Nasistlərin izləri Argentinaya aparır (4)

0
674

Arazinfo.com  saytı yazıçı Əziz Mustafanın “Nasistlərin izləri Argentinaya aparır” adlı yazısının dördüncü, sonuncu hissəsini oxucularına təqdim edir:

Lippen sonralar nasistlərin fəaliyyətini araşdıran istintaq komissiyası tərəfindən həbs edilmişdi. Onun istintaqa verdiyi ifadədən məlum olmuşdu ki, bu villa əslində Almaniyadan buraya köç edəcək yüksək vəzifəli hitlerçilərdən biri üçün nəzərdə tutulubmuş. Qəribə burası idi ki, villanı onun əsl sahibləri deyil, Rodolfo Freyde idarə edirdi. Ola bilsin ki, bu orada gizlənəcək şəxsin adının gizli saxlanılması məqsədi ilə edilib. Yuxarıda qeyd etdiyimiz kimi məhz ata-oğul Freydelər Hitlerin ən inanılmış adamlarından idilər…

Hitlerin izləri Argentinada axtarılır

II Dünya müharibəsinin sonlarında nasistlərin gizli  yollarla Argentinya axışması öz növbəsində faşist Almaniyasında yüksək vəzifələr tutan bəzi şəxslərin, o cümlədən Hitlerin belə adı çəkilən ölkəyə qaçması barədə Qərb mətbuatında çoxlu sayda ehtimalların ortaya çıxması ilə nəticələndi. Bununla bağlı şahid ifadələrinə əsasən Qərb mətbuatında çoxlu sayda yazılar dərc olunub. ABŞ və İngiltərə, o cümlədən İsrail xüsusi xidmət orqanları Hitleri nəinki Argentina və digər Latın Amerikası ölkələrində, hətta Antarktida buzlaqlarının altında belə axtarıblar. Amma bu axtarışların nəticələri uzun illər gizli saxlanılıb. Ona görə də əksər hallarda Hitlerlə bağlı şahidlərin söylədiklərini xəstə adamların təxəyyülü kimi dəyərləndirərək ona ciddi yanaşılmayıb. Lakin 1998-ci ildə ABŞ Federal Təhqiqat Bürosu ( FTB) Hitler və onun taleyi ilə bağlı xüsusi sirr kimi qorunan məxfi sənədlərin bəzilərini icmaiyyət üçün açıq elan etdi. 745 səhifədən ibarət sənədlərdə Hitlerin Argentinaya qaçması barədə müxtəlif məlumatlar var. Həmin sənədlərdən biri 1945-ci il avqust ayının 14-də o dövrdə FTB direktoru işləyən Con Edqar Quverin adına yazılan 374 və 375 saylı raportlardır. Həmin raportlarda Hitlerin iki sualtı gəminin müşayiəti altında Argentinanın dəniz sahillərində San-Antonio (Pataqoniya) şəhərciyi yaxınlığında quruya çıxdığı və And dağları istiqamətində yola düşdüyü bildirilir. 1945-ci il avqust ayının 21-də Quverin adına yazılan 369 saylı digər raportda isə birinci raportdan xəbərsiz olan digər bir kəşfiyyatçı Hitlerin onu müşayiət edən şəxslərlə birlikdə And dağları ətəyində yerləşən rançoda (qəsr, villa) yaşadığı qeyd olunub. Yeri gəlmişkən onu da xatırladaq ki, hələ 1944-cü il sentyabr ayının 4-də ABŞ-ın Buenos-Ayresdəki Strateji Xidmət İdarəsinin rezidenti general Ladd, Huverin adına yazdığı və arxivdə 745 saylı sənəd kimi saxlanılan gizli raportunda bildirmişdi ki, Almaniya məğlub olacağı təqdirdə Hitler gizlicə Argentinaya qaçacaq. O, Almaniya xüsusi xidmət orqanlarının Hitlerin Argentinaya sualtı qayıq və ya hava yolu ilə qaçırılması barədə iki plana malik olduğunu yazmışdı. Arxiv sənədlərindən o da məlum olub ki, ABŞ xüsusi xidmət orqanları uzun illər Hitlerin izlərini nəinki Argentina və Latın Amerikası ölkələrində, həm də Antraktida, hətta Afrika cəngəlliklərində belə axtarıblar.

Bu məqsədlə isə milyonlarla dollar xərclənib. FTB-dən kənarda da tədqiqatçılar Hitlerin izlərini Argentinada axtarıblar. Onlardan biri də argentinalı jurnalist Abel Bastidir. O, bu axtarışları nəticəsində nasistlərin Bariloçedəki fəaliyyəti və Hitlerin Argentinaya qaçışına həsr edilən iki kitab yazıb. Hitlerin Argentinaya qaçışı ilə bağlı yazdığı kitabda Basti FTB arxivindəki gizli məlumatlara, həmçinin öz tədqiqatları və Hitleri yaxından tanıyan şahidlərin söylədiklərinə istinad edib. O, Hitler barədə yazdığı kitabında iddia edir ki, fürer 1964-cü ildə Argentinada dünyasını dəyişib. Basti şahid ifadələrinə əsasən yazır ki, Hitleri 1945-ci il aprel ayının 30-da saat 16.30-da, yəni, “ölümündən” bir saat sonra  “Yunkers-52” təyyarəsinin yanında görüblər. Bundan 5 gün əvvəl, aprel ayının 25-də isə bunkerdə Hitler xüsusi müşavirə keçiribmiş. Müşavirədə Hitlerin məşhur alman təyyarəçi qadını Hanna Rayç, hava döyüşləri qəhrəmanı Hans Ulrix Rudel və fürerin şəxsi təyyarəçisi Hans Bauer vasitəsilə İspaniyaya qaçırılması barədə qərar qəbul edilib. Bu məqsədlə adı çəkilən təyyarəçilər onları mühafizə edən qırıcıların köməyi ilə bir neçə dəfə sınaq uçuşları da keçiriblər. Basti bu planın uğurla həyata keçirildiyini və Hitlerin  İspaniyaya qaçırıldığını yazır. İspaniyadan isə sualtı qayıqlar vasitəsi ilə Hitleri Bormanın müşayiəti ilə Argentina sahillərinə gətiriblər. Basti şahid ifadələrinə əsasən bildirir ki, iz itirmək məqsədi ilə Hitleri Argentina sahillərinə gətirən sualtı qayıqlar batırılıb. Həqiqətən də müharibədən xeyli sonralar dalğıclar Argentina sahillərində, Bastinin kitabında adı çəkilən yerdə suya batırılmış üç alman sualtı qayığını aşkar ediblər. Yeri gəlmişkən onu da deyək ki, müharibədən sonrakı bir neçə il ərzində alman sualtı qayıqları müxtəlif yollarla Argentina sahillərinə yan almaqda davam etmişlər. Məsələn, 1945-ci il avqust ayının 17-də alman sualtı qayığı “U-977” Argentinaya nasistlərə məxsus olan tonlarla qızıl gətiribmiş.

Bastinin ehtimalına görə, Hitler və Yeva Braun uzun müddət San-Ramon villasında yaşayıblar. Hitler və Yeva həm də tez-tez yaxınlıqdakı La Falda kəndində yerləşən Eyqxhornun malikanəsinə qonaq gedirlərmiş. Bu məlumatı yoxlamaq üçün FTB öz casusunu bağban adı altında adı çəkilən malikanədə işə düzəldir. “Bağban” isə Hitleri görməsə də tez-tez evdə xüsusi qonağı qəbul etmək üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyini bildirib. O, güclü mühafizə tədbirləri altında qonağın malikanəyə tez-tez gəldiyini, ancaq onun üzünü görməyin mümkün olmadığını FTB-yə bildirib. Yenə də Basti arxiv sənədlərinə və şahid ifadələrinə əsasən

Hitlerin 1964-cü ildə öldüyünü yazıb.

Basti öz kitabında 1956-cı ildə Hitlerin sadiq generallarından olan Zeydlitsin yazdığı məktubu da verib. Həmin məktubda Zeydlits Hitlerin əslən Xorvatiyadan olan cəza dəstəsinin komandanı Ante Paveliçlə görüşdə iştirak etmək istədiyini bildirib. Basti bundan ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının xəbəri olduğunu, ancaq gələcəkdə nasistlərdən və Hitlerdən öz məqsədləri naminə istifadə etmək üçün onların  Argentinada yaşamasına göz yumduqlarını yazır. Basti arxiv sənədlərinə və şahid ifadələrinə əsasən təkcə Argentinaya 100 min nəfər nasistin köç etdiyini müəyyən edib. Onlardan yalnız 50 nəfərini həbs edərək beynəlxalq məhkəmədə mühakimə ediblər. Bundan əlavə yenə də araşdırmalar nəticəsində məlum olub ki, II Dünya müharibəsinin son illərində Almaniyadan Argentinaya indiki pulla 100 milyard dollar göndərilib. Amma bu məbləğin əslində dəfələrlə çox olduğu ehtimal edilir.

Hitler və Yeva Braunun Argentinaya qaçaraq, orada sığınacaq tapa bilməsi ilə bağlı yazılanlar xeyli mübahisəlidir. Ancaq hər halda Hitlerin Argentinaya və ya başqa bir yerə qaçması ilə əlaqədar üzə çıxarılan gizli sənədlərdə deyilənləri də təkzib etmək mümkün deyil. Üstəlik hər il ABŞ və Böyük Britaniyaya məxsus gizli arxivlərdə Hitlerin 1945-ci il aprel ayının 30-da özünü öldürməsininin öncədən məharətlə quraşdırılmış bir ssenari olduğu və onun xarici ölkələrdən birinə qaçmasını qismən təsdiq edən yeni sənədlər aşkara çıxır. Bu yaxınlarda uzun illər ABŞ və böyük Britaniyanın gizli arxivlərində araşdırma aparan tanınmış tarixçi alimlər Saymon Dansten və Cerard Uilyams Hitlerin Argentinaya qaçışı ilə bağlı yeni faktlar əldə ediblər. Onlar bu faktlar əsasında da “Boz canavar: Adolf Hitlerin qaçışı” adlı kitab yazıblar. Kitabda gizli kəşfiyyat sənədləri əsasında Saymon Dansten və Cerard Uilyams Hitler ilə Yevanın Berlindən Argentinaya qaçaraq, orada dağların birinin ətəklərindəki villada yaşadıqlarını və fürerin təxminən 1964-cü ildə dünyasını dəyişdiyini bildiriblər. Müəlliflər Hitlerin və Yevanın Argentinaya qaçırılmasından ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının öncədən xəbər tutduqlarını və bu barədə onların Prezidentlər Ruzvelt (ABŞ) və Çörçillə ( Böyük Britaniya) xəbər verdiklərini yazıblar. Ancaq həm Ruzvelt, həm də Çörçill Hitlerin qaçışının qabağını almaq üçün hər hansı bir cəhd göstərməyiblər. Sadəcə olaraq adı çəkilən ölkələrin xüsusi xidmət orqanlarına bu prosesi nəzarət altında saxlamaq, ancaq ona mane olmamaq tapşırığı verilib. Belə ehtimal edilir ki, Ruzvelt və Çörçill gələcəkdə Latın Amerikası ölkələrində sosializmin yayılması təhlükəsinin qarşısını məhz nasistlərin, o cümlədən Hitlerin köməyi ilə almaq istəyiblər.

Sonda onu da deyək ki, vaxtı ilə istər SSRİ, istərsə də hazırda Rusiya rəhbərliyi Hitlerin Argentinaya qaçması ehtimalını rədd edirlər. Rus tədqiqatçılarının fikrincə Hitler məhz Berlin yaxınlığındakı yeraltı bunkerdə Yeva ilə birlikdə zəhər içərək ölüblər. Bu məqsədlə də onlar 1945-ci ildə aşkar edilən və Hitlerə məxsus olduğu ehtimal olunan yandırılmış insan qalıqlarına istinad edirlər. SSRİ alimləri həmin insan qalıqlarının Hitlerə aid olduğunu müəyyən etdiklərini yazırlar. Amma Qərbdə bu qalıqların Hitlerə deyil, onun oxşarına aid olduğunu və bunun nasistlər tərəfindən iz itirilməsi məqsədi ilə edildiyini bildirirlər. Bütün hallarda nasistlərin Argentindakı fəaliyyəti ilə bağlı çoxlu sayda sirlərin üstünü günümüzə qədər tam şəkildə açmaq mümkün  olmayıb. Son

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN