Nasistlərin izləri Argentinaya aparır (2)

0
709
Arazinfo.com  saytı araşdırmaçı  jurnalist Əziz Mustafanın “Nasistlərin izləri Argentinaya aparır” adlı yazısının ikinci hissəsini oxucularına təqdim edir:

1946-cı ildə Argentinada keçirilən seçkilərdə hakimiyyətə Xuan Peron gəldi. Bu işdə ona Yeva Duartenin böyük köməyi dəymişdi. Məhz Yevanın ölkə əhalisi ilə tez-tez görüşməsi və onları Xuanı dəstəkləməyə həvəsləndirməsi sonuncunun öz rəqibləri üzərində qələbəsini təmin edən əsas amillərdən biri oldu. Xuan Peronun hakimiyyətə gəlməsi, öz növbəsində, Almaniyadan qaçan nasistlər üçün göydəndüşmə oldu.

Almaniyanın Yeva Duarte

(Evita) və Xuan Peronun hesabına pul köçürməsi sonrakı illərdə də davam etdi. Belə ki, həmin dövrdə Almaniya Yeva Duartenin bank hesabına 10 min, polkovnik Xuan Peronun bank hesabına isə  200 min ABŞ dolları köçürmüşdü. Bu, həmin dövr üçün olduqca böyük məbləğ hesab edilirdi.

İstintaqa verdikləri ifadələrində Edmund fon Termann və Knyaz Stefan Şaumburq-Lippen fürerin (Hitlerın) Amerika işləri üzrə xüsusi səlahiyyətli köməkçisi general Vilhelm fon Faunelin 1943-cü ilin may ayında gizli şəkildə Argentinaya səfər etdiyini bildirmişdilər. Səfər zamanı Faunel Argentina ordusunun Almaniyaya rəğbət bəsləyən zabitləri, o cümlədən polkovnik Xuan Peron ilə görüşmüşdü. Bundan əlavə, keçmiş səfir Faunelin xanım Yeva Duarte ilə də görüşdüyünü istisna etmədiyini demişdi.

Amma yenə də yuxarıda qeyd etdiyimiz kimi, Yeva Duarte və Xuan Peronun xalq arasında böyük hörmətə malik olması müharibəni qələbə ilə başa vuran müttəfiq dövlətlərə Argentinanın daxili işlərinə müdaxilə etməsinə imkan vermirdi. Onu da deyək ki, günümüzdə belə Xuan və Yeva Peron Argentinanın milli qəhrəmanları hesab edilirlər və onların ünvanına deyilən hər hansı xoşagəlməz söz ölkədə dərhal güclü əks-səda verir. Hər halda ər və arvad Peronlar almanlara casusluq etmələrinə baxmayaraq, hakimiyyətdə olduqları müddətdə milyonlarla kasıbın tərəfini tuta, onları imkanlı adamların haqsızlıqlarından qoruya bilmişdilər. Kasıbları ər-arvad Peronların onlara yardım etdikləri milyonlarla pulu haradan və hansı yollarla əldə etdikləri maraqlandırmırdı. Çünki Evita və Xuan kasıblar üçün yüzlərlə yaşayış evləri, yataqxanalar, pulsuz uşaq bağçaları, yetimxanalar inşa etdirmişdilər. Buna paralel olaraq, Peronlar aclıqdan əziyyət çəkənlər üçün hər ay pulsuz yeməkxanalar açmış, onlara pul və çörəklə yardım etmiş, işlə təmin edilmələri üçün yüzlərlə yeni iş yerləri açmışdılar. Yeri gəlmişkən, bir faktı da xatırlatmaq istəyirik. Belə ki, Yeva xərçəng xəstəliyindən vəfat edəndən sonra onun yoxsullara yardım üçün təşkil etdiyi xüsusi fonddan 100 milyon dollar gizli şəkildə yoxa çıxmışdı. Eyni zamanda şəxsən Evitaya məxsus olan 14 milyon dollar həcmində qızıl əşyaların hansı yollarla əldə edildiyi də məlum deyil. Bu məbləğ Yevaya məxsus olan qızıl əşyaların yalnız bir hissəsi idi.

Nasistlər üçün “cənnət”

II Dünya müharibəsi zamanı Argentina hər vasitə ilə faşist Almaniyası ilə əlaqələrini gizli saxlamağa çalışırdı. Argentina müharibə dövründə üzdə özünü neytral dövlət elan etmişdi. Bununla yanaşı, Argentina Almaniya və onun müttəfiqləri olan Yaponiya və İtaliya ilə sıx iqtisadi əlaqələr saxlamaqda idi. Amma müharibənin sonuna 1 ay qalmış Argentina Almaniyanın artıq məğlub olacağını anlasa da, yenə nasistlərlə əlaqələrini davam etdirərək, onların ölkəyə axınını dəstəkləməkdə idi.

Həmin dövrdə Argentinada Almaniyanın məşhur silah istehsalçıları olan “I.G. Farben, Staudt und Co” və “Siemens Schuckertin” konsernlərinin filialları tam gücü ilə işləməkdə idi. Almaniyanın müttəfiqlər tərəfindən dənizdən və qurudan hərbi blokadaya alınmasından sonra adıçəkilən şirkətlər istehsal etdikləri silahları soydaşlarına göndərmək imkanından məhrum edilmişdilər. Əvəzində Almaniyanın Argentinadakı səfirliyində fəaliyyət göstərən banklarının filialları ağır vəziyyətə düşən ölkələrinə İspaniya ərazisindən kontrabanda yolu ilə ərzaq, kənd təsərrüfatı məhsulları, o cümlədən tibbi yardım vasitələri, dərmanlar, sarğılar və digər zəruri tələbat malları göndərməkdə idilər. Argentinanın sahil limanlarına tez-tez Almaniyaya məxsus olan sualtı qayıqlar yan alırdı.

 

Yalnız ABŞ-ın güclü təzyiqlərindən sonra Argentina 1945-ci ilin aprel ayında Almaniyaya müharibə elan etməyə məcbur oldu. Amma Argentina müharibədən sonrakı dövr də nasistlərlə sıx əlaqələrini qoruyub saxlamaqda davam edirdi. Bu da Almaniyadan qaçan nasistlər üçün Argentinanın, sözün əsl mənasında, “cənnət”ə çevrilməsinə gətirib çıxarmışdı. II Dünya müharibəsi başlayanda Argentinada 13 milyon adam yaşayırdı. Onlardan 500 min nəfərini bu ölkədə yaşayan etnik almanlar təşkil edirdi. Əlbəttə, onların heç də hamısı Hitleri müdafiə etmirdi. Amma onların hamısı hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, Almaniyanı ürəkdən sevən vətənpərvərlər idi. Üstəlik, Argentinada yaşayan 500 min nəfər almanın hamısı yüksəkixtisaslı mütəxəssislər, varlı fermerlər, iş adamları, dövlət məmurları idilər. Argentina ordusunda da əslən alman olan və yüksək vəzifələr tutan kifayət qədər hərbçi var idi. Onların işgüzarlığı və çevik fəaliyyəti isə yerli əhali arasında almanlara böyük rəğbət və sevgi formalaşdırmışdı. Bundan istifadə edən nasistlər Argentinadakı soydaşlarının yardımları ilə yerli əhali arasında Hitlerin simasında dünyanı xilas edə biləcək lider obrazı yaratmışdılar. Bu məqsədlə almanlarla yerli əhalinin daha da yaxınlığını təmin edəcək “idman klubları” qurmuşdular. Bu klublara, adətən, SS məktəbi keçən qaulyayterlər ( sədrlər) rəhbərlik edirdilər. “İdman klubları”nda faşizm açıq-aşkar təbliğ edilirdi. Həmin dövrdə etnik almanlar tərəfindən yaradılan Almaniya Xeyriyyə və Mədəni Əlaqələr Cəmiyyəti faktiki olaraq Almaniya Milli Sosial Demokrat Partiyasının yarırəsmi filialına çevrilmişdi. 1933-cü ildə Argentinada nasizmin təbliğinə xidmət edən xüsusi təbliğat və təşviqat şöbəsi yaradılmışdı. Bu şöbə yalnız Argentinada deyil, bütün Latın Amerikası ölkələrində nasizmi güclü şəkildə təbliğ etməkdə idi.

 1946-cı ildə Argentinada keçirilən seçkilərdə hakimiyyətə Xuan Peron gəldi. Bu işdə ona Yeva Duartenin böyük köməyi dəymişdi. Məhz Yevanın ölkə əhalisi ilə tez-tez görüşməsi və onları Xuanı dəstəkləməyə həvəsləndirməsi sonuncunun öz rəqibləri üzərində qələbəsini təmin edən əsas amillərdən biri oldu. Xuan Peronun hakimiyyətə gəlməsi, öz növbəsində, Almaniyadan qaçan nasistlər üçün göydəndüşmə oldu. Bu da Argentinaya çoxlu sayda nasist axınına təkan verdi. Həmin dövrdə Argentinanın nasistlər üçün  “cənnət”ə çevrildiyini  İtaliyada yüzlərlə dinc sakinin güllələnməsinə rəhbərlik edən  SS zabiti, qauptşturmfürer Erik Pribkenin sonralar öz xatirələrində yazdıqları da sübut edir. O öz xatirələrində yazır: “Həmin çətin və mürəkkəb dövrdə Argentina bizim üçün bir növ cənnəti xatırladırdı”

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN