Arazinfo.com saytı yazıçı-jurnalist Əziz Mustafanın məşhur tarixçi Lev Qumilyov haqqında qələmə aldığı araşdırma yazının ikinci hissəsini oxucularına təqdim edir
Elmə olan böyük maraq və həvəsi nəticəsində Lev Qumilyov 1937-ci ildə Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə bərpa edilməyə nail oldu.
Bunun ardınca o, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən keçirilən elmi konfranslardan birində “VI-VIII əsrlərdə türklərdə malikanə-idarəetmə sistemi” adlı məruzə ilə çıxış etdi. Bu məruzəsində o, Qərb və Rusiya alimlərinin türklərin tarixinə yanaşma ənənəsindən kənara çıxaraq, məsələyə daha real baxımdan yanaşmışdı. Onun qədim türklərin tarixinə yeni prizmadan baxması və onu novatorcasına tədqiq etməsi SSRİ-nin tanınmış tarixçilərini belə heyrətə salmışdı.
lk həbs
1934-cü ildə Qumilyov Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə qəbul olundu. O burada dövrünün görkəmli tarixçi alimləri V. V. Struve, E. B. Tarle, S. İ. Kovalyov və digərlərindən dərs aldı.
Həmin dövrdə Lev Qumilyova elə gəlirdi ki, artıq təhqir və təhdid dövrünü arxada qoyub və özünə qarşı heç yerdən təhlükə gözlənilmir. Ancaq gözlənilmədən onun başının üstünü qara buludlar aldı. Belə ki, 1934-cü ildə Krım ekspedisiyasına rəhbərlik edən Q. A. Bonc- Osmolovski həbs edildi. Bunun ardınca ekspedisiyanın digər üzvləri də izlənilməyə başlandı. 1935-ci ildə Lev Qumilyov və onun yaxın tələbə dostları dövlət əleyhinə təbliğat aparmaqda günahlandırılaraq həbs edildilər. Bunu görən Levin anası şairə Anna Axmatova oğlunun və dostlarının günahsız yerə həbs edildiyi barədə Stalinə məktubla müraciət etdi. Stalin tanınmış şairənin müraciətinə rəğbətlə yanaşdı. Nəticədə Lev Qumilyov və dostları günahları sübuta yetirilmədiyi üçün həbsdən azad edildilər. Buna baxmayaraq, Lev Qumilyovu etibarsız adam kimi universitetdən xaric etdilər. Amma gənc Levdə ali təhsil almaq həvəsi və tarix elminə maraq olduqca böyük idi. Ona görə də, o, müstəqil şəkildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad şöbəsinə gedərək, orada qədim türklərə aid olan tarixi mənbələri öyrənməyə başladı. Tarix elminə, xüsusilə, qədim türklərin həyatına olan sonsuz marağın səbəbini onun özü də anlaya bilmirdi. Bununla əlaqədar üstündən illər ötəndən sonra Lev Qumilyov yazmışdı: “Uşaqlıqdan məndə coğrafiyaya və tarixə böyük maraq olub. Ona görə də, əlimə tarix və coğrafiyaya aid nə düşübsə acgözlüklə oxumuşam. Sonralar ekspedisiya ilə Orta Asiyaya səfərə çıxanda mən burada sanki öz doğma yaxınlarımı gördüm. Onlar mənim anlaya bilmədiyim dildə danışırdılar. Mən də onların dilində danışmaq istədim və burada ilk dəfə gələcək həyat yolumu müəyyən edəcək bir yol seçərək tacik dilini öyrəndim. Sonra tale məni qədim türk məzarlarının tədqiqi ilə bağlı ekspedisiyaya aparıb çıxardı və qədim türklərin tarixini öyrənmək və tədqiq etmək mənim həyatımın ayrılmaz bir hissəsinə çevrildi.”
Yeni tədqiqatlar və ikinci həbs
Elmə olan böyük maraq və həvəsi nəticəsində Lev Qumilyov 1937-ci ildə Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə bərpa edilməyə nail oldu. Bunun ardınca o, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu tərəfindən keçirilən elmi konfranslardan birində “VI-VIII əsrlərdə türklərdə malikanə-idarəetmə sistemi” adlı məruzə ilə çıxış etdi. Bu məruzəsində o, Qərb və Rusiya alimlərinin türklərin tarixinə yanaşma ənənəsindən kənara çıxaraq, məsələyə daha real baxımdan yanaşmışdı. Onun qədim türklərin tarixinə yeni prizmadan baxması və onu novatorcasına tədqiq etməsi SSRİ-nin tanınmış tarixçilərini belə heyrətə salmışdı. Onun bu məruzəsi ilə tanış olan məşhur tarixçilərdən biri : “Qədim türk tarixinə və şərqşünaslıq elminə yeni bir nəfəs gəlir. Bundan sonra türk xalqlarının tarixi özünün əsl tədqiqatçısına qovuşaraq onunla yeni zirvələr fəth edəcək. Bundan sonra kimlərsə çətin ki, qədim türklər haqqında əsl həqiqətlərin üstündən sükutla keçə bilsinlər”,- demişdi. Amma həmin dövrdə SSRİ-də çıxan elmi jurnalların heç biri Lev Qumilyovun bu məqaləsinin çapına cəsarət etmədi. Çünki həmin dövrdə Stalin və onun ətrafındakılar arasında türk düşmənçiliyi çox güclü idi. Üstəlik, həmin ərəfədə Stalin xüsusi sərəncamla bir gecədə SSRİ məkanında yaşayan bütün türklərin yaşadıqları əraziləri adı ilə özbək, qazax, türkmən qırğız, tatar milləti adlandırılması barədə sərəncam imzalamışdı. Ona görə də, bu məqalə yalnız Stalin öləndən 6 il sonra 1959-cu ildə “Sovet etnoqrafiyası” jurnalının 3-cü sayında işıq üzü gördü. Onu da deyək ki, Lev Qumilyovun türklərin tarixinə yeni müstəvidən yanaşması həmin dövrdə Kremldə birmənalı qarşılanmadı. Onu həbs edərək susdurmaq üçün bəhanə axtarmağa başladılar. Tezliklə belə bir bəhanə tapıldı və eynilə atasına münasibətdə olduğu kimi Lev Qumilyovu da saxta ittihamla həbs etdilər. Məhkəmə Lev Qumilyova 5 il həbs cəzası kəsdi. Bundan sonra onu cəzasını çəkmək üçün həmin illərdə gedər-gəlməz məkan hesab edilən uzaq Norilsk şəhərinə göndərdilər. Güman edirdilər ki, dünyanın ən soyuq yerlərindən birində həbs cəzası çəkməsi Qumilyov üçün son demək olacaq və o, oradan qayıtmayacaq. Amma Norilskdə keçirdiyi ağır həbsxana həyatı, aclıq və soyuq onu fiziki baxımdan məhv edə bilmədi.
Həbsdə də elmi axtarışları davam etdirdi
Həbsdə yatdığı vaxtda belə o, həvəslə elmi axtarışlarını davam etdirirdi. Üstündən xeyli illər ötəndən sonra, artıq ömrünün müdrik dövründə türkoloq alim həyatının o dövrü haqqında belə deyəcəkdi : “Bir dəfə mən kameranın pəncərəsindən içəri düşən zəif işıq selini gördüm. Birdən-birə illər boyu axtardığım suala cavab tapmağıma bu işıq kömək oldu. Öz-özümə düşündüm ki, deməli, göydən yerə, insanlara xüsusi bir enerji verilir. Bütün baş verənlər də məhz bu enerjinin hesabınadır. Məsələn, Makedoniyalı İsgəndəri Hindistana, Orta Asiyaya aparıb çıxaran nə idi? Onu bu yürüşlərə nə sövq edirdi? Mən bu barədə düşündüm və başa düşdüm ki, bütün bunlara onu vadar edən öz içindəkidir. Mən bunu passionarlıq adlandırdım”.
