Milli Məclisin sektor müdiri olmuş Fəridə Məcidovanın baltalanması Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu qətlə görə onun həyat yoldaşı Məzahir Qasımi hakim önünə çıxarılıb.
“Qaşığı qızdırıb qardaşımın bədəninə basırdı”
Təxminən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləmiş Fəridə Məcidova ötən il sentyabrın 9-da yaşadığı evdə baltalanıb. Hadisənin ər-arvad arasında mübahisə zəminində baş verdiyi bildirilir. Elə Məzahir Qasımi də belə deyir.
“Olay Məzahir Qasıminin doğum günündə baş verib”
Həmin gün onlar boşanmaq üçün məhkəməyə gedəcəklərmiş. Məzahir Qasıminin bacısı Dilarə Məcidova yanvarın 31-də keçirilən məhkəmədə şahid kimi ifadə verərkən, belə deyib.
Qardaşının hərəkətindən sarsıldıqlarını söyləyən şahidin sözlərinə görə, ailəsində anlaşılmazlıq olsa da, heç kim Məzahir Qasıminin belə iş tutacağına inanmazdı: “Onu dəqiq bilirəm ki, onlar boşanacaqdılar. Həmin gün də boşanmağa gedəcəkdilər. Mən bu xəbəri eşidəndə şoka düşdüm. Axı niyə öldürməli idi? Mən bu hadisəyə heç cür inana bilmirəm. Hamı Məzahiri sakit, fağır adam kimi tanıyırdı”.
“Açığı, Fəridə özündən razı idi”
Bu qətllə bağlı versiyalardan biri də olayın mülkiyyət mübahisəsindən qaynaqlanmasıdır. Dilarə Məcidova bu haqda sualı cavablarkən deyib ki, qardaşıgilin yaşadığı ev mərhumun atasından qalıbmış. Onun sözlərinə görə, axır zamanlar işsiz olan qardaşının əvvəllər biznesi varmış. Başqa sözlə, işsizlik də mübahisələrə yol açırmış: “Açığı, Fəridə özündən razı idi, özünü Məzahirdən üstün tuturdu”.
Məzahir Qasıminin digər bacısı daha öncə ifadəsində demişdi ki, Fəridə qaşığı qızdırıb, qardaşının bədəninə basırmış. Amma Fəridənin bacısı Dilarə Məcidovanın sözlərinə görə, belə bir şey eşitməyib və bu, mümkünsüzdür.
“Belə bir hal olmayıb”
Məzahir Qasımi özü də bacısının dediklərini inkar edərək bildirib ki, mərhum həyat yoldaşı ilə aralarında belə bir hal olmayıb.
Məhkəmə davam edir.