Rusiya prezidenti Vladimir Putin ölkəsinin yeni silah növlərinə ehtiyacı olduğunu söyləyib.
Arazinfo.com-un Mediainfo.az-a istinadən verdiyi xəbərə görə, bununla əlaqədar Hərbi-sənaye komissiyasının iclasında çıxış edən Putin: “Ordumuza yeni, daha müasir və böyük dağıdıcı gücə malik olan silahlar lazımdır. Bu silahlar xaricdəki analoji silahlardan daha üstün olmalıdırlar. Ona görə də hərbi sənaye kompleksi yeni növ silahlar üzərində işi davam etdirməli və bu sahədə ölkəmizin daha böyük üstünlüyə malik olmasını təmin etməlidir”,-deyib.
Hərbi ekspertlərin fikrincə, Putinin bu açıqlaması Rusiyanın sürətli silahlanma yolu tutduğunu göstərir. Öz növbəsində Karneqi mərkəzinin Daxili siyasət proqramının rəhbəri Andrey Kolesnikov “Exu Moskvı”ya verdiyi açıqlamasında deyib ki, yeni silah növlərinin hazırlanması ilə bağlı Rusiyanın dövlət büdcəsində pul yoxdur. Onun sözlərinə görə Putin belə bir tapşırığı sadəcə olaraq öz reytinqini qaldırmaq üçün verib.