Qələbə marşalının marşal qudası – Vasilevski Stalinə qarşı çıxmayıb, nazir postunu itirib

0
875
12 февраля 1943 г. Marshal of the Soviet Union Alexander Vasilevsky. Photo TASS Маршал Советского Союза Александр Михайлович Василевский. Фотохроника ТАСС. Фотохроника ТАСС

Kommunist rejimində yüksək ranqlı dövlət məmurlarının ən böyük problemlərindən biri öz aralarında münasibətlərin tənzimlənməsi olub. Birincilər də daxil olmaqla məmurların iddiaları, fikir ayrılıqları siyasi müstəvidə kifayət qədər ziddiyyətli məqamlar yaradıb. Həm siyasi, həm də hərbi elitada liderlik ehtirası çoxlarının karyerasına son qoyub. Bu məsələdə ən ehtiyatlı davrananlardan biri isə marşal Aleksandr Vasilevski olub. O, SSRİ-nin ən mürəkkəb dövründə, Stalin hakimiyyəti illərində öz “şinel”ini qorumağı bacarıb…

Sovet-alman müharibəsi illərində Vasilevski nadir şəxslərdən biri olub ki, onun hər gün Stalinlə əlaqəsi olub – ya canlı ünsiyyət, ya da telefon rabitəsi. Əslində qələbənin təmin olunmasında Vasilevskinin xidmətləri heç də Jukovdan, Rokossovskidən, Konyevdən və digər marşallardan az olmayıb. Əksinə, araşdırmaçıların qənaətinə görə, sovet ordusunun keçirdiyi hərbi əməliyyatlar Vasilevsikinin cəbhələr arasında düzgün koordinasiyası hesabına uğurlu alınıb.

Vasilevski heç vaxt hərbi brləşmələrin şəxsi heyəti qarşısında, mətbuatda, kollegiya iclaslarında, əməliyyat müşavirələrində digər həmkarları kimi populist çıxışlar etməyib. Yəqin elə buna görə də ali rütbəli hərbçilərə qarşı həmişə sərt mövqe sərgiləyən Stalinin Vasilevskiyə münasibəti tam fərqli olub.
Dövlət Müdafiə Komtəsinin iclaslarında, əməliyyat müşavirələrində Stalin sonda Vasilevskinin rəyini öyrənib, onu “Şapoşnikov məktəbinin yetirməsi” adlandırıb. Vasilevski 1941-ci ildə, Şapoşnikov baş qərargah rəisi işləyəndə əməliyyat idarəsinin rəisi vəzifəsində xidmət edib, daha sonra, 1942-ci ildə baş qərargah rəisi vəzifəsinə təyinat alıb və 1945-ci ilin fevralına qədər bu vəzifədə xidmət edib.

Vasilevskinin ən üstün cəhətlərindən biri o olub ki, hərbi əməliyyatlarla bağlı müzakirələrdə o, Stalini inandırmağı bacarıb. Hətta bəzi hərbi məsələlərdə Jukov kimi sərkərdə Stalinlə anlaşmaq üçün Vasilevskidən istifadə edib.

220px-Vasilevsky_Budenny.jpg (94 KB)

Hərbçilərlə yanaşı Vasilevski Mərkəzi Komitə rəhbərləri, digər qurumların başçıları arasında da böyük nüfuz qazanıb. Stalinin ən yaxın partiya silahdaşları olan Molotov, Kaqanoviç, Mikoyan, Voroşilov və digərləri Vasilevskiyə böyük hörmətlə yanaşıblar. Hətta Beriya marşalın işlərinə müdaxilə etməkdən çəkinib. Təbii ki, bu da Stalinin Vasilevskiyə olan münasibətindən irəli gəlib. 1943-cü ildə, müharibənin ən qızğın günlərindən birində Dövlət Müdafiə Komitəsinin 7 saat davam edən iclasının sonunda Stalinin Vasilevskiyə “səhər saat 8-ə qədər sizə dincəlməyə vaxt verirəm, heç olmasa bir gecə rahat yataqda yuxu alın” deməsi sovet liderinin marşala münasibətinin, qayğısının təzahürü olub.

Vasilevski həmişə konfliktlərdən uzaq olmağa çalışıb, başqalarının vəzifə səlahiyyətlərinə müdaxilə etməyib, yersiz mübahisələrə girişməyib, hansısa yüksək posta iddialı olmayıb. O, bütün təltiflərini və rütbələrini öz zəhməti, hərbi biliyi və bacarığı sayəsində qazanıb. Elə bir ay ərzində, 1943-cü ilin yanvar ayında ordu generalı rütbəsi alan Vasilevskinin həmin ilin fevral ayında marşal rütbəsi alması da onun yüksək sərkərdərlik qabiliyyətinin nəticəsi olub.

1559636270_0_0_501_283_1920x0_80_0_0_b22352e486bb3053a39da957ac9bb5a8.jpg (88 KB)

1949-cu ildə müdafiə nazirinin birinci müavini olan Vasilevski nazir vəzifəsinə təyin edilib. Stalinin vəfatına qədər o, bu vəzifəni tutub. Xruşovun hakimiyyətə gəlişi ilə marşalın karyerasında problemlər baş qaldırıb. Əslində Vasilevski nazir kürsüsünü tam qorumaq imkanında olub. Amma bunun üçün onun qarşısına bir şərt qoyulub. Xruşov ona bildirib ki, mətbuatda Stalin haqqında yazı ilə çıxış etsin və həmin yazıda xüsusilə vurğulasın ki, Stalin əməliyyat müşavirələrində əməliyyat xəritələrindən yox, qlobusdan istifadə edib. Yəni Stalinin heç bir hərbi səriştəsi olmayıb. Vasilevski birmənalı şəkildə Xruşovun təklifindən imtina edib. Bu imtina onun vəzifəsini bir pillə aşağı salıb. 1956-cı ilə qədər müdafiə nazirinin 1-ci müavini işləyən marşala öz ərizəsi ilə xidmətdən isrefaya getməsi tələb olunub.

 

Jukov məsələyə müdaxilə etdikdən sonra Vasilevskinin vəzifəsi bir pillə də aşağı salınmaqla nazirlikdə saxlanılıb. O, müdafiə nazirinin elm və tədris məsələləri üzrə müavini vəzifəsinə təyin olunub. 1957-ci ilin oktyabrında Jukov müdafiə naziri vəzifəsindən uzaqlaşdırılandan sonra isə Vasilevskini də istefaya göndəriblər. Qeyd edək ki, Jukovla Vasilevski quda olublar, Vasilevskinin oğlu Jukovun qızı ilə ailə qurub.

İstefaya çıxdıqdan sonra Vasilevski memuarlarını yazmaqla məşğul olub. O, xatirələrində məmurlar arasındakı münasibətlərə xüsusi yer ayırıb:

5776617.jpg (96 KB)

“Xidmət etdiyim illər ərzində heç kimlə konfliktdə olmamışam. Əgər məndən soruşsalar ki, nə vaxtsa hansısa bir generala cəza tətbiq etmisəm, cavab verərəm ki, bəli, hətta hərbi tribunala da vermişəm. Amma bu konflikt demək deyil. Cəza ilə konflikt fərqli anlayışlardır. Baş qərargahda xidmət etdiyim dövrdə heç kimə imkan verməmişəm ki, qərargahın işinə müdaxilə etsin. Yalnız səlahiyyəti olanların müdaxiləsinə icazə vermişəm. Stalin kimi mürəkkəb və ziddiyyətli bir şəxslə uzun illər işləmək, hər gün təmasda olmaq çox da asan məsələ deyildi. Mən bunu dövlət maraqlarından çıxış etdiyim üçün bacarmışam. Stalin yaxşı bilirdi ki, istənilən bir məsələdə mənim heç vaxt şəxsi marağım olmayıb. O ki qaldı Xruşovun mənə qarşı etdiyi haqsızlıqlara, onsuz da mən ondan yaxşı heç nə gözləmirdim. Bir faktı qeyd etmək kifayətdir. 1957-ci ildə Xruşovu devrirmək istəyəndə onun hakimiyyətdə qalmasının əsas səbəbkarı Jukov oldu. Elə həmin ildə də Xruşov Jukovu vəzifəsindən azad etdi. Tarix hər şeyə qiymət verəcək. O cümlədən baş katib kürsüsünə təsadüfən sahib olan, bütün SSRİ-ni qarğıdalı sahələrinə çevirmək istəyən Xruşova da…”

Bəli, marşal Aleksandr Vasilevskinin adı SSRİ-nin hərb tarixinə Tuxaçevskidən, Budyonıdan, Voroşilovdan, Jukovdan, Rokossovskidən, Konyevdən və digər marşallardan fərqli olaraq sadə, öz işini mükəmməl bilən, siyasi konfliktlərdən uzaq olan böyük sərkərdə kimi həkk olunub.

Aleksandr Vasilevski 1977-ci ildə, 82 yaşında vəfat edib. Musavat.com

BIR CAVAB BURAXIN