NATO ölkələri silahlanma yolu seçdilər

0
295

Əziz Mustafa

Putin Rusiyasının hərbi sahədə yenidən Qərbə meydan oxumağa başlaması və ötən əsrin 30-cu illərindəki Almaniya kimi beynəlxalq hüquq normalarına məhəl qoymadan Gürcüstana və Ukraynaya hərbi təcavüz etməsi qarşı tərəfi də növbəti dəfə özünün hərbi strategiyasına yenidən baxmağa məcbur edib. Bu müstəvidə də Rusiyadan gələn yeni təhlükəyə qarşı müvafiq addımlar atmağa məcbur olan NATO ölkələri SSRİ dağılandan sonra ilk dəfə hərbi büdcələrini artırmaq qərarına gəliblər. Bununla bağlı “Faynenşl Tayms” (“Financial Times” qəzetinə verdiyi müsahibəsində NATO Baş katibi Yens Stoltenberq quruma üzv ölkələrin müdafiə xərclərini artırmağa məcbur olmasını Avropa üçün əmələ gələn yeni təhlükə ilə əlaqələndirib. Yens Stoltenberq: “Soyuq müharibə” başa çatandan sonra ilk dəfə biz özümüz üçün Rusiyanın simasında böyük təhlükə əmələ gəldiyini gördük. Putinin Ukraynaya və Gürcüstana qarşı açıq şəkildə təcavüzə başlayaraq beynəlxalq aləmdə tanınmış sərhədləri hərb yolla dəyişdirməyə cəhd etməsi NATO-ya üzv ölkələr üçün ciddi təhlükə doğurmaqdadır. Belə vəziyyətdə NATO-ya üzv ölkələrin təhlükəsizliyini təmin etmək üçün hərbi xərcləri artırmaqdan başqa çıxış yolumuz qalmadı. Halbuki biz “soyuq müharibə” başa çatandan sonra hərbi xərcləri azaltmaq yolu tutmuşduq və bu istiqamətdə kifayət qədər tədbirlər həyata keçirmişdik. Ancaq indi yenidən hərbi xərcləri artırmağa məcbur olmuşuq”,-deyib.

NATO Baş katibi Qərb üçün təhlükənin kifayət qədər böyük olduğunu və belə vəziyyətdə quruma üzv ölkələrin hərbi sahədə daha sıx inteqrasiyaya girməsinin qaçılmaz olduğunu xüsusi qeyd edib. Stoltenberqin açıqlamasının təsadüfi olmadığını vurğulayan “Financial Times” yazır ki, Rusiyanın açıq şəkildə ötən illərin 30-cu illərindəki Hitler Almaniyasının təcavüzkar hərəkətlərini yeni müstəvidə təkrar etməsi, Ukraynada, Suriyada və digər yerlərdə Qərblə açıq şəkildə hərbi qarşıdurma yolu seçməsi NATO-nu Pribaltika ölkələrində, o cümlədən Polşada, Rumıniyada özünün hərbi qüvvələrini artırmağa məcbur edib. Bu isə, təbii ki, hərbi xərclərin artırılmasını qaçılmaz zərurətə çevirib.

Hələlik, NATO rəsmi şəkildə quruma üzv ölkələrin hərbi xərclərinin həcmi barədə açıqlama verməyib. Buna səbəb quruma üzv ölkələrin bir çoxunun özünün hərbi xərclərini hansı səviyyədə artırması barədə rəsmi şəkildə hesabat təqdim etməməsidir. Qeyd edək ki, ötən il NATO-ya üzv ölkələrin hərbi xərcləri 253 milyard dollar təşkil edib. Bu ilsə NATO-ya üzv ölkələrin hərbi xərclərinin təxminən 300-310 milyard dollara çatdırılacağı ehtimal edilir. Bunu bəzi NATO ölkələrinin sürətlə silahlanma yolu seçməsi də sübut etməkdədir. Məsələn, Rusiya tərəfindən təcavüz qurbanı olmaq təhlükəsi qarşısında qalan Latviya hərbi xərclərini 60, Litva 35, Estoniya isə 9 faiz artırıb. Bununla belə, Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin hərbi xərcləri 1985-1989-cu illərlə müqayisədə iki dəfədən də azdır. Belə ki 1985-1989-cu illərdə NATO-ya üzv ölkələrin hərbi xərcləri ümumdaxili məhsulun 3,1 faizini təşkil edirdi. 2015-ci ildə isə NATO üzvü ölkələrin hərbi xərcləri ümumdaxili məhsulun 1,43 faizini təşkil edib.

