“Putini bu məsələ maraqlandırmır, Moskva istəyir ki, qoşunlarını Qarabağa yeritsin…”

0
730

Nüfuzlu rusiyalı politoloq, Kremlə müxalif Andrey Piontkovski hesab edir ki, Rusiya payızda Gürcüstanı hərbi fəaliyyət hədəfinə çevirəcək və Qarabağ ətrafında vəziyyəti kəskinləşdirəcək.

Virtualaz.org xəbər verir ki, Piontkovski Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın Gürcüstana müdaxiləsinə mümkün səbəb kimi bu ölkədə keçiriləcək seçkiləri göstərib. Onun sözlərinə görə, oktyabrın əvvəllərində Gürcüstanda keçiriləcək seçkilərdə Putinin agenti İvanişvilinin qondarma koalisiyası uduza və Mixail Saakaşvilinin partiyası səslərin əksəriyyətini toplaya bilər. “Bu, Rusiya üçün tamamilə qəbuledilməz variantdır”-politoloq deyib.

Piontkovskinin fikrincə Putin mümkün olan hər şeyi edəcək ki, bu ssenarinin qarşısını alsın. O, Qarabağ ətrafında vəziyyətin kəskinləşməsini də bununla izah edir. “Moskvanın həm Bakıda, həm İrəvanda agenturası var. Kreml orada vəziyyəti asanlıqla mürəkkəbləşdirə bilər”-politoloq bildirib.

Politoloq deyir ki, Putini Qarabağ münaqişəsinin nizamlanması deyil, Bakıya və İrəvana təsir göstərmək üçün münaqişənin idarə olunması maraqlandırır.“Hazırda Moskva Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi ideyasını yürüdür. Onlar Qarabağdakı təmas xəttinə leqal olaraq öz qoşunlarını yerləşdirmək istəyirlər”-politoloq vurğulayıb.

Piontkovski xatırladır ki, Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasına çıxışı quru yoluyla ancaq Gürcüstan üzərindən mümkündür. Ona görə də sonradan bu məsələ qoyulacaq. “Əgər Moskva hərbi kəskinləşməyə gedəcəksə bunu əsasən Gürcüstanda ona sərf etməyən ssenariyə görə edəcək”-o deyib.

BIR CAVAB BURAXIN