Oğlumu 3000 dollara əsgərliyə necə göndərdim.

0
564

Patronlar

 

 

 

 

 

 

 

Başqalarına da ibrət olsun deyə, oğlumu əsgərliyə necə göndərməyimin tarixçəsini siz dəyərli həmvətənlərimə, xüsusilə də, gənclərə və analara danışmaq istəyirəm

Anası (ağsaqqallardan üzr istəyirəm) tez-tez .: “uşağı hara saldıracaqsan?”. Mən də cavabında : “mən uşaqsaldırma idarəsində işləmirəm, hara  düşsə orda da xidmət edəcək”–deyə, yola verirdim.

Oğlum isə, bu barədə mənimlə bir başa danışmaqdan çəkinirdi. Mövqeyimi, xasiyyətimi bilirdi.

Bir gün gəldi ki: “ata, məhlə uşaqları soruşurlar ki, atan səni hara saldırıb, cavab verə bilmirəm”.

Gördüm  mənim də oğlum, bir çoxları kimi, namussuz bir yolla xidmət etməyə yönəlir.

Bir yandan “ana məhəbbəti”, bir yandan pozulmuş ictimai əxlaq övladımı istədiyim kimi böyütməyə imkan vermir.

Dedim: “Oğlum,  zamanı gələndə saldıracağam, atan ölməyib ki”.

Üç gün qalırdı yola düşməyinə. Rayonumuzun hərbi komissarı dostum idi. Hara desəm, ora da düşməyinə kömək edə bilərdi. Başqa imkanlarım da var idi. Komissardan soruşdum: “Hara göndərirsiniz uşaqları?”. Dedi: “Ya Beyləqan, ya Tərtər, ya da Şəmkirə gedəcəklər.”

Həmin gün həyat yoldaşıma: “Danışmışam, iki min dollar da verib əla yerə saldırmışam. Oğlumuz ya Beyləqan, ya Tərtər, ya da Şəmkirə gedəcək”–deyə, onu muştuluqladım.

Anasının uçmağa qanadı olmadı o gün.  Axı onun əri, oğlunun atası kişi kimi hərəkət etmişdi. Oğluna sahib çıxıb onu istədiyi rahat bir yerə saldırmışdı.

Oğlumun yola düşməyinə bir gün qalmış, komissar dostumdan sabah gedən uşaqların hara düşəcəyini soruşdum. Dedi ki, Şəmkirə gedəcəklər. Mən də öz növbəmdə, ərinin kişiləşməyindən fərəh hissi keçirən həyatımın bu xoşbəxt qadınına xəbər apardım: “Tərtər və Beyləqan çox isti olur. Oğlumuz əziyyət çəkməsin deyə, 500 dollar da verib Şəmkirə saldırdım”.

O gün uşaqların anasının mənə göstərdiyi diqqət və qayğını 30 illik ailə həyatımızda görməmişdim. Ürəyimdə dedim, kaş 30 oğlum olaydı, onları əsgər göndərəndən göndərənə beləcə kef çəkərdim bütün həyatım boyu.

Biləcəridə yola salma mərasiminə ailəlikcə getdik. Uşaqları aparmağa gələn əsgəri kənara çəkib soruşdum ki, Şəmkirdə hara düşəcək oğlum? Dedi: “Əmi, Şəmkirdə qalmayacaqlar, Tovuza, Əlibəyliyə gedəcəklər oradan”.

Mənim əsgərlə söhbətimi məşhur Gebbelsin əməkdaşları kimi altdan-altdan izləyən həyat yoldaşım, əsgərdən ayrılcaq, nəfəsimi dərməmiş,  qırğı kimi başımın üstünü aldı. Gözlərindən axan qayğıkeşliklə dolu suallar və ana məsuliyyəti məndən nəsə eşitmək istəyirdi.

Mən də: “Şəmkirdə su yox, göl yox, çay yox, meyvə yox, üzüm yox, xurma yox. İlan mələyir, qorxulu yerdir. Oğlumuzun gələcəyindən narahatam, ona görə də, 200 dollar da verib uşağı saldırdım Tovuza. Tovuz çox səfalıdır, yaşıllıq zonasıdır, oğlumuzun yanına gedəndə ailəlikcə gedib həm də dincələrik”–deyə,  onun gözündə öz əzəmətli kişi heykəlimi bir qədər də ucaltdım.

O anda bu əzabkeş qadının mənə zillənən, sevinc yaşları ilə allanan baxışlarını ömrüm boyu unutmaram.

5 avqust 2007-ci il.

Elnur Məmmədov - Sırada

Ortancıl oğlum: Elnur Məmmədov, əsgərliyə getdiyi gün!

Oğlumuzun andiçmə mərasiminə getmək istəmirdim. Çünki mən 1978-1980-ci illərdə Sovet Ordusunda andiçmə mərasimində iştirak edəndə ailəmdən 3000 km aralıda idim. Valideynlərim harada olduğumu, nə etdiyimi bilmirdilər. Yüz minlərlə həmvətənim kimi,  İki il ev üzü, ata-ana üzü görmədim,

Ancaq yaxşı ki, getdim oğlumun andiçməsinə. Əlibəyli çölündə daşdan, çınqıldan  çox maşın var idi. Çoxu da Bakı nömrəsi ilə.

Mərasim bitdi. Gördüm oğlum bizimlə gedən xalası oğlunu kənara çəkib nəsə pıçıldaşırlar, qızğın müzakirə gedir. Xalası oğlunu yanıma çağırıb soruşdum: “nə danışırsınız, nə olub?”. Dedi : “dayı, burda mənim yaxın dostlarım var, icazə ver danışım, Elnuru saldırım ştaba, orada  qulluq etsin, yoxsa səngərə aparacaqlar.”.

Hitler kimi gözlərimi bərəldib dedim: “Get işinlə məşğul ol, mən ona-buna iş düzəldəndə sən anadan olmamışdın. Atası ölməyib ki, briqada komandiri mənim uşaqlıq dostumdur (komandirin kim oluğunu indi də bilmirəm), özüm danışacağam.”

Əsgər anası həyacan və intizar dolu baxışlarla kənardan yenə  də bizi izləyirdi.  Onu sevindirəcək, əri haqqında olan kişilik təsəvvürlərini gücləndirəcək cavab gözləyirdi. Mən də cavab verməyə, onun ümidlərini doğrultmağa məhkum idim.

Sifətimə işgüzar, qayğılı görüntü verib, sürətli addımlarla girdim ştaba. Növbətçi əsgərdən saatı soruşdum, kefiylə maraqlandım. Yanımızdan keçən bir zabitdən haralı olduğunu soruşdum. Divardakı lövhələrə baxdım və beş dəqiqədən sonra, Parisə at üstündə qalib kimi girən  Napoleon ədası ilə yoldaşıma yaxınlaşdım: “Şükr, hər şey qaydasına düşdü, 200 dollar da verib uşağı ən yaxşı yerə saldırdım, indi tam rahat ola bilərik.”

Təbii ki, həmin anda ömür-gün yoldaşımın mənə zillənmiş məhəbbətli, sevgi dolu, qayğıkeş baxışlarını sizə təsvir etməyə sözün gücü yetməz. Axı, bütün ömrü boyu bir dəfə də rüşvət verməyən və belələrinə də nifrət edən əri 3000 dollar rüşvət vermişdi oğlunu yaxşı yerə saldırmağa.

Bu prosesdə, sözün  düzü,  hərdən qəribə hisslər keçirirdim. Sanki, bu uşağın mənimlə heç bir bioloji əlaqəsi yoxdur, atası mən deyiləm, nədənsə, anası onu düşünür, mənsə özümü “düşünürmüş” kimi aparmağa məcburam.

Təəssüf ki, bütün Azərbaycan analarında olan nöqsandır bu: uşağı sanki atalarından çox istəyir və bu istəklərini də qabarıq formada gözə soxmağa çalışmaqla övladlarının tərbiyəsinə ziyan vururlar..

Altı ay keçdi.

Zaman yaraları sağaldır. Qəlblərin ən yaxşı məlhəmi də zamandır. Dərdləri unutduran da odur. Sevgini isə yox. Bu müddətdə xanımımın mənə olan məhəbbəti, etdiyim bu qəhrəmanlıqdan dolayı, təsvir edilməz dərəcədə artmışdı. Altı aylıq cənnət ezamiyyətində oldum sanki.

Bütün ailə üzvlərimi: 4 nəvəmi, kürəkənimi də götürüb, bacım oğlunun “CİP”i  ilə əsgər balamın yanına yola düşdük.

5 vedrə bozartma mal əti, 300 manatlıq dərman və sair götürmüşdüm özümlə.

Çatdıq Əlibəyliyə. Axtarmağa başladıq oğlumuzu. Əvvəl öyrəndim ki, “Fındıqlı postu”ndadır. Ora yaxınlaşanda dedilər ki, daha da irəli – dağın zirvəsinə “Sulu postu”na göndəriblər.

“Post” adını eşitdiyi andan yoldaşımın Bakıdan çıxanda sahib olduğu gül çöhrəsi avazımağa başlamışdı.

Mənsə qürurla addımlayırdım, Avropanı lərzəyə salan Atilla kimi.

Deyilən dağın ətəyindən xəbər göndərdik. Cavab gəldi ki, yarım saatdan sonra Elnur aşağı yenəcək, dağın döşünə, biz də ora qalxaq. Bacım oğluna məxsus “CİP”i dağla qucaqlaşmağa məcbur etdim. Dırmaş ki, dırmaşasan.

Elnur Məmmədov - sərhəddə

Elnurla 6 aylıq həsrətdən sonra ilk görüşümüz.

6 aylıq həsrətə son qoyuldu. Əlləri cadar-cadar, hisli-paslı, yerişi isə qalib sərkərdə yerişi olan oğlumuz bizə… anasına yaxınlaşdı. O anda mənim həyacanımı ölçə biləcək bir cihazın yoxluğuna tam əminəm. Səbəbi yəqin sizə də aydındır.

Mən maşını saxlamağa yer axtarırdım ki, oğlum: “ata, ay ata,  çox kənarlara çıxma, minalıdır”— deyə, uyardı. Mən tez anasının diqqətini yayındırmaq üçün:  ”Mina xalan da yaxşıdır, oğlum,  salamı var”—deyə, söhbəti azdırmağa çalışdım  Xoşbəxtlikdən qonşumuzdakı dükanda işləyən satıcılardan birinin adı Mina idi. Adına qurban olum, ay qonşu, özün olmasan da adın kara gəldi yenə.!

Maşını təzəcə söndürüb düşmək istəyirdim ki, zabit geyimli bir nəfərin çığıra-çığıra, əl-qol hərəkətləri edə-edə bizə tərəf qaçdığını gördüm. Yazığın az qala dili ağzından çıxmışdı.

“Əmi, qurban olum, yerinizdən tərpənməyin, burda hər yer minalıdır. Elnur, sən nə ağılla camaatı bura gətirmisən?”—deyə, oğluma təpindi. Baş verənlərdən heç nə anlamayan həyat yoldaşım yavaş-yavaş, Napoleona oxşayan ərinin heç Keçəl Həmzə də olmadığı haqqında şübhələrə düşməyə başlamışdı, ancaq hələ büruzə vermir, dinmir, danışmırdı.  Baş verənləri  heç bir mənası olmayan baxışları ilə çarəsiz-çarəsiz süzürdü.

Hamı yerində donub qaldı.  Gələndə maşının saldığı təkər izləri ilə addımlaya–addımlaya uşaqlar 100-150 metr aşağı düşdülər. Mən də komandirin işarələrinə uyğun olaraq maşını asta-asta arxaya verib minalanmış sahədən uzaqlaşdım.

O anda keçirdiyim hissləri təsvir etməyə söz acizdir. Sanki yenidən doğulmuşdum bu həyata.

Qorxu və həyacan tərimi qurulayıb, kababları kürəkənimin qaladığı ocağa döşəməyə başladım. Ancaq, bir gözüm onda idi: Napoleon və Keçəl Həmzə arasında seçim etməkdə zorlanan  o cəfakeş qadında.

Sürəkli atəşlərin nə vaxt açılacağı düşüncəsi məni həyacanlandırır, bir azərbaycanlı kişisi kimi əsməcəyə salırdı. Əllərim titrədiyindən, kababları çevirəndə bir neçə dəfə barmaqalrımı da az qala yandırmışıdm.

Yaxşıca yeyib, çay içəndən  sonra oğlum  həmişəki ədəbiylə, çəkinə-çəkinə: “Ata, bir şey soruşa bilərəmmi?”- deyə, gözümün düz içinə baxdı.  “Soruş oğlum ürəyin nə istəyir, ata  elə soruşmaq üçündür bala.”–deyə, qürurlu görkəm aldım.

Elnur Məmmədov - artileriya

Ortancıl oğlum: Elnur Məmmədov

“Məni bura saldırmaq üçün nə qədər almışdılar səndən?”

“3000 dollar. Nə olub ki, nəyinə lazımdır bu sənin?”

Cavaba sual əlavə etməklə səhv buraxdığımı anlamışdım. Ancaq artıq gec idi, ox yayından çıxmışdı.

“Heç, yerim yaxşıdır. O alçaqlar səni aldadıblar, ata. O üç mini verməsəydin, məgər məni dığaların arxasına, Xankəndinə atacaqdılar? Qayıdanda get pulunu al. Evə gələndə verərsən özüm xərcləyərəm. Ermənilərlə aramızda söyüş eşidiləsi qədər bir məsafə var. Hər gün atışırıq.”

Mən keçirdiyim sevinc və qürur hissindən kar olmuşdum elə bil. Onun dodaqlarının tərpəndiyini görsəm də , fəxrlə hərbi xidməti barədə dediklərini anlamırdım, keyimişdim sanki.

“O”nun  da keyidiyini hiss edirdim. Mənə artıq Atilla, Napoleon kimi baxmayan gözlərində, baxışlarında bir qeyri-müəyyənlik, təəccüb, qorxu qarışıq həyacan hiss edirdim. Dinib danışmırdı. Şokdaydı.  Əsl  “şok, şok, şok” manşeti ola biləcək görkəmi var idi.

Ancaq oğlum, deyəsən, hər şeyi anlamışdı, sadəcə olaraq, anasının yanında məni qırmaq istəmir, həyatımı təhlükəyə atmaq, bundan sonrakı ömrümü zəhrimara döndərmək istəmirdi.

Dedim: “Oğlum, kişi kimi cavab ver, düzmü etmişəm, səhvmi?”

Elnur Məmmədov - Əsgərlikdə

Ortancıl oğlum: Elnur Məmmədov

“Ata, qadan alım,  əlbəttə düz etmisən. Bilirsən nə qədər şey öyrənmişəm. Əbdül əmimin intiqamını çoxdan almışam, ata.”

Əmisi Əbdül Məmmədov Sədərək döyüşlərində onurğasından yaralanaraq birinci qrup əlil olub, 23 ildir əl arabasında yaşayır.

O fərəhlə danışırdı: ” İki gündən bir PŞK ilə erməni kəndlərini gülləbaran edirəm. Hər atışmadan sonrakı gün qəbirstanlıqlarına gedən adamları görəndə, bilirik ki, gəbəriblər. ”

O, xidmətindən ağız dolusu  danışdıqca, oğlumun gözlərim önündə necə böyüdüyünü, əsl kişi olduğunu görürdüm.

Bastiliyanın fəthindən  qayıtdıqdan sonra həyat yoldaşımın, əksər Azərbaycan qadınları kimi, mənim başıma gətirdiyi müsibətləri  təsəvvür etdiyinizə görə, bu barədə uzun-uzadı yazıb  qiymətli vaxtınızı almayacağam. Burnuma qoyulan duzlu su hələ də göynədir.

Çalxan Məmmədli

Kiçik oğlum – Çalxan Məmmədli

Ancaq onu da xatırladım ki, həmin il məni, oğlumu “saldırmadığıma” görə,  qınayan bir prokuror dostum tək övladını Bakı şəhərinə saldırmışdı. Evlərinin düz yanına.  Adı xidmətdə gedir, özü isə hər gün evlərində olurdu. Növbəti belə gəlişlərinin birində məhləmizdə maşın vurub öldürdü. Xidməti yarımçıq qaldı, ömrü kimi.

Dostum da sonsuz qaldı, borcunu düzgün anlamayan vətəndaş kimi.

Heç kim unutmasın ki, taleyi yazan ALLAH(c.c)dır. Azərbaycanın hər yeri VƏTƏNdir.

Düşmən gələndə, kimin varlı, kimin kasıb, kimin vəzifəli, kimin vəzifəsiz olduğuna baxmayacaq.

Azərbaycan analarına isə, xüsusilə demək istəyirəm: uşaqlarınızı əsl hərbi xidmətdən yayındırıb, onları qız kimi böyütməklə, öz şəxsi həyatınızı təhlükəyə atırsınız.

Erməni əsirliyinə düşüb namusunuzu itirməkdəndirsə, övladınızı itirsəz, şəhid versəz daha yaxşıdır.

Ancaq unutmayın: hər şey ALLAH(c.c)ın hökmüylə baş verir.  Rejimin yaratdığı  mənəviyyatsızlığa uymayın, bu çirkaba bulaşmayın, bu bataqlığa batmayın.

Vətən: namussuzların, rüşvətxor və korrupsionerlərin  yox,  bizimdir, Xalqındır. Biz övladlarımızı kişi kimi, döyüşçü ruhunda böyütməliyik.

Təkrar edirəm: taleyi yazan ALLAH(c.c)dır.

Mənim dostum sonsuz qaldı.

Hər dəfə məni görəndə : “kaş mən də sənin kimi uşağı uzağa göndərərdim, anası məni məcbur etdi” — deyir.

Uşaqlarının faciəli, ucuz, urvatsız  ölümündən sonra dostumun ailəsi dağıldı, boşandılar.

Özü evlənib bu yaxınlarda. Keçmiş xanımının isə başına hava gəldi.

Eşitdiyimə görə, hava şəraitindən asılı olmayaraq, yayın istisində, qışın şaxtasında, yağışlı, çiskinli, dumanlı, çənli havada, hər gün oğlunun qəbri üstündə gecələyir.

Gecələr qəbirstanlıq tərəfdən hərdən qurd kimi ulartı səsləri eşidilir

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten + five =