək dövlətin fedarasion yapısını gerçəkləşdirməyə çalşan yenilikçi-mütərəqqi Türk məşrutəçiləri Azərbaycanın Qacarlar dövlətindəki mühüm nüfuzunu da bərpa etmək istəyirdilər. Bu məsələ ilə bağlı Mirzə İbrahimov yazırdı: “Səttarxan hərəkatı inqilabi-demokratik qanunlar əsasında idarə olunan federasion İran yaratmaq, Azərbaycana muxtariyyət əldə etmək məsələsini əməlli olaraq ortalığa çəkmiş və hətta qısa bir müddətdə bu məsələni həll etmişdi də. Səttarxan dövründə təşkil olunmuş əyalət əncümənləri müəyyən hüquqlara malik olan muxtar dövlət üsulundan başqa bir şey deyildi. Əyalət Əncüməninin qərarı ilə o zaman Azərbaycanda doğma dildə mətbuat və kitablar nəşr edilmiş, məktəblərdə ana dilində təlim həyata keçirilmişdi. Lakin inqilab öz işini axıra qədər apara bilməmişdi. Bir yandan ingilis imperializmi, o biri yandan çarizm azadlıq hərəkatının genişlənməsinə yol verməmiş, onlardan hər birisi öz məqsədləri üçün istifadə etməyə çalışmış və mürtəce qüvvələri iş başına gətirmişdilər”.
Türk yenilikçilərinin önə çıxmasından rahatsız olan, buna görə də Məşrutəyə dəstək olmaq əvəzinə, əvvəlcə Məhəmməd Əli Qacarın yanında yer almalarını Rus və İngilis hökumətləri şaha qarşı “fəna” vəziyyətdə bulunmaq istəməmələri kimi izah etmişlərdi. Əslində Türk düşməni Rus və İngilis hökumətləri yaxşı bilirdilər ki, Tehranda yenilikçi-mütərəqqi Türk məşrutəçilərinin güclənməsi əsil planlarını həyata keçirməyə əngəl olacaqdır. Xüsusilə də, ilk Məclisin qapadılmasına əngəl olmayan İngilis hökuməti növbəti həmlədə, irançı qılıqlı aryançı farsların, eyni zamanda irançılıq toruna düşmüş türklərin parlamentdə olmasını planlayırdı. Əslində Tehrandakı Məclisin və hökumətin irançılıq üzərindən farslaşdırılması planının nəticəsində Tehranın bir Qacarlar-Azərbaycan-Türk paytaxtından, hökumətlə Məclisin də Qacarlar-Azərbaycan-Türk ruhundan uzaqlaşdırılıb uyğun olaraq İran-Fars paytaxtına və İran-Fars hökumətinə-parlamentinə çevrilməsinin təməli qoyuldu. Ən acınacaqlısı odur ki, Məhəmməd Əli Şah Qacarın dövründə səltənətin vəlihədinin Təbrizdə oturması ənənəsi də pozuldu.
Yeri gəlmişkən, yalnız 1-ci Dünya savaşı nədəniylə 1915-ci ilin yazında Təbrizə daxil olan Osmanlı Türk ordusunun rəhbərliyi Tehran hökumətinə bildirmişdir ki, Qacarlar səltənətinin vəlihədi Təbrizə gələrsə, Osmanlı Türk ordusu dərhal şəhəri tərk edəcəklər. Deməli, irançı mərkəzli Tehran hökuməti yalnız 9 illik bir aradan sonra Osmanlıların təkidindən sonra məcburən səltənətin vəlihədini Təbrizə göndərməyə razı olmuşdur.
Məhz Tehranın Qacarların paytaxtı olduğu halda Türk ruhundan uzaqlaşdırılması prosesinin başlanmasıyla da, istər-istəməz Azərbaycan türklərinin gözü Türklərin ikinci paytaxtı Təbrizə və Azərbaycan Əyalət Əncüməninə çevrildi. Rəsulzadənin təbrincə desək, Tehrandan sonra Təbrizi məşrutə hərəkatının əsas dayaqlarından biri halına gətirən türklər, bu hərəkatın yalnız maddiyyatını deyil, mənəviyyatını da sonuna qədər idarə etməyə çalışmışlar. “Təbriz adətən İran əfkarı-əhraranəsinin bir nazimi-mütləqi olmuşdur, məşrutiyyətin bir dərəcə istiqrarından və Məclisi-Millinin güdaşından sonra da türklərin həyati-siyasiyyədə əhəmiyyətləri artmış və ədədlərinin nisbətindən daha çox fəaliyyətləri görülmüşdür. Gərək birinci Məclisdə və gərək ikinci də Azərbaycan vəkilləri nüfuzu-nəzər və həmiyyət-vətəniyyəcə sair arkadaşlarından daima yüksək bir mövqedə bulunmuşlardır”. Bizcə, ilk Məclislə müqayisədə ikinci Məclisdə Türk millət vəkilləri sayca çoxalsalar da, ancaq keyfiyyət baxımından (“irançılıq” anlayışının ortaq dövlətçilikdən fars dövlətçilyinə keçidi baxımından) aryançı farsçıların kölgəsində qalmağa başladılar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 2 =