Misli görünməmiş talama: “otkat” 45 faizə qalxıb, rabitəçilər qul kimi işlədilib…

0
580
 11

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.

Virtualaz.org xəbər verir ki, bu korrupsiya sistemi nazirliyin strukturuna daxil olan müəssisələrin hər ay xərclərin şişirdilməsi yolu ilə ayrılan vəsaitlərdən topladıqları “otkat”ı rəhbərliyə təhvil verməsini, yığılan pullardan isə hər ay nazir Əli Abbasov başda olmaqla vəzifəlilərə “paket”lərin verilməsini, habelə nazirliyə “krışalıq” edən MTN-nin generallarına aylıq haqqın ödənilməsini nəzərdə tuturdu.

Xəbər verdiyimiz kimi bu sistemdə nazir Əli Abbasovun aylıq “paketi” 300-400 min manat, nazir müavinlərinin “paketi” isə 30-50 min manat arasında olub. Habelə nazirliyin strukturunda olan müəssisələrin rəhbərləri, digər vəzifələrilər də bol sıfırlı “paketlər” alıblar.

Nazirlikdəki korrupsionerlər isə dövlətin pulunu mənimsəmək üçün o dərəcədə həyasızlaşıblarmış ki, nəinki görülən işlərə görə xərcləri şişirdiblər, eyni zamanda ümumiyyətlə görülməyən işlərə görə pul ayırıb mənimsəyiblər. Yaxud cinayət işinin epizodlarından birindən məlum olur ki, son vaxtlar bu mütəşəkkil qruplaşmanın dövlətin pulunu mənimsəmək hərisliyi daha da artıbmış. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olan qruplaşma bir çox hallarda podratçı şirkətlərə xərcləri hətta 45 faiz şişirtmək barədə təlimat verib. Bundan əvvəlki epizodlarda xərclərin ən çoxu 35 faiz şişirdilməsi faktlarından söhbət gedirdi.

“Rabitəçilərin işi” üzrə təqsirləndirilən şəxs, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin illərlə “pul yuma” üçün istifadə etdiyi “Rabitə Mülki Tikinti” və “3 nömrəli Rabitə Təmir Tikinti” MMC-lərin direktoru  Emin Məmmədov 21.10.2015-ci il tarixdə şübhəli şəxs qismində tutularkən ifadəsində törətdiyi əməlləri etiraf edib. O, BTRİB-nin Baş direktoru Beytulla Hüseynovun göstərişi ilə müəssisələrinin hesabına köçürülmüş vəsaitin 45 faizini nağdılaşdırmaqla sonuncuya verdiyini, həmin vəsaiti icra etdiyi işlərin qiymətini şişirtməklə əldə etdiyini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qoyulmuş ümumi qaydaya əsasən müqavilələrdə nəzərdə tutulmuş vəsaitin 45 faizini nağdılaşdırmaqla qaytarmalı olduğunu bildirib. 

Bununla belə Emin Məmmədov “Aztelekom” MMC epizodu üzrə ətraflı ifadə verməkdən imtina edib. Hərçənd ki, onun şirkətləri və digər MMC-lər üzərindən 2009-2015-ci illərdə on milyonlarla manat mənimsənilib.

İstintaq materiallarına əsasən “Aztelekom” MMC-nin fəaliyyəti ilə bağlı tərtib edilmiş 02.11.2015-ci il tarixli ilkin mütəxəssis rəyinə əsasən müəyyən olunub ki, bu müəssisədən 2009-2015-ci illər ərzində təmir-tikinti işlərinin görülməsi, həmçinin mal-materialların alınması üçün ayrı-ayrı podratçı təşkilatlara cəmi 129 milyon manata yaxın vəsait köçürülüb. Həmin vəsaitin 33 milyon 750 min manatı nağdılaşdırılıb, oradan  29 milyon 700 min manatı nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, 3 milyon 807 min manatı “Aztelekom” MMC-nin direktoru Məhəmməd Məmmədov, 243 min manatı isə baş mühasib Oktay Rüstəmov götürüb.

Habelə  istintaq zamanı müəyyən edilib ki, “Aztelekom” MMC-nin strukturuna daxil olan yerli Telekommunikasiya Qovşaqlarında yerinə yetiriləcək iş və xidmətlər zamanı vəsaitlər podratçı təşkilatların hesablarına köçürülməsinə, işlərin həmin podradçı təşkilatların əməkdaşları tərəfindən görülməli olmasına baxmayaraq bütün işləri yerli telekommunikasiya qovşağının əməkdaşlarına gördürüblər. Bura yerlərdə poçt şöbələri üçün binaların tikintisi, kabellərin çəkilməsi, təmir işləri və s. daxildir.  Başqa sözlə, “rabitə mafiyası” sənədlərdə guya həmin işlərin podratçı şirkətlərin işçiləri tərəfindən görüldüyünü göstərib, əvəzində isə yerli telekommunikasiya qovşaqlarının onsuz da qəpik-quruş maaşa möhtac olan işçilərini qul kimi istismar edərək bu işləri görməyə məcbur ediblər…

Virtualaz.org

BIR CAVAB BURAXIN