Qərbən müsəlman qırğınları davam edir (1)

0
744

Ötən gün İraq ordusu kürd peşmərgələri və ABŞ-ın hərbi yardımı ilə İŞİD-in nəzarəti altında olan Mosul şəhəri üzərinə hücuma başlayıb. Əlbəttə, bu əməliyyatlar İŞİD-ə qarşı mübarizə məqsədi ilə həyata keçirilsəydi, bunu ancaq alqışlamaq olardı. Ancaq Mosul üzərinə hücumun arxasında əslində İŞİD-lə mübarizə pərdəsi altında dinc əhalinin kütləvi şəkildə məhv edilməsi dayanır. Belə ki, hazırda Mosulda 3 milyondan yuxarı dinc sakin və cəmisi 3-5 min İŞİD silahlıları var. Amma ABŞ və onun müttəfiqləri 3-5 min nəfərə qarşı 60 min nəfərlik ordunu hərəkətə gətirib. Bundan da belə başa düşmək olar ki, Mosula hücumun əsas hədəfi İŞİD deyil, dinc əhalidir. Hər halda ABŞ hərbi aviasiyasının ara vermədən Mosula raket-bomba zərəbləri endirməsi və bu zaman əhali yaşyan binaları hədəf almasını təsadüfi hesab etmək olmaz. Son məlumatlara görə, ABŞ hərbi aviasiyasının zərbələri nəticəsində Mosulda on minlərlə dinc sakin həlak olub. Necə deyərlər Mosulda sözün əsl mənasında İŞİD-lə mübarizə pərdəsi altında yeni müsəlman soyqırımı başlayıb. Təsadüfi deyil ki, hələ Mosula qarşı hərbi əməliyyatlar başlamazdan əvvəl BMT rəhbərliyi rəsmi şəkildə bunun dinc əhali arasında böyük itkilərə səbəb olacağı barədə ABŞ-a xəbərdarlıq etmişd. Amma ABŞ bu xəbərdarlığa məhəl qoymadı və nəticədə Mosulda dinc əhaliyə qarşı soyqırımı davam edir. Bütün bunlar isə Əfqanıstanda, İraqda, Suriyada, Liviyada Fələstində və digər yerlərdə müsəlmanlara qarşı həyata keçirilməkdə olan soyqırımlarının təsadüfi olmadığı və bunun səbəbləri barədə düşünməyə məcbur edir. İstənilən halda Şərqin yaxın tarixinə nəzər salanda son 30-35 ildə islam dünyasına qarşı Qərb tərəfindən düşünülmüş şəkildə yeni planlarının işə salındığını aydın şəkildə görmək mümkün olur. Yeri gəlmişkən onu da deyək ki, Qərbdə müsəlmanlar əleyhinə qalxan ajiotajın ilk zərbələrindən birini də biz azərbaycanlılar öz üzərimizdə hiss etdik. Belə ki, SSRİ-nin dağılması ərəfəsində, ötən əsrin 80-ci illərinin sonlarında Qorbaçovla Reyqan arasında Aralıq dənizindəki hərbi gəmilərdən birində keçirilən gizli görüşdə Dağlıq Qarabağın Azərbaycan tərkibindən çıxarılaraq Ermənistana verilməsi barədə razılıq əldə edildi. Bunun ardınca Qərb və Rusiya mətbuatında erməniləri müdafiə edən, azərbaycanlıları isə qəddar, özgə torpaqlarını qəsb edən xalq kimi qələmə verilməsinə xidmət edən çoxsaylı yazılar dərc edilməyə başladı. Nəticədə Qərb və Rusiya ictimaiyyətində anti Azərbaycan imici formalaşdırıldı və bunu aradan qaldırmaq bu günə kimi mümkün olmayıb. Yenə də SSRİ qoşunlarının 1990-cı ilin yanvar ayında Bakıda keçirdiyi qanlı qırğınlara münasibət də Qərbdə anti Azərbaycan ruhunda oldu. Bu qırğınlara görə Qərb Qorbaçovu kəskin şəkildə tənqid etmədi. Əksinə Qərb tərəfindən müəyyən məqamlarda yanvar qırğınının guya ermənilərin müdafiəsinə yönəldiyi adı ilə bu vəhşiliyə haqq qazandırılmağa cəhd edildi. Sonrakı dövrlərdə belə başda ABŞ olmaqla Qərb ölkələri tərəfindən Azərbaycana qarşı düşmənçilik münasibətləri davam etdirildi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra onun beynəlxalq aləm tərfindən tanınması məsələsi gündəmə gələndə ABŞ və onun müttəfiqləri hər vəchlə buna qarşı çıxdılar. O dövrdə Türkiyə Azərbaycanın müstəqilliyini tanımaq üçün hərəkətə keçmişdi. Türkiyə bununla bağlı addımlar atmağa hazırlaşərkən Vaşinqton Ankaraya dərhal təzyiq göstərməyə cəhd edərək onları belə bir addımı atmaqdan çəkindirməyə cəhd etmişdi. Lakin Ankara Vaşinqtonun təzyiqlərinə boyun əyməyərək Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu. Bununla belə ABŞ və müttəfiqləri tərəfindən Azərbaycana qarşı düşmənçilik siyasəti həmin dövrdə addımbaşı özünü göstərməkdə idi. Bu da erməni cəlladlarını Xocalıda tarixin ən dəhşətli soyqırımlarından birini həyata keçirməsinə gətirib çıxardı. Yenə də bütün bunlara, yəni ermənilərin Azərbaycana qarşı təcavüzünə və 1 milyondan yuxarı insanı yurd-yuvasından didərgin salmasına baxmayaraq ABŞ- da Azərbaycana hər hansı yardım göstərilməsini qadağan edən 912 saylı bədnam düzəliş qəbul edildi. Bu günə kimi də həmin bədnam düzəliş tam şəkildə aradan qaldırılmayıb. Bunun əksinə olaraq həmin dövrdə keçmiş SSRİ respublikaları arasında Ermənistan ABŞ-dan ən çox yardım alan ölkə oldu. Təkcə 1992-2000-ci illərdə ABŞ Ermənistana 10-12 milyard dollar maliyyə yardımı göstərdi. Bu da Ermənstanı işğal edilmiş Azərbaycan torpaqlarını azad etməsi barədə BMT TŞ-nin 4 qərarına məhəl qoymamasına şirnikləndirən mühüm amilərdən oldu. Yenə də hadisələri bir az qabaqlayaraq deyək ki, ABŞ ATƏT Minsk qrupuna həmsədr ölkələrdən biri kimi işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi məsələsini sərt şəkildə təcavüzkar Ermənistan qarşısında qaldırmaq əvəzinə pərdə arxasından hər vasitə ilə buna mane olmağa cəhd etdi və etməkdə davam edir.

BIR CAVAB BURAXIN