Ölüsünə ehsan vermək, yoxsa ölüdən qazanc əldə etmək?

0
615

 

Tarixboyu Azərbaycanda vəfat edən şəxsin kimliyindən asılı olmayayaraq ona hörmətlə yanaşıblar. Bu çərçivədə də vəfat edən üçün məclis qurulub ki, gəlib-gedən haqqın rəhmətinə qovuşanın ehsanından yeyərək mərhuma “Allah rəhmət eləsin”, desin. Yadımdadır, əvvəllər öncədən evdə olan qocanın vəfat edə biləcəyini nəzərə alaraq ehsan vermək üçün bir iribuynuzlu heyvan və bir də ehtiyatda hökmən kəfənlik saxlayardılar. Bu ehsanlıq heyvan belə demək mümkünsə vəfat edəcək insanın sağ qalanlar qarşısında vəfa borcu, onlarla halallaşması, sadə ifadə ilə desək, “sağlığımda qazanaraq qoyub getdiyimdən yeyin, halal xoşunuz olun, son dəfə məni yad edin” anlamına gəlirdi. Təbii ki, ehsan verməyə imkanı olmayanların yasını qonşular yola salırdı. 3 gün ərzində qonşu evlər növbə ilə vəfat edən şəxsin evinə yemək göndərərdilər ki, yasını yola verə bilsin. Əslində bu çox gözəl adət-ənənə idi və o vaxt yenə də kobud şəkildə desək vəfat edənə indiki kimi qazanc mənbəyi kimi baxmırdılar. Təssüflər olsun ki, tədricən bu adət-ənənə xoşgəlməz istiqamətdə dəyişməyə başladı. Xüsusi ilə son 20-25 ildə imkanı olan da, olmayan da bir-biri ilə yarışa girirmiş kimi vəfat edənə dəbdəbəli ehsan verməyə çalışır. Bu tədricən günümüzün ən iyrənc, insanı diksindirən qeyri-sağlam həyat normasına çevrilməkdədir. Belələrindən elələrini tanıyıram ki, anası və ya atasına sağlığında heç əməlli-başlı hörmət də etməyib, onunla övlada layiq olmayan şəkildə davranıblar. Amma o vəfat edəndən sonra özünü atasını və ya anasını sevirmiş kimi özünü gözə soxmağa, ona dəbdəbəli ehsan verməyə, bununla da kimlərinsə gözlərinə kül üfürməyə çalışıb. Ancaq bu, ölüsünə dəbdəbəli ehsan verilməsi ilə bağlı məsələnin belə demək mümkünsə hələ yumşaq tərəfidir. Ehsan mərasimi ilə bağlı günümüzdə yayılan ən xoşgəlməz və əksər insanları diksindirən amil ölü sahibinin ehsan verilən çadırdan və ya otaqdan çıxan qapının ağzına əli dəftərli pul yığan qoymasıdır. Adama el gəlir ki, rəhmətə gedənin xatirəsini yad etməyə, onun yaxınlarına başsağlığı verməyə deyil, toya getmisən və yeyəndən sonra hökmən də pulunu verməlisən. Vallah, belə hala bəlkə də Azərbaycan istisna olmaqla dünyanın heç yerində rast gəlmək mümkün deyil… Adama deyərlər ki, əgər imkanın varsa ölünə ehsan ver, gəlsinlər bir stəkan çay içsinlər və süfrəyə qoyduğundan bir tikə yesin, sonra da mərhumun ruhuna rəhmət oxusun və dursun getsin. Axı ehsan tarix boyu vəfat edənin qazancından sağ qalanlara verilən yemək, onlarla sağollaşmaq, anlamına gəlib. Ehsan heç vaxt nə dinimizdə, nə də mili adət-ənənələrimizdə qazanc mənbəyi hesab edilməyib. Amma indi tərsinə olub və ölü sahibi vəfat edənə təmtəraqlı ehsan verməklə onun xərcini ikiqat, üçqat yas məclisinə başsağlığı verməyə gələnlərdən çıxır. Bu yaxınlarda köhnə tanışlarımdan biri qonşusunun oğluna xarici maşın aldığını söylədi. Onun ortadan da aşağı səviyyədə yaşayan qonşusunu yaxından tanıyırdım və xarici maşın ala bilmə imkanının olmadığını da yaxşı bilirdim. Ona görə də maraq mənə güc gəldi, soruşdum ki, bəs onun imkanı yox idi, bu qədər pulu haradan tapıb. Tanışım da sakitcəsinə cavab verdi ki, anası rəhmətə getmişdi, ehsandan yığılan pulla aldı. Bunu eşidəndə matım-mutum qurudu, deməyə söz tapmadım. Oxşar hadisə qonşumuzda imkanı olan digər bir nəfərin atası rəhmətə gedəndə də baş vermişdi. Özünün dediyinə görə, 500 qoyunu, 50 baş iribuynuzlu heyvanı, Aran rayonlarından birində 50 hektar torpağı, Masazırda iki yerdə iki mərtəbəli villası olan qonşum başsağlığı verməyə gələn, ancaq ehsan məclisindən çıxanda pul yazdırmayanlarla bir müddət danışmadı. Bu məsələnin üstündən xeyli ötəndən sonra qonşum mənə narazılıq etdi ki, bəs bəziləri vəfat edən atama hörmətsizlik etdilər, yasda yedilər,çıxanda pul atmadılar. Dedim ki, kasıb deyilsən, atanın qoyub getdiyindən ehsan verməliydin, pul da almamalıydın. Qayıtdı ki, müəllim, hamı belə edir, bunun günah məndə deyil ki… Onun dediyindən belə çıxdı ki, hamı ehsana qazanc mənbəyi kimi baxır. Düzdür, son illərdə bu xoşagəlməz halların qarşısını almaq üçün rəsmi səviyyədə bəzi tədbirlər həyata keçirilib. Ancaq yenə də qazanc məqsədi güdən dəbdəbəli ehsan məclisləri davam edir. Bu da cəmiyyətin mənəvi baxımdan aşınmaqda olduğunu göstərir. Əgər cəmiyyət ölüsünə də qazanc mənbəyi kimi baxmaqda davam edərsə, onda bu, bizi fəlakətə sürükləyəcək…

BIR CAVAB BURAXIN