“Özüm gəlməsəm də, pişiyimi göndərəcəyəm”

0
966

 

Dünən tanışlarımdan birinin üzərində iki pişik şəkli olan dəvətnaməni mənə çatdıranda heç nə anlamadım. Dedim, yəqin indi dəvətnamələr bu şəkildə olur. Elə bu səbəbdən də çox dərinə getmədim. Amma yüksək keyfiyyətli kağızdan hazırlanmış və indiyədək gördüyüm dəvətnamələrdən həm dizayn, həm də keyfiyyət baxımından fərqlənən bu dəvətnaməni oxuyanda gözlərimə inanmadım: “Sizi Məstan və Məstanənın toy məclisinə dəvət edirik. Bu xosbəxt günümüzü bizimlə bolüşməkdən sevinc duyarıq”. Öz-özümə dedim, axı mənim tanıdığım bu şəxsin əsil-nəsilində bu adda adamlar yoxdur… Az sonra düşündüm: “Yəqin, məni hansısa tanışının toy məclisinə dəvət edir”. Buna rəğmən, yenə sakitləşmədim. Odur ki, dəvətnamə göndərən dostuma zəng etdim və salam-kəlamdan, üstəlik, təbrikdən sonra soruşdum:

– Bir məni başa sal görüm, bu Məstanla Məstanə kimdir axı…

– Bizim pişiklərdir də… Onlara toy edirəm, gəlməsən, özüm ölüm demirəm, sən öl, inciyərəm.

– A kişi, sənin başına hava gəlib nədi? İlin-günün bu vədəsində bu nə hoqqadır çıxarırsan?

Bu sualımdan sonra dostumun səsi bir qədər dəyişdi:

– Hoqqa çıxarıram? Ə, hoqqa niyə olur? Bir də… camaat yüz hoqqadan çıxır, amma onlara kimsə güldən ağır bir söz demir… Amma növbə mənə çatanda… Odur e, bir neçə gün öncə Goranboyda yaşayan bir həmkarım Amon və İsida adlı itlərinə toy etmədimi? Heç bilirsən, həmin məclis necə şən keçdi? Hətta məclisə aşıq da təşrif buyurmuşdu. Aşıq elə məclisdəcə “Amon və İsida” dastanını da söylədi. İnanıram ki, o dastan tezliklə bütün ölkədə dillər əzbəri olacaq. Mən hələ məclis əhlini demirəm. Heç bilirsən, nələr dedilər? Onlardan biri Amonun sədaqətindən, vəfasından söz açarkən hətta dedi ki, bəs “it demə, o dəxi bizim birimiz”. İsidanı isə dünya gözəlləri ilə müqayisə etdi. Bir sözlə, itlərin şərəfinə o qədər sağlıqlar deyildi ki, gəl görəsən… Gələrsən, sən də bir sağlıq deyərsən, Məstan və Məstanəyə xoşbəxtlik arzulayarsan… Ölürəm də sənin sağlıqlarından ötrü…

Bu yerdə tanışımın sözünü kəsib:

– Ə, məni ələ salmısan? – dedim.

– Vallah-billah, yox… Bu olan hadisədir, aç bax da sosial şəbəkələrə… İndi hamı həmin toy məclisindən danışır. Mən də dedim ki, bəs həmin həmkarımdan niyə geri qalmalıyam? Amma, dostum, mən həmin iş adamından fərqli olaraq, itlərin, pişiklərin, bir sözlə, heyvanlar aləminin xiridarı kimi ad çıxarmış Elza xanımı da pişiklərimin toy məclisində görmək istəyirəm… Hə, nə deyirsən? Gəlməz? Vallah, gələr. A kişi, məgər indiki zəmanədə hər şeyi pul həll etmir?

Tanışımın sözünü kəsib: “Elə ona görə də bu gündəyik də…” demək istədim. Amma dinmədim. O isə davam edirdi: “Məndə olan məlumata görə, bu boyda Bakıda heyvanlar aləmi üçün bir şadlıq sarayı yoxdur. Bu isə onların hüquqlarının kobud şəkildə pozulmasıdır. Bir dəli şeytan deyir ki, Məstan və Məstanənin toyundan əldə edəcəyim vəsaitlə belə bir şadlıq sarayı tikdir, ver heyvansevərlərin istifadəsinə. Hə, buna nə deyirsən? Nə isə, deyəsən, mətləbdən uzaqlaşdım axı: sən gələcəksən?”

– Özüm gəlməsəm də, pişiyimi göndərəcəyəm, – deyib telefonu söndürdüm.

BIR CAVAB BURAXIN