Nazim Hikmət Mehdi Hüseyndən niyə küsdü?

0
622

Günlərin bir günü Rasim Qaracadan maraqlı bir təkilif gəldi: “Çingiz Hüseynovla görüşmək istərdinmi?”. Düşünmədən söylədim: “Əlbəttə!” Söz tamama yetər-yetməz Axundov həndəvərindəki köhnə binaların birində buldum kəndimi. Burada Çingiz müəllimin qardaşı yaşayırdı.

 

Biz içəri girəndə tanınmış yazıçı türk kanallarından birinə müsahibə verirdi. Sakitcə əyləşib dinləməyə başladıq. Söz hərlənib-fırlanıb Nazim Hikmətin üstünə gəldi. Bu mövzu telekanal üçün də, Çingiz müəllim üçün də, bizim üçün də maraqlı idi. Çingiz müəllim bir xatirə danışdı.

 

Mehdi Hüseyn Türkiyəyə gedibmiş. Qayıdanda xeyli kitab-dəftər, qəzet-jurnal gətirib özüylə. Səhərin gözü açılmamış zəng edib Çingiz Hüseynova. Zəng edib ki, başını orda islat, AYB-də qırxdır. Öskürdü Çingiz Hüseynov. Boğazını arıtlayıb dedi: “O vaxt çox cavan idim!”

 

Mehdi Hüseyn səfər təəssüratlarına keçməmiş Türkiyədən gətirdiyi kitab-dəftəri səhmana salmağa başlayıb. Bu zaman hardansa Nazim Hikmət peyda olub. Türkiyədən gələn kitabları, jurnalları görəndə özünü itirib, birini götürüb o birini qoyub. Hər götürdüyü kitabı, jurnalı Mehdi Hüseynə göstərib, “Bunu mənə verərsənmi” deyirmiş. Səfər eyforiyasından ayılmayan, başı səliqə-səhman işlərinə qarışdığından “vəziyyəti dəyərləndirə bilməyən” Mehdi müəllim dilinin zəhərli yerinə salıb: “Nazim, indi gəlmişəm, qoy bir gətirdiklərimi yerbəyer eləyim, sonra nə istəyirsən götürərsən. Qaçaqaçdı?! ”

 

Çingiz müəllim də başıaşağı Mehdi Hüsynə kömək edirmiş. Birdən fərqinə varırlar ki, Nazim Hikmət yoxdur. Necə peyda olmuşdusa eləcə də qeybə çəkilib. “Bu necoldu?” – Mehdi müəllimin dalağı sancıb. Baxıblar: böyük şair gün eynəyini otaqdakı pianonun üstündə unudub!

 

Çingiz Hüseynov: “Eynəyi götürüb özümü aşağı atdım, küçə boyu bir aşağı, bir yuxarı qaçdım, ancaq Nazimi tapa bilmədim”.

 

Məncə bu kiçik əhvalat Nazim ömürlüyünün əsl qayəsini özündə kifayət qədər ehtiva edir. O getməyi, arxasında böyük bir boşluq buraxmağı bacarıb həmişə. Sevdiyi qadınların həyatından, ailəsindən, vətənindən, günlərin birində isə bütün nanəcibliklərinə rəğmən dəlicəsini sevməyi və sevdirməyi bacardığı dünyadan eləcə sakit-səssiz, qəflətən, heç kimin gözləmədiyi anda yox olub. Hər dəfə də nələrisə unudub! Hər dəfə də kimsə onun arxasınca yüyürüb, ancaq çata bilməyib (geriye dönmeyi sevmem!). Səbəb sadədir – onu anlamayıblar heç vaxt! Nə kommunistlər, nə millətçilər, nə də və sairçilər. Zaman özü boyda bir Mehdi Hüseyn olub ona qarşı.

 

Məncə, Nazim böyük olmağa can atmır, bunu arzulamırdı. Hər halda şeirlərindən bu nəticəyə gəlmək olur. O, uşaq səmimiyyəti ilə fövqəladə sənətkarlıq nümayiş etdirməyi bacarırdı. Çünki böyüklük onun həyat tərzi, alın yazısı idi. Təsəvvür edin, tərəzinin bir gözündə böyük Türkiyə vardısa, o biri gözündə Nazim Hikmət vardı. Onun barəsində danışanlar bu seçim qarşısında qalırdılar: Türkiyəmi, Nazimmi? Bu məfhumların əslində biri-birinin içində olduğunu çox sonralar anlayacaqdı hər kəs!

 

Nazim Hikmət türkdilli şeirdə epoxa yaratmış yeganə adamdır, deyəsən! Əgər şeirimizdə bir dahi yeri varsa, bu yeri şəksiz, Nazim Hikmətə vermək lazım gəlir.

 

Onun min illik simvollara münasibətini Azərbaycanın böyük yazarı Həmid Herisçi İbrahim peyğəmbərin bütləri dağıtmasına bənzətmişdi. Bəli, hər iki hadisədən sonra insan düşüncəsi hüdudlarını aşaraq sonsuzluq qazandı. Şairlər ilk dəfə öz içlərinin dərinliyindən çıxıb ətrafı yazdılar. Hadisələrə yarıqaranlıq ay işığında deyil, gün işığında baxmağa başladılar. Kitablarda şam və bülbül yox, insan mənzərələri göründü. Şeirimiz sazın və tarın patriarxal hegemonluğunu dəf edib çoxsəsli musiqiyə doğru addımladı, dınqıltıya yox, orkestroya bənzədi.

 

Nazim çağdaş Azərbaycan şairlərindən daha müasirdir. Biz formaca sərbəst şeirə gəlmişiksə də məzmunca simvolikadan aralana bilmirik.

 

…Bir gün bəşəriyyət üçün himn yazılarsa mən aşağıdakı misraları təklif edərdim:

 

Yaşamak – bir ağac gibi tek və hür             

Ve bir orman gibi kardeşcesine…

 

Təklif edərdim və məncə hamı razılaşardı. Şərif Ağayar

BIR CAVAB BURAXIN