Bu gün, fevralın 1-də Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı binalara sayğacların quraşdırılması kütləvi etiraza səbəb olub.
Verilən xəbərlərə görə, günortaya yaxın məcburi köçkünlərin qapılarını “Azərişıq” ASC-nın nümayəndələri döyüblər. Onlar sayğac quraşdırmaqdan ötrü gəldiklərini bildirdikdə məcburi köçkünlərin etirazı başlayıb.
Məcburi köçkünlər Sabunçu rayonu Pirşağı qəsəbəsindəki Qızılqum, Gilavar, Məşəl, Tonqal, Lalə və başqa düşərgələrdə məskunlaşıblar.
“Azərışıq” ASC-nin onlarla əməkdaşı Qızılqum, Gilavar düşərgələrində sayğac quraşdırmaq istəyiblər. Yüzlərlə sakin kommunal xidmət haqları ilə bağlı indiyədək tətbiq olunan limitin ləğv edilməsinə, sayğacların quraşdırılmasına etiraz ediblər.
“İndiyədək burda günlərlə, həftələrlə istilik olmayıb. İşıq verilməsində davamlı problemlər var. Baxmayaraq ki, yeganə istilik vasitəmiz də işıqdır. İndi soyuqda, qarda basa-basa gəlib sayğac quraşdırmaq istəyirlər. Quraşdırma zamanı da bir neçə gün işığın verilməsində problem olacaqmış. 36 manatla bu xərcləri necə ödəyəcəyik? O vəsait heç 10 günə kifayət etmir”, etiraz edən sakinlərdən biri bildirib.
Onlar sayğac quraşdırılmasına imkan verməyəcəklərini söyləyiblər, əvvəlki güzəşt limitlərinin bərpa edilməsini tələb ediblər.
Əraziyə post-patrul xidməti əməkdaşları, polis cəlb edilib. Etiraz edənlərlə “Azərişıq” ASC və polis əməkdaşları arasında qarşıdurma baş verdiyi bildirilir.
Pirşağıdakı məcburi köçkün düşərgələrində hazırda narazılığın davam etdiyi bildirilir.
Xatırlatma
Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.
Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.
Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.
Sərəncamda həmçinin, məcburi köçkünlərin məskunlaşdığı tikililərin sayğaclaşdırılması da nəzərdə tutulub.