Prezident İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşüb

0
747

Aprelin əvvəlində cəbhə xəttindəki vəziyyət bu gün  prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşündə diqqət mərkəzində olub. Ölkə başçısı bəyan edib ki,  biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Gözlənildiyi kimi, Angela Merkellə danışıqlarda eyni zamanda Almaniyanın bir neçə gün əvvəl qondarma soyqırımı tanıması məsələsi də diqqətdən kənarda qalmayıb.

Prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolları diqqət mərkəzində olub. Merkel deyib ki, münaqişənin diplomatik və sülh yolu ilə həllini, tərəflərin danışıqlar masasına əyləşməsini istəyirik.

Almaniya kansleri  Angela Merkel isə deyib: “Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.

Prezident İlham Əliyev isə vurğulayıb ki, xanım kanslerlə bugünkü görüş həm ikitərəfli, həm də regional məsələləri müzakirə etmək üçün gözəl imkan yaradıb: “Mən əminəm ki, Azərbaycan – Almaniya münasibətlərinin inkişafı bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Təbii ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi müzakirələrimizin əsas məqamlarından biri idi. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmasına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ehtiyac var”.

«Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olunmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllini istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Həmin vaxt ermənilər tərəfindən 8 mülki vətəndaş öldürüldü. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda qıcığa səbəb olmur. Lakin bu, Ermənistanda əks effekt doğurur”, – deyə dövlət başçısı fikrini ifadə edib.

Prezident bir neçə gün əvvəl qondarma soyqırımı tanıyan Almaniyada ermənilərin törətdiyi Xocalı soyqırımından danışıb. Dünyanın 10 ölkəsinin soyqırımı tanıdığını xatırladıb. Kansler isə Bundestaq üzvlərinin azad olduqlarını deyərək Türkiyə tərəfinin ittihamlarının anlaşılmaz olduğunu bildirib.

Görüşdə  Azərbaycandakı siyasi vəziyyət də müzakirə edilib.

BIR CAVAB BURAXIN