(Topun monoloqu)
– Vallah, futbolçuların qəribə şakəri var: qapıya getməyən kimi arxamca o ki var gileylənirlər. Bu gileyi başa düşürəm. Amma onların arasında elələri var ki, məni açıq şəkildə təhqir edirlər. Üstəlik, bu əməllərindən xüsusi zövq alırlar. Sözüm belələrinədir: balam, məni niyə təhqir edirsiniz? Axı mən hanıs günahın sahibiyəm? Bir məni başa salın da… Axı niyə anlamırsınız ki, məni hansı istiqamətə yönəldirsinizsə, mən da ora baş götürüb gedirəm: buyuruq quluyam da… Daha ünvanıma hədyanlar niyə yağdırırsınız? Vallah, belə olmaz. Guya mənim dirəklərə dəyməkdən, yaxud tirə tuş gəlməkdən xoşum gəlir? Əsla, yox. Heç belə görüşlərin, öpüşlərin həsrətində də deyiləm. Vallah, hər dəfə dirəklərə dəyəndə, tirə tuş gələndə o dünyanı görüb gəlirəm. İnandırım sizi, belə məqamlarda elə sızlayıram, elə yanıb-yaxılıram ki… Heç bir kəlmə: “Ağrın ürəyimə” deyən də olmur. Bəlkə, demisiniz, mən eşitməmişəm?
Amma gizlətmirəm, qapıçılar məni çox əzizləyirlər. Hətta bəzən məni ələ keçirəndə elə qucaqlayırlar ki… Hər dəfə onların isti nəfəslərini duyanda aldığım zərbələri bir anlıq unuduram, özümü ana qucağındakı uşaq kimi hiss edirəm. Onlar da məni elə uşaq kimi oxşayırlar. Gizlətmirəm, onların ağuşundan ayrılmaq belə istəmirəm. Məncə, qapıçılar da bunu yaxşı dərk edirlər. Lakin onlar məni əllərində çox saxlamırlar. Çünki yaxşı bilirlər ki, əks halda mənə görə hakimin cəzasına məruz qalarlar. Hə, nə gizlədim, hərdən oyun zamanı özüm də o isti qucağa, ələ ehtiyac duyuram. Odur ki, sizin əlinizə, qolunuza toxunuram. Bəziləriniz də sanki yaxşılıq etmək naminə mənə toxunursunuz. Belə epizodlarda da əksər hallarda zibilə düşən elə mən oluram. Yəni yenə dəyən mənə dəyir… Hə, bir də meydandan çıxanda məni başınızın üstünə qaldırıb yenidən oyuna daxil edirsiniz. Təbii ki, belə məqamlarda da özümü xoşbəxt sanıram.
Əzizlərim, yaxşı bilirəm ki, siz məni tora qovuşdurmaqdan ötrü dəridən-qabıqdan çıxırsınız. Elə oyunun taleyini də mənim ona qovuşmağım həll edir. Bunu mən də yaxşı dərk edirəm. Sözün düzü, mən də tez-tez tora düşmək istəyirəm. Bilirsinizmi niyə? Çünki hər dəfə tora qovuşanda dərindən nəfəs dərmək imkanım olur…Təbii ki, belə hallarda da azacıq da olsa, istirahət edirəm. Yeni nəfəslə, yeni güclə oyuna qayıdıram. Qayıdan kimi də məni yenidən, əgər belə demək mümkünsə, təpik altına salırsınız. Yenə deyirəm, mən buna görə sizdən əsla incimirəm. Yaxşı bilirəm ki, döyülmək mənim alnıma yazılıb.
Amma nə olar, məni özünüz ora-bura göndərib təhqir etməyin. Axı mənim də mənliyim var. Düzü, mən hər oyundan sonra sizdən şərəf və ləyaqətimin təhqiri ilə bağlı şikayət edib, bu məsələni daha yüksək instansiyalarda həllinə nail olardım, üstəlik, sizi cərimələrə məruz qoyardım. Amma belə bir fikirdə deyiləm. Ona görə yox ki, yanınınza gözüm kölgəlidir. Ona görə ki… Hə, mənə belə gəlir ki, bu “ona görə”m sizə da maraqlıdır, elədirmi? Yox sizi çox intizarda saxlamaq fikrim yoxdur. Odur ki deyirəm: hər oyunda uşaq kimi ardımca qaçan sizsiniz, elə deyilmi? Elədir. İndiyədək mən sizin dalınızca düşüb qaçmamışam ki, qapınızı döyməmişəm ki? Kişi kimi deyin də… Bax indən belə də sizin dalınızca da düşüb təmiz adıma ləkə gətirmək istəmirəm. Amma bir xahişim var, bir az ədəbli olun, məni təhqir etməyin.