Bəzi məlumatlara görə, Pentaqon isə Avropanın təhlükəsizliyinin təmini üçün 2017-ci ildə 3,4 milyard dollar ayırmağı planlaşdırır. 2015-ci ildə isə bu rəqəm 789 milyon dollar təşkil edib. Bu isə artıq sürətlə silahlanmanın yeni müstəviyə keçirildiyini bir daha təsdiq etməkdədir.

Onu da deyək ki, Qərbə yenidən hərbi sahədə meydan oxumağa başlayan və onlar üçün ciddi təhlükə mənbəyinə çevrilən Rusiyanın hərbi xərcləri 2016-cı ildə ümumdaxili məhsulun 4 faizini, təxminən 47 milyard dollar (3,1 trilyon rubl) təşkil edəcək. Aydın məsələdir ki, bu, 2015-ci ildəki NATO-ya üzv ölkələrin hərbi xərclərindən ( 253 milyard dollar) 5,3 dəfə azdır.

Bununla belə, NATO-nun sürətlə silahlanma yolu seçdiyi bir vaxtda onun daxilində bəzi xoşagəlməz proseslər də baş verməkdədir. Bunlardan biri də İngiltərə ( Böyük Britaniya) ilə bağlıdır. Belə ki, İngiltərə Avropa Birliyində qalıb-qalmamaq barədə məsələni referenduma çıxarıb. Yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan referendumda əhali AB-də qalıb-qalmamaq barədə məsələyə öz münasibətini bildirəcək. Əgər referendum nəticəsində əhali AB-dən çıxmağa səs verərsə, onda bu, NATO-nun daxilində də parçalanmaya səbəb ola bilər.

İngiltərənin NATO üçün xüsusi əhəmiyyət daşıdığına diqqəti cəlb edən Stoltenberq bunun(AB-dən çıxmağın) alyansın hərbi ehtiyaclarının ödənilməsində çətinlik yarada biləcəyini bildirib: “Böyük Britaniya Avropa İttifaqında NATO-nun əhəmiyyətli müttəfiqidir və ABŞ-dan sonra təhlükəsizliyə ən çox sərmayə qoyan ikinci dövlətdir. Bundan başqa, London NATO-Avropa İttifaqı tandemində aparıcı rol oynayır. Güclü Böyük Britaniya güclü, təhlükəsiz və sabit Avropa ( NATO) üçün çox vacibdir”.

Ancaq belə ehtimal edilir ki, referendumda böyük əksəriyyət Böyük Britaniyanın AB-də qalmasına səs verəcək.

Ulduz müharibələri dirçəldilir

Rusiyanın hərbi sahədə Qərbə meydan oxumaqda davam etməsi və onlara, belə demək mümkünsə, yumruq silkələyərək təxribata çəkməsi Qərbi geriyə addım atması, “ulduz müharibələri” dövrünü yenidən gündəmə gətirməsi ilə müşayiət olunmaqdadır. Xatırladaq ki, məhz 1985-1989-cu illərdə Reyqan administrasiyasının “ulduz müharibələri”nə start verməsi SSRİ-ni sürətlə silahlanmaya məcbur etdi. Nəticədə SSRİ iqtisadiyyatı hərbi xərclərin ağırlığına dözməyərək çökdü. Bu da son nəticədə imperiyanın süqutunun əsasını qoydu. Bu baxımdan Rusiyanın yenidən Qərbə hərbi meydan oxumağa başlaması, öz növbəsində, qarşı tərəfi “ulduz müharibələri” dövrünü xatırlamasına gətirib çıxarıb. Bu müstəvidə də ABŞ kosmosdan düşmənin ballistik raketlərindən gələn təhlükənin qarşısını almağa imkan verən və onun yerüstü hərbi-strateji təyinatlı qüvvələrini məhv etməyə qadir yeni silahı sınaqdan keçirməyə başlayıb. “SM-3” raketinin yeni, təkmilləşdirilmiş variantı olacaq bu silahla (“SM-3IIA”) ballistik raketləri kosmosda aşkarlayıb məhv etmək mümkün olacaq. Bu raketlərin, ilk növbədə, Polşada yerləşdirilməsi nəzərdə tutulub. Raketlərin Polşada yerləşdirilməsi Pentaqonun Avropada raketdən müdafiə proqramının bir hissəsi olan “Aegis Ashore” sisteminin tərkib hissəsi olacaq. Qeyd edək ki, bundan əvvəl Pentaqon həmin sistemin elementlərindən birini – “Aegis” sahil kompleksini Rumıniya sahillərində yerləşdirib. Kosmosda yerləşdiriləcək yeni raketlə, “SM-3IIA” ilə Rusiyanın ballistik raket hücumunun qarşısını almaq, onu havada məhv etmək mümkün olacaq. Amma Rusiyadan gələn potensial hərbi təhlükə ilə əlaqədar ABŞ yalnız kosmik məkanda düşmənin ballistik raketlərini deyil, onun istənilən yerüstü hərbi obyektini məhv etməyə qadir olan yeni silahlar da yerləşdirməyi planlaşdırıb. Bu isə “ulduz müharibələri”nin yenidən dirçəldilməsi anlamına gəlir. Hərbi ekspertlərin fikrincə, “soyuq müharibə” dövrü ilə müqayisədə ABŞ və onun Qərbdəki NATO üzrə müttəfiqləri Rusiyaya sarsıdıcı hərbi zərbələr endirmək baxımından daha əlverişli mövqedədirlər. Belə ki, Pribaltika ölkələrindən Rusiyanın istənilən hərbi obyektini bir neçə dəqiqə ərzində məhv etmək mümkündür. Üstəlik, zərurət yaranacağı təqdirdə, NATO Putinin Rusiyaya düşmən ölkəyə çevirdiyi Ukraynanın təhlükəsizliyini təmin etmək üçün də bu ölkədə raket hücumundan müdafiə sistemləri yerləşdirə biləcək. Bu isə Rusiya üçün olduqca böyük təhlükə demək olacaq.

ABŞ-ın Rumıniyadan sonra Polşada da müasir raket hücumundan müdafiə sistemləri “SM-3IIA” yerləşdirməyə hazırlaşması Moskvada əsəbiliklə qarşılanıb. Putin bununla bağlı deyib ki,

ABŞ-ın Polşada müasir hərbi hava hücumundan müdafiə sistemləri yerləşdirməyə hazırlaşmasına qarşı onlar da cavab tədbirləri görəcəklər: “Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hədəfi Polşa olacaq. Buna görə məsuliyyət isə Polşa rəhbərliyinin üzərinə düşəcək. Əgər dünənə qədər Rumıniya ərazisinin bir hissəsində hədəfdə olmağın nə demək olduğunu dərk etmirdilərsə, bu gün onlar hansı oyunlara çəkildiklərini yaxşı anlamağa başlayıblar. Biz bu gün öz təhlükəsizliyimizi təmin etmək üçün ən sərt cavab tədbirləri görməli olacağıq”.

Putin eyni zamanda şikayətlənib ki, biz 2000-ci illərin əvvəllərindən cavab tədbirləri görməyə məcbur olacağımız barədə xəbərdarlıq edirik. Lakin heç kim bizi eşitmir. Bizimlə danışıqlar aparmaq istəyən yoxdur.

Əslində Putinin bu açıqlaması Qərbin onunla hesablaşmadıqlarını, Kreml rəhbəri ilə bərabərhüquqlu dövlətin başçısı kimi davranmadıqlarını bir daha ortaya qoymuş olub. Bu müstəvidə də ekspertlərin çoxu belə hesab edir ki, Qərbin “ulduz müharibələri”ni yenidən dirçəltməyə başlaması imperiyanı keçmiş sərhədləri daxilində bərpa etmək istəyən Putinə Rusiyanın da bir hissəsini itirməsi hesabına başa gələ bilər. Bir sözlə, Putinin işğalçılıq siyasətini önə çıxarması Qərblə Rusiya arasında hərbi ziddiyyətlərin daha da dərinləşməsinə yol açıb. Bu isə Rusiyaya ağır başa gələ bilər…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + fourteen =