Məhərrəmlik ayı ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri müzakirə olunub

0
626

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə Məhərrəmlik ayına dair tədbir keçirilib.

Arazinfo.com-un verdiyi xəbərə görə, Komitədən AzərTac-a bildiriblər ki, tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendensiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizlik konsepsiyasının əsas elementlərindən olan dini təhlükəsizliyin təminatı ciddi əhəmiyyət kəsb edir. Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutmaqla yanaşı, ictimai-siyasi asayişin daha mükəmməl təminatı üçün olduqca mühümdür.

S.Heydərov dini radikalizmin və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib, bu sahədə Dövlət Komitəsinin digər qurumlar, o cümlədən hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dini radikalizmlə mübarizədə qabaqlayıcı, zəruri hallarda isə profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib.

S.Bağırov birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda, Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin bundan sonra da həyata keçiriləcəyini bildirib.

BIR CAVAB BURAXIN