Erməni lobbilərinin mimikriyası və Paşinyanın çoxbaşlı oyunları

0
561

Nikol Paşinyanın Brüssel səfərinin uğursuz olması F.Moqerininin ərazi bütövlüyünün vacibliyi haqda onunla üzbəüz söhbətdə bəyan etməsi, Donald Taskın və Yohannes Hanın da danışıqların formatının dəyişməz olması haqda açıq bəyan etmələri bir tərəfdən Aİ-nın Azərbaycana münasibətində bir müsbət dönüşün olduğunu, o biri tərəfdən isə ikibaşlı siyasətə qoşulmuş Nikol Paşinyana onun oyunlarında iştirakçı olmaq istəmədiklərini Minsk Qrupunun bəyanatında göstərdi: ABŞ da, Rusiya da, Aİ da.

Paşinyanın ifşa olunmuş çoxüzlü oyunu

N.Paşinyan “qoca dünya” siyasətçiləri ilə çoxdan köhnəlmiş ikili oyun qurmaq istədi, amma özü iki daşın arasına sıxıldı. 
Belə ki, Ermənistanın siyasətdə yeni olan baş naziri bu dəfə Moskva ilə Brüssel arasında manevr etmək fikrinə düşübmüş.
Brüsseldə olarkən Paşinyan kameralar garşısında ölkəsinin Rusiya ilə münasibətlərinin dəyişməz olduğunu vurğulasa da, mətbuatın iştirakı olmayan görüşlər zamanı Aİ rəsmilərinə bildirib ki, Moskvanın “pəncə”sindən çıxmaq üçün ona pul lazımdır.

Paşinyan Avropa İttifaqı rəhbərlərini inandırmağa çalışıb ki, o Aİ-nın tələb etdiyi islahatları həyata keçirmək istəsə də guya Rusiyadan asılılığı buna imkan vermirmiş. Bu səbəbdən də Avropa İttifaqının Ermənistana verəcəyi pulları avans kimi saymağı və əvəzində Aİ ilə yaxınlaşacağını pıçıldayıb.

Paşinyan bir qədər də irəli gedərək, hətta Rusiyanın mülkiyyətində olan Ermənistan şirkətlərini belə avropalılara təklif edib. Bunun üçün Ermənistan qanunvericiliyini əlverişli vəziyyətə gətirməyi vəd verib.

Aİ rəsmiləri Paşinyanın avantürist təkliflərinə maraq göstərməyiblər. Aİ rəhbərliyinin Paşinyanı pərt vəziyyətə salan ictimaiyyətə açıq bəyanatları da bunun sübutudur. Ancaq, bu cür primitiv siyasi manevrlər Ermənistan baş nazirinin siyasi gələcəyi haqda ciddi suallar doğurub.

Erməni diasporlarının mimikriyası

“Mimikriya – qorunmayan canlıların bədən forması və rənginin özlərini qoruya bilən canlıların bədən forması və rənginə bənzətmələridir. Bu həmçinin heyvanların yaşadıqları mühitin obyektlərinə bənzəmələri də ola bilər”.

Bu formula həm də Avropa və Rusiyada fəaliyyət göstərən erməni lobbi təşkilatlarına da aiddir. Rusiyadakılar Rusiya patriotu və anti-Avropa, Avropadakılar isə Avropa dəyərlərinin qoruyucusu və anti-Rusiya libasına bürünür və dağıdıcı hüceyrə kimi güclü orqanizmdə kök salırlar. Yəni xərçəngin zədələdiyi hüceyrələr kimi orqanizmin başqa hüceyrələrinə bənzəyir və onlardan fərqlənmir. Amma sonunda bütün orqanizmi məhv edir.

Aparıcı Rusiya kanallarının tok-şoularının hər birində bir qayda olaraq bir, ya iki erməni iştirak edir və məhz onlar özlərini rus xalqının qayğısına qalan etibarlı vətəndaşlar kimi göstərməyə çalışırlar.

Avropa ölkələrində məskunlaşmış ermənilərin davranışı isə onların Rusiyadakı soydaşlarının mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, Brüsseldə yaşayan və ermənilərin “konyak diplomatiyasının” əsas sponsoru və təşkilatçısı sayılan Kaspar Karampetyan öz anti-Azərbaycan şəbəkəsinə əsasən gatı anti-Rusiya mövqeyində olan Avropa siyasətçilərini cəlb edib.

Erməni “konyak diplomatiyası”nın anti-Rusiya fəaliyyəti

Məsələn, “konyak diplomatiyası” nəticəsində Karampetyan tərəfindən Avropa Parlamentində yaradılmış Ermənistanla qeyri-formal dostluq qrupunun əksəriyyətini məhz belə şəxslər təşkil edirlər. Azərbaycan tərəfindən beynəlxalq cinayət axtarışına verilmiş çexiyalı deputat Yaromir Ştetina, britaniyalı Çarlz Tannok, danimarkalı Anders Vistisen, İsveçli Soraya Post və Lars Adaktusson və digərləri Avropa Parlamentində Rusiya əleyhinə ən çox təşəbbüs irəli sürmüş deputatlar kimi tanınırlar.

Məsələn, Yaromir Ştetina dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Qatı anti-azərbaycan və ermənipərəst mövqeyi ilə tanınan bu şəxs paralel olaraq qatı Rusiya əleyhdarı kimi də fəaliyyət göstərməkdədir.
Yaromir Ştetinanın hamiliyi ilə son illərdə Rusiya əleyhinə təşkil edilmiş tədbirlərin siyahısı belədir:

– İctimai müzakirə: Putinin Rusiyası: Bu necə təcili təhdid yaradır?;

– Ekspertlərin dəyirmi masası: Avropa Putinin Rusiyasını necə görür;

– Şərq tərəfdaşlığı: Rusiyanın dezinformasiya müharibəsinin savaş meydanı;

– Ukrayna müharibəsi: Rusiya təbliğatına qarşı həqiqət.

Ermənilərin “konyak diplomatiyası”nın fəallarından olan Yaromir Ştetina özünün Tvitter postunda yazır: “Mən bunu kifayət qədər təkrarlaya bilmirəm: biz Rusiya ilə hibrid müharibədəyik”.

“Konyak diplomatiyası”nın başqa bir fəalı Böyük Britaniyadan olan, Avropa Mühafizəkarları və İslahatçıları qrupunun üzvü Çarlz Tannokdur.

Ç.Tannok AP daxilində qeyri-formal Avropa İttifaqı-Ermənistan dostluq qrupunun sədr müavinidir. Paralel olaraq AP daxilində açıq şəkildə Rusiyaya qarşı fəaliyyət aparmaqdadır. Məsələn, onun hamiliyi altında son illərdə aşağıdakı tədbirlər təşkil olunmuşdur:

– Konfrans: “Krım. Oğurlanmış yarımada”;

– Minsk sazişi, Aİ-Rusiya münasibətləri və sanksiyaların rolu;

– “Donbas və mülkilər”. Foto sərgi.

O həmçinin dövri mətbuatda Rusiyaya qarşı yazılarla çıxış edir .

Məsələn, o yazılarının birində Putini hətta Hitlerlə müqayisə edərək yazısının adını Hitlerin “Mayn kampf” əsərinə uyğunlaşdıraraq ingiliscə “Putins Kampf” adlandırıb. Başqa bir yazısı isə “Yalnız Sergey Maqnitski kimi insani qurbanları deyil, həm də müasir demokratiya dəyərləri” və s. yazılarında Rusiyaya hücum edir.

Çarlz Tannok tvitter hesabında yazır: “Brexit BB və Aİ-nın, xüsusilə də şərq qonşuluğu istiqamətində hər ikisinin təhlükəsizliyini zəiflətdiyi üçün Rusiya Brexitin qalibi olacaq. Rusiya Brexitin fikir yayındırmasından özünün regional ekspansionist maraqları üçün istifadə edəcək”.

“Konyak diplomatiyası”nın daha bir aktiv iştirakçısı, danimarkalı, Avropa Mühafizəkarları və İslahatçıları siyasi qrupunun üzvü Anders Vistisendir. Nə qədər təəccüblü olsa da, o da erməni dostu olmaqla, paralel şəkildə AP daxilində açıq şəkildə Rusiyaya qarşı mövqe tutmaqdadır.

Bu çıxışında Anders Vistisen deyir: “Ruslar Estoniyada, Polşada və indi də Britaniyada göstərirlər ki, onlar hər hansı milli sərhədləri tanımırlar. Mən Rusiyanın Avropa İttifaqı ölkələrinə qarşı təcavüzünü mümkün olan ən sərt ifadələrlə pisləyirəm”. Başqa bir sitat: “Rusiyanın Aİ-yə qarşı təcavüzü faktdır”.

Avropa Parlamentinin daha bir “konyak diplomatiyası” fəalı, Soraya Post da paralel olaraq qatı anti-Rusiya kampaniyası iştirakçılarındandır. Məsələn, Tvitterdə yazır: “Mən feminist olaraq, Rusiyada davamlı qısnamları və insan haqlarının pozulmasını qəbuledilməz sayıram. Aİ insan haqlarına bu hücumları inkar edə bilməz”.

“Konyak diplomatiyası”nın fəalı Soraya Post paralel olaraq hətta futbol üzrə dünya çempionatı ərəfəsində anti-Rusiya fəaliyyətini də davam etdirirdi. O yazırdı: “Dünya kubokunun gedişində biz səsimizi ucaltmalı və göstərməliyik ki, biz aydın şəkildə Rusiyanın mülki cəmiyyətini əzən repressiv qanunları və dövlət təbliğatını pisləyirik. Biz Rusiyanın cəsarətli insan haqları müdafiəçilərinə dəstək verməliyik”.

Soraya Postun daha bir anti-Rusiya yazısı: “Mən Rusiyada ən təcrübəli və ən məşhur olan “Memorial” təşkilatının İnquşetiyadakı ofisinə hücumu pisləyirəm. Mən cənab Titiyevin təcili buraxılmasına çağırıram və Rusiya hökumətindən tələb edirəm ki, öz vətəndaşlarına qarşı insan haqlarının pozulması hallarına son qoysun”.

2018-ci ilin yanvarında Rusiyanın əleyhinə olan bir bəyanatı (şəkili göstərmək) Ana Maria Qomes, Yaromir Ştetina, Lars Adaktusson, Soraya Post və s. kimi erməni “konyak diplomatiyası”nın iştirakçıları da imzalayıblar.

“Konyak diplomatiyası”nın anti–Avropa və anti-Azərbaycan hədəfləri

İndi yenidən Avropa Parlamentində erməni lobbi maşınını idarə edən Kaspar Karampetyanın fəaliyyətinin lap dərinliklərinə nəzər salaq. Biz artıq qeyd etdik ki, onun elan etdiyi hədəfləri ilə real fəaliyyəti arasında ziddiyyət var. Eyni zamanda Ədalət və Demokratiya üçün Avropa Erməni Federasiyası təşkilatının elan etdiyi büdcəsi ilə real maliyyə imkanları arasında da böyük fərq var. Real büdcə elan ediləndən dəfələrlə artıqdır. Kaspar Karampetyan “qanlı brilliant” pullarından istifadə edərək Avropa Parlamentində anti-Azərbaycan və anti-Rusiya fəaliyyətləri maliyyələşdirib “erməni konyak diplomatiyası”nın hərəkətə gətirilməsində mühüm rol oynayır.

Kaspar Karampetyanın təsiri altında olan başqa siyasətçilər də var. Həm də onun lobbi fəaliyyəti təkcə Azərbaycan və Rusiyaya qarşı yönəlməyib. Bu qrup şəraitdən asılı olaraq Avropa İttifaqının da əleyhinə dağıdıcı planların iştirakçısıdır. 
Əvvəlcə Karampetyanın ikinci təsir qrupunun üzvlərinin kimlərdən ibarət olduğuna baxaq. Bu karikaturada göründüyü kimi “qanlı brilyant kralı”nın təsiri altında olanlar sırasında Flamand parlamentinin üzvü Piet De Bruyn, Brüssel Regional parlamentinin üzvü Emmanuel De Bock, Frankafon Brüssel parlamentinin rəhbəri Julia de Croote, Brüssel Regional parlamentinin üzvü Andre du Bus de Varnaffe, Avropa Parlamentinin üzvü Frank Angel də var.

İndi isə bu Karampetyanın rəhbərliyi ilə bu qrupun sadalayacağımız fəaliyyət istiqamətlərindən görünəcək ki, Avropa İttifaqı daxilindəki bu Troya atının məqsəd və vəzifələri nədən ibarətdir.

– Azərbaycan torpaqlarının davamlı işğalı və Azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş etnik təmizləməni dəstəkləmək;

– ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün cəhdlərini sarsıtmaq;

– Azərbaycanın dünyəvi və mötədil Şərq Tərəfdaşlığı ölkəsi kimi Aİ –ilə əməkdaşlığına ziyan vurmaq;

– TAP layihəsinin və Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə mane olmaq. Bu da Aİ-nın enerji təhlükəsizliyinə ziyan vurur;

– Aİ daxilində separatizmi dəstəkləmək. Bu sırada Kaspar Krampetyanın lobbi qrupu Belçikada Valloniya separatizmini, İspaniyada Kataloniya separatizmini dəstəkləyir.

– Nəhayət, erməni “konyak diplomatiyası” qruplaşmanın daha bir vəzifəsi də Ermənistanda insan haqları pozuntularını və korrupsiyanı ört –basdır etməkdir.

Karampetyanın konyak diplomatiyası qruplarının sevimli metodlarına gəldikdə isə, bunlardır:

– Azərbaycan haqda yalan məlumatlar və dezinformasiya vasitəsilə mediada manipulyasiya etmək;

– Gizli təbliğatla məşğul olmaq və ictimai rəyə təsir etmək;

– “Troya atı” kimi hərəkət etmək və Aİ çərçivəsində 3-cü tərəflərin təsir agenti olmaq;

– Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz VİP turlar təşkil etmək;

– Ştetina və Frank Angel kimi Avropa Parlamenti üzvlərini təsir dairəsinə salmaq;

– Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz separatçı qurumun agentlərinin Avropa paytaxtlarına səfərlərini təşkil etmək;

– Erməni şovinist millətçiliyi şüarları ilə erməni diasporundan vəsait toplayıb özəl ciblərə yönəltmək;

– Avropa paytaxtlarında Azərbaycana qarşı etirazlar imitasiya etmək.

Beləliklə, belə görünür ki, Karampetyanın Avropa İttifaqındakı “konyak diplomatiyası”nın iştirakçılarının əsas zərbə istiqamətləri müxtəlifdir:

– Rusiya əleyhinə;

– Azərbaycan əleyhinə;

– Avropa İttifaqı əleyhinə.

Bütün istiqamətlər isə Kaspar Karampetyanın idarə etdiyi “Ədalət və Demokratiya üçün Avropa Erməni Federasiyası”na bağlanır.

Avropadakı erməni lobbi təşkilatı şəraitə uyğun olaraq Aİ, Rusiya və Azərbaycana qarşı siyasi planlarda iştirak edərək təhlükəli oyunların oyunçularına çevriliblər.

Bir daha erməni diasporlarının mimirkiyası haqda

Həm də təkcə Aİ daxilində deyil, daha geniş arealda “konyak diplomatiyası” fəaliyyətdədir. Moskvadakılar özlərini Rusiya patriotları, Avropadakılar isə Avropa vətənpərvərləri kimi təqdim edirlər. Əslində isə koordinasiya olunmuş şəkildə yalnız öa maraqları və ya 3-cü qüvvə üçün çalışırlar.

Aİ-Rusiya münasibətlərinin gərginliyindən istifadə edən “konyak diplomatiyasının” həm Moskvadakı, həm də Brüsseldəkı nümayəndələri bir birilərinə guya zidd mövqeyindən çıxış etməklə əslində bu gərginliyin daha da mürəkkəbləşdirməyə və ermənilər üçün cüzi səs imkanları əldə edilməsinə cəhd edirlər.

Lakin tarixin dərslərini unutmaq olmaz. Nəhəng dövlətlərin qarşıdurmalarından istifadə etməyə çalışan kiçik millət strateji cəhətdən həmişə məğlubiyyətə uğrayıb. Əksinə, sülh naminə nəhənglər arasında körpülər yaradanlar isə özlərinə hörmət qazanmaqla real nailiyyətlər əldə ediblər. Bakının ABŞ və Rusiya arasında yaşanan ən mürəkkəb dövr zamanı bu ölkələrinin hərbi rəhbərlərinin mütəmadi görüş yerinə çevrilməsi fonunda ermənilərin “ziddiyyət meydançalarındakı” oyunları tarixdən heç bir dərs götürməyiblər və məhz bu səbəbdən də erməni xalqını yeni tarixi uçuruma aparırlar.

Bu reallığı nə çoxüzlü siyasət oyununa girmək istəyən Paşinyan, nə də “konyak diplomatiyasının” çoxsimalı fəalları hələki dərk edə bilməyiblər. Görünür coğrafi və siyasi dalan olan İrəvandan belə incəlikləri görmək çətindir.

Amma Bakıdan, Moskvadan və Brüsseldən hər şey aydın görünür!

İbrahim Məmmədov,
Əməkdar jurnalist