İstiqlala gedən yol-28 MAY

0
1702

.
28 may 1918-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan adı tarixdə ilk dəfə idi ki, coğrafi-ərazi adından çıxaraq siyasi ada – dövlət adına çevrildi.
Şimali Azərbaycan müstəmləkə əsarətindən qurtularaq dövlət müstəqilliyi qazandı.
Türk islam dünyasında ilk dəfə Şimali Azərbaycanda respublika quruluşu bərqərar edildi. AXC-nin yaranması Azərbaycan xalqının taleyində mühüm rol oynadı. Belə ki, Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra Cənubi Qafqazdabaş verən prosesslər Azərbaycan torpaqlarının parçalanaraq zəbt edilməsi və azərbaycanlıların fiziki cəhətdən məhv edilməsinə aparırdı. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanı bu fəlakətlərdən xilas etdi. Ömrünü Azərbaycana həsr etmiş aydınlarımız, başda M.Ə.Rəsulzadə,E.Topcubasov,F.Xoyski,N.Yusifgeyli,H.Aqayev,X.Xasmemmedov,M.Hacinski olmaqla “Müsavat” partiyası ictimai-siyasi və iqtisadi vəziyyətin çox mürəkkəb olduğu bir dövrdə gərgin mübarizə nəticəsində AXC-ni yaratdılar. M.Ə.Rəsulzadənin sözləri ilə desək: “İstiqlaldan kənar Azərbaycan yoxdur” deyə Azərbaycanın istiqlalını həyata keçirmiş, yoxdan bir dövlət yaratmışlar.
Bu dövləti milli, mənəvi və bəşəri dəyərlərə əsaslanan istiqlal düşüncəsi və milli ideologiya üzərində qurdular.
Mən bu məqalədə AXC-nin yaradılması və gördüyü işlərdən yox ictimai –siyasi vəziyyətin çox ağır və mürəkkəb olduğu dövrdə Azərbaycanda gedən siyasi proseslərdən danışmaq istəyirəm.
1917-ci il oktyabr çevrilişindən sonra Cənubi Qafqazda siyasi proseslər kəskin xarakter aldı. Azərbaycanda milli-azadlıq mübarizəsi bir neçə istiqamətdə aparılırdı. Birinci Müvəqqəti hökumətin və sonra Sovet Rusiyasının yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı mübarizə daxil idi. İkinci bolşeviklərin rəhbərlik etdiyi Sovetlərə qarşı mübarizə idi. Bolşevik – eser –menşevik–daşnak blokunun birləşdiyi Sovetlər “Vahid və bölünməz” Rusiya imperiyası ideyasını təbliğ edirdilər. Üçüncü Rusiya imperiyasının dağılması şəraitində “böyük ermənistan” yaratmaq xulyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı soyqırım törədilməsinə qarşı mübarizə idi. Nəhayət Azərbaycanda marağı olan beynəlxalq güclərin, Rusiya, Almaniya, İngiltərə və ABŞ-ın yeritdiyi siyasətə qarşı mübarizə. Belə ki, 1917-ci il dekabrın 23-də Parisdə Antanta dövlətlərinin gizli sövdələşməsi nəticəsində Cənubi Qafqaz və Orta Asiya ingilis işğal zonasına salındı. İngilislər deyirdilər; Bakı kimindirsə Xəzərdə ağalıq da onundur.
1917-ci il 15 noyabrda Cənubi Qafqazı idarə etmək üçün Rusiyadakı bolşevik hakimiyyətini tanımayan Zaqafqaziya Komissarlığı yaradıldı. Ancaq S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti (02 noyabr 1917), onlarla əlbir olan eremənilərin fəal müdaxiləsi,Komissarlığa daxil olan müsavatçılar, menşeviklər və daşnaklar arasındakı fikir ayrılıqları, üstəgəl xarici gərginlik Komissarlığın fəaliyyətini iflic etmişdi. Ona görə də Zaqafqaziya Komissarlığının sabitlik yaratmaq səyləri bir nəticə vermədi.
1918-ci il fevralın 10-da Ümumrusiya Müəssisələr Məclisinə Cənubi Qafqazdan seçilən nümayəndələrdən Zaqafqaziya Seymi yaradıldı. Seymdə Azərbaycan fraksiyası 4 partiyaya məxsus 44 millət vəkili ilə təmsil olunmuşdu. Bakı, Komissarlığı və Seymi tanımayan yeganə şəhər idi.
Rusiya XKS-ti 02 noyabr 1917-ci ildə “Rusiya xalqlarının hüquq bəyannaməsi” və 22 noyabrda “Rusiya və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” adlı bəyannamələr qəbul etdi. Bu sənədlərdə bütün xalqların hüquq bərabərliyi elan edilir, xalqlara öz müqəddəratlarını təyin etmə hüququ hətta ayrılmaq və müstəqil dövlətlər yaratmaq elan edilirdi. Lakin bir tərəfdən bütün bunlar elan edilir, digər tərəfdən Zaqafqaziyada Rusiya XKS-nin hakimiyyətini təmin etmək üçün 16 dekabr 1917- ci ildə qətnamə qəbul edildi. Rusiya XKS-nin bu qətnaməsinə əsasən V.Lenin Bakı Sovetinin sədri S.Şaumyanı Cənubi Qafqazın fövqəladə komissarı təyin etdi. Tiflisdə yaradılmış Hərbi İnqilab Komitəsi Bakıya köçürüldü. Bolşevik- Daşnak qüvvələri Bakıda cəmləşməyə başladılar. Bakıda hakimiyyəti tam ələ almaq bütün Cənubi Qafqazı sovetləşdirmək və Rusiyaya tabe etmək məqsədi ilə silahlı dəstələr və Qırmızı qvardiya yaradılmağa başlanıldı. Cəbhədən qayıdan əsgərlər Bakıda cəmləşdirilirdi. Bu işdə erməni Milli Şurası xüsusi canfəşanlıq edirdi. Ümimilikdə Bakıda 20 minlik silahlı qüvvə toplanmışdı. Rus Milli Şurası Cənubi Qafqaz xristianlarını məqsədyönlü olaraq silahlandırırdı.
1918-ci ilin əvvəllərində vəziyyət daha da mürəkkəbləşdi. Almaniya ilə Rusiya arasında danışıqlar baş tutmadıqdan sonra türk qoşunları hücuma keçərək Qars Ərdahan və Batumu tutdu. Digər tərəfdən Azərbaycanda milli hərəkatın genişlənməsi milli –azadlıq carçısı olan “Müsavat”-ın nüfuzunun günü-gündən artması S.Şaumyanın başçılıq etdiyi bolşevik –daşnak hökumətini və “böyük Ermənistan” xulyası ilə yaşayan erməniləri vahiməyə salırdı. Hələ fevral inqilabından sonra Azərbaycanın müxtəlif bölgələrində Müsəlman Milli Şuraları yaradılırdı. Milli Şuralar vətənpərvər qüvvələri öz ətrafında birləşdirir və yerlərdə hakimiyyəti ələ alırdılar. Milli hərbi dəstələrin yaradılması yerli Milli Şuraların əsas işlərindən biri idi. Fransa İngiltərə və ABŞ hökumətləri Cənubi Qafqazda antibolşevik qüvvələrə kömək etməyə xüsusi diqqət verirdilər. Bütün bunlar V.Lenini xüsusilə narahat edirdi. Çünki Sovet Rusiyasının Bakı neftinə Cənubi Qafqazın təbii sərvətlərinə böyük ehtiyacı var idi. Ona görə də Lenin Bakıda möhkəmlənmək və ətraf əraziləri də sovetləşdirməyi ən mühim vəzifə hesab edirdi. Məhz buna görə də “Müsavat”-ın sosial bazasını məhv etmək, Azərbaycan milli azadlıq hərəkatına divan tutmaq üçün fitnə-fəsad törətməyə başladılar. Bunun məntiqi nəticəsi kimi azərbaycanlılara qarşı milli qırğın-soyqırım törədildi. Bunu planlı şəkildə həyata keçirmək üçün hələ martın 15-də Bakı Sovetinin iclasında S.Şaumyan “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” göstərişini vermişdir. Çünki onlar gözəl bilirdilər ki, onların Azərbaycanda sosial dayaqları yoxdur. Bunu ancaq silah gücünə etmək olar . (Eyni ilə N.Nərimanov 1920-ci ildə XI ordunun Azərbaycanı işğal etməsi ilə Azərbaycanı sovetləşdirdi.)
Milli qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün Bakıda İnqilabı Müdafiə Komitəsi yaradıldı. Bu komitəyə S.Şaumyan, V.Çaparidze, Q.Korqanov, N.Nərimanov və başqaları daxil oldu. İnqilabı Müdafiə Komitəsi Bakıda cəmləşdirilmiş bolşevik, daşnak və rus qüvvələrindən məharətlə istifadə edərək Bakıda 12 Smin günahsız azərbaycanlını qətlə yetirdilər. (N.Nərimanovun Azərbaycan sevgisinə söz ola bilməz.) Martın 30-da Bakı Soveti hərbi dəstələri başçılarının təcili iclası keçirildi. Döyüşə başlamaq haqqında qərar qəbul edildi. Erməni Milli Şurasına və daşnak liderlərinə müraciət edildi ki, öz hərbi dəstələrini hərəkətə gətirsinlər. Bolşevik –daşnak qüvvələri Bakı qətlyamından sonra bölgələrdə də hakimiyyəti ələ almaq məqsədi ilə bölgələrə sovet qoşunları adı altında bolşevik-daşnak qüvvələri göndərildi. Şamaxı, Quba, Xaçmaz, Lənkəran və başqa yerlərdə milli qüvvələrə divan tutuldu, azərbaycanlılara qarşı soyqırım həyata keçirildi.
Antanta dövlətlərindən əlini üzən ermənilər indi də bolşevik maskası geyerek azərbaycanlılara qarşı soyqırım həyata keçirirdilər. T.Əmirov, A.Amazasp, S.Lalayan, A.Mikoyan və başqaları müxtəlif yerlərdə dəhşətli cinayətlər törətməyə başladılar.
S.Şaumyan Leninə yazdığı 13 aprel tarixli məktubunda daşnakların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu etiraf etmişdir.Soyqirimi ermenilerin ustune yixib bolsevikleri temize cixarmaq ucun. 1918-ci il mart soyqırımı Azərbaycan milli demokratik qüvvələrini və müstəqillik ideyalarını məhv etmək məqsədi ilə təşkil edilmişdir. Həmin məktubda Şaumyan yazırdı: “Müsəlman millətçi partiyaların müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti tükdən asılı idi. Əgər onlar Bakıda üstün gəlsə idilər şəhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri müsəlman unsurləri tərksilah edib qırardılar.” Göründüyü kimi mart soyqırımının əsl günahkarları Lenin başda olmaqla bolşeviklərdir. Bolşeviklər partiyasını təmizə çıxarmaq əbəsdir. Ermənilər yaranmış fürsətdən maksimum istifadə edərək soyqırım törətmişlər.
Yaranmış üstünlükdən istifadə edən bolşeviklər siyasi hakimiyyətlərini möhkəmlətməyə başladılar. Bolşevik və erməni mətbuatından başqa qalan bütün qəzet və jurnallar bağlandı. F.Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər Duması buraxıldı. Erməni Milli Şurasından başqa qalan bütün milli şuraların fəaliyyəti qadağan edildi. 1918-ci il aprelin 25-də S.Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissarları Soveti yaradıldı. Bakı XKS özünü Sovet Rusiyasının tərkib hissəsi hesab edirdi. 1918-ci il 01may bəyannaməsində bildirilirdi: Bakı XKS “Rusiya fəhlə, kəndli hökumətinin-Ali Xalq Komissarları Sovetinin bütün dekret və sərəncamlarını yerli şəraitə uyğun olaraq həyata keçirəcəkdir.” Rusiyadakı kimi hakimiyyət orqanları yaradılmağa başlandı. Banklar, Neft sənayesi Xəzər Ticarət Donanması milliləşmə adı ilə zəbt edildi. Rusiyanın yanacağa olan təlabatını ödəmək üçün neft yataqlarının istismarı gücləndirildi. Rusiyaya əvəzi ödənilmədən 1mln. 300min ton neft və neft məhsulları göndərildi. Faktik olaraq Bakı Soveti Rusiyanın yerli orqanına çevrilmiş, Moskvanın qərarlarını yerinə yetirirdi.
Azərbaycanı bütünlüklə sovetləşdirmək məqsədi ilə Bakı XKS-nin qoşunları Gəncə üzərinə yürüşə hazırlaşırdı. Onlar Andronikin quldur dəstələrinin Zəngəzuru, Qarabağı işğal edərək Gəncəyə yaxınlaşmasını gözləyirdilər. 1918-ci il iyunun 12-də bolşevik –daşnak qüvvələri Kürdəmiri işğal etdilər. Göründüyü kimi Azərbaycan xalqını böyük faciələr gözləyirdi. Çünki bolşeviklərin işğal etdiyi bölgələrdə əhaliyə divan tutulurdu. Azərbaycan xalqının fiziki məhv edilməsi torpaqlarımızın ruslar və ermənilər arasında bölüşdürülməsi artıq heç kimə sir deyildi.
Zaqafqaziya Seymi bolşevik-daşnak qüvvələrinin milli qırğın törətmələrinin qarşısını ala bilmirdi. 1918-ci ilin yaz və yayında Azərbaycanın müxtəlif yerlərində hərbi əməliyyatlar gedirdi. Quba və Xaçmaz bölgələrində könüllü azərbaycanlı dəstələri “Bakı Petrovsk” dəmir yol xətti boyunca fəaliyyət göstərirdi. Hamazaspın rəhbərlik etdiyi Sovet hökumət orqanları əhaliyə amansız divan tuturdu. Quba qəzasında 122 kənd viran edilmişdi.
Milləti xilas etməyin bir yolu var idi, o da müstəqil dövlətin yaradılması və Osmanlı dövlətindən kömək istənilməsi idi. Çünki, Azərbaycan müstəqil dövlət kimi Osmanlı dövlətindən hərbi yardım istəyə bilərdi. Osmanlı dövləti ancaq bu halda bizə hərbi yardım edə bilərdi. Belə ağır vəziyyətdə Almaniya nümayəndəsi general Fon Kressin təzyiqi nəticəsində Gürcüstan mayın 27-də Seymdən çıxaraq müstəqilliyini elan etdi. Azərbaycan fraksiyası yaranmış vəziyyəti müzakirə etmək üçün iclas çağırdı və Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Milli Şuranın sədri vəzifəsinə M.Ə.Rəsulzadə, müavin H.Ağayev İcraiyyə Komitəsinin sədri vəzifəsinə isə F.Xoyski seçildi. M.Ə.Rəsulzadə və M.H.Hacınski hərbi yardım almaq məqsədilə İstanbula göndərildiyinə görə bu iclasda iştirak etmirdilər.
1918-ci il mayın 28-də Tiflis şəhərində Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında Akt (əqdnamə) qəbul etdi. Beləliklə Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı-İstiqlal Aktının qəbulu ilə Azərbaycan dövləti dünyada Xalq Cümhