Neftin qiyməti yüksəlsə belə, manat ucuz qalacaq – Elman Rüstəmovdan açıqlama

0
575

Bir ölkənin milli valyutasının əsas ticarət tərəfdaşlarının valyutaları qarşısında dəyərinin aşağı olması həmin ölkənin rəqabət qabiliyyətini artırır. Məsələn, Çin Yuanın, Türkiyə Lirənin dəyərini aşağı saxlayaraq ixracda üstünlük qazanır.
Əgər əvvəllər Azərbaycan sahibkarı, tutaq ki, xaricdə satdığı 1 dollarlıq məhsula görə, 78 qəpik qazanırdısa, bu gün 1 manat 52 qəpik qazanır. Xaricdə məhsulun satış qiyməti dəyişmədiyi halda, sahibkarın manat ilə ifadədə gəliri artıb. Azərbaycan sahibkarı xaricdə məhsulun satış qiymətini 80 sentə endirsə belə, manat ilə ifadə 1 manat 20 qəpik qazana bilir. Yəni, ucuz manat endirim etməyə imkan verir və bu Azərbaycan məhsulunun beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır.
“Marja” xəbər verir ki, dünən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Manatın ucuz qalacağına işarə edib. Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edərkən bildirib ki, Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək.
Elman Rüstəmov, “milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət” dedikdə ucuz manata da işarə edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasının yollarından biri milli valyutanın dəyərinin aşağı saxlanılmasıdır. Mərkəzi Bankın neftin qiyməti yüksəlsə belə, Manatın həddindən artıq dəyər qazanmasına imkan verməyəcəyi görünür.

BIR CAVAB BURAXIN