Həbsdə olduğu müddətdə də o qədim türklərin həyatını öyrənməkdə davam edirdi. O, hunlar haqqında əsl həqiqətləri ortaya qoyan ilk tarixçi oldu. Halbuki, qədim Çin mənblərinə istinad edən rus və Avropa tarixçilərinin hamısı hunları vəhşi və barbar kimi qələmə verirdi. Heç bir Qərb və rus tarixçisi Çin mənbələrində hunların vəhşi adlandırılmasının səbəblərini çinlilərin bu qədim xalqla düşmənçiliyi ilə izah etmirdi. Çünki onların da qanlarında türk düşmənçiliyi, türkə nifrət hissi vardı. Qumilyov isə hunlara və digər türk xalqlarına olan bu mənfi münasibəti və ayrı seçkilik anlamına gələn steorotipi qıraraq ona yeni təfəkkür tərzindən yanaşdı. O cəsarətlə bildirdi ki, Çin mənbələrində türklər barədə yazılan sözlər düşmənə nifrətdən yaranıb və buna görə də onlara inanmaq lazım deyil. Ona görə də məşhur tarixçi Çin mənbələrinə əsasən, hunları barbar kimi qələmə verən tarixçilərə müraciətlə yazırdı: “Qədim mənbənin yanlış olduğunu bilə-bilə, nəyə görə onu öyrənməli və ondan nəticələr çıxarmalıyıq?”
Bütün məhrumiyyətlərə baxmayaraq, Qumilyov 5 illik həbs cəzasını başa vura bildi. Lakin onu geriyə buraxmaq istəmirdilər. Ona görə də, Qumilyova daha bir il Norilski tərk etmək qadağan edildi. Qumilyov bunu görüb Norilskdəki müəssisələrdən birində texnik-geoloq kimi işə düzəldi. Həmin vaxt o, yaşamağa yeri olmadığı üçün Norilskdəki fəhlə baraklarından birində yaşadı. Barakda SSRİ-nin müxtəlif yerlərindən Norlskə sürgün edilən və həbs müddətləri başa çatandan sonra geriyə qayıtmağa icazə verilməyən tatar, başqırd, qazax, azərbaycanlı və digər türk xalqlarının nümayəndləri də yaşayırdılar. Onlar rus dilini yaxşı bilmədiklərindən öz aralarında türk dilinin müxtəlif ləhcələrinda danışır və asanlıqla biri-birlərini başa düşürdülər. Bu, Qumilyovun həyatında daha bir önəmli hadisə oldu. Belə ki, Qumilyov qısa müddətdə barakdakı türk xalqlarının nümayəndələrindən türk dilini öyrəndi. Qumilyov həmin dövrdə Norilskdə sürgün həyatı yaşayan türk xalqlarının ən sevimli dostlarından birinə çevrilmişdi.
Könüllü cəbhəyə gediş
1944-cü ildə Qumilyov müvafiq qurumlara ərizə işə müraciət edərək döyüşən orduya göndərilməsini xahiş etdi. Əvvəlcə “vətən xainin”in oğlu sayılan Levin bu xahişinə təəccüblə yanaşaraq onu cəbhəyə göndərmək istəmədilər. Ancaq ordunun həmin dövrdə əsgərə böyük ehtiyacı olduğu üçün 6 ay sonra, 1944-cü ilin payızında Lev Qumilyovu döyüşən orduya göndərdilər. O, Birinci Belorusiya cəbhəsinə daxil olan hərbi hissələrdən birində sıravi əsgər kimi almanlara qarşı döyüşməyə başladı.
Əziz Mustafa\Arazinfo.com