“Motorola”nı partladanlar video yaydı: “Hazırlaş, indi növbədə sənsən…”

0
689

Donetsk separatçılarının ən odioz və qəddar komandirlərindən biri, “Motorola” ləqəbli Arseni Pavlova sui-qəsd təşkil edənlər qısa videorolik yayaraq növbəti hədəfi elan ediblər.

Silahlı, maskalı və kamuflyajlı şəxslər “az əvvəl bizim tərəfimizdən hamıya tanış olan terrorçu  “Motorola” öldürüldü, hazırlaş Zaxarçenko, Plotnitski, indi növbədə sənsən” deyiblər. Aleksandr Zaxarçenko qondarma “Donetsk xalq respublikası”nın rəhbəridir. İqor Plotnitski isə Luqansk separatçılarının lideridir.

Rusiyanın Komi muxtar respublikasının sakini olan Arseni Pavlov Donbassda separatizm dalğasını başladanlardan və ilk silahlı dəstəni yaradıb Ukrayna ordusuna qarşı döyüşənlərdən biridir. Ölüm onu ötən bazar günü, oktyabrın 16-da Donetskdə yaşadığı binanın liftində haqlayıb. Lftə yerləşdirilmiş plastik partlayıcının işə düşməsi nəticəsində çox güclü partlayış baş verib, “Motorola” və mühafizəçisi yerindəcə həlak olub.

Məlumata görə “Motorola” partlayışın düz episentrində olub və həyatla bir araya sığmayan xəsarətlər alıb. Qondarma respublikanın rəhbəri Zaxarçenko bildirib ki, hadisəni Ukrayna diversantları törədib. “Prezident Poroşenko atəşkəsi pozdu, indi bizim cavabımızı gözləyin”-o bildirib. Kiyev isə hələlik “Motorola”nın öldürülməsinə şərh verməyib.

“Motorola” Donbassda gedən müharibə zamanı öz qəddarlığı ilə ad çıxarıb. Ona bundan əvvəl də bir neçə dəfə qəsd olmuşdu, lakin hər dəfə salamat çıxa bilib, yaxud yaralanıb. Sentyabrın 5-də prezident Poroşenko onu şəxsən hədələmişdi. Ölümündən sonra Ukrayna qəhrəmanı adı alan hərbçi İqor Branovitskinin ailəsinə mükafatın təqdim edilməsi mərasimində Poroşenko bildirib ki, hərbçini “Motorola” şəxsən güllələyib. “Bütün beynəlxalq konvensiyaları pozaraq dindirmə zamanı qeyri-insani banditlərdən biri “Motorola” tərəfindən şəxsən güllələnib. Biz bunun qisasını alacağıq”-o bildirib.

“Motorola” özünün dediyi kimi Kiyevdə “nasistlərin hakimiyyətə gəldiyini eşidən kimi” Donbasa yollanıb. Onun başçılığı ilə Donetsk vilayətinin Slavyansk şəhərində başlayan silahlı qiyam sürətlə regiona yayılıb. “Motorola”nın başçılıq etdiyi, muzdlulardan ibarət “Sparta” batalyonu İlovaysk yaxınlığında Ukrayna ordusunun birləşmələrinin mühasirəyə alınıb divan tutulmasında iştirak edib. Onun batalyonunda Rusiyadan peşəkar hərbçilər döyüşürdü.

Daha sonra “Motorola” Debaltsovo ətrafında Ukrayna ordusunun hissələrinin mühasirəyə alınmasında iştirak edib. Həmin döyüşlərdə Ukrayna ordusu çoxsaylı itkilər verib. Habelə “Motorola” Donetsk aeroportu uğrunda aylarla gedən qanlı döyüşlərdə separatçıların əsas qüvvələrinə rəhbərlik edirdi. Bu döyüşlərdə Ukrayna r ordusunun “kiborqlar” adı almış bir qrup xüsusi təyinatlısı Rusiyadan bir ucdan göndərilən muzdlularla döyüşlərdə sonadək müqavimət göstərib, aeroportun binasının son qalıqları da dağılana qədər döyüşüblər.

Atəşkəsin əldə olunmasından sonra bir sıra səhra komandirləri özlərini siyasətdə sınamağı qərara alsalar da “Motorola” və batalyonu döyüş mövqelərində qalmaqda idi. Ötən ay Donetks separatçılarının lideri Zaxarçenko bildirmişdi ki, “qonşu Luqansk respublikasında dövlət çevrilişi cəhdini” yatırmaq üçün “Motorola” və batalyonu ora göndərilib.

Ukraynanın separatçı ərazilərdə diversiya əməliyyatları həyata keçirdiyinə dair bundan əvvəl də faktlar var idi. Bu ilin avqustunda Luqansk separatçılarının lideri İqor Plotnitskiyə sui-qəsd olub, o, ağır yaralansa da sağ qalıb. İyun ayında isə “Motorola” sui-qəsdlə üzləşib və yaralanıb, Rusiyada əməliyyat olunub.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 4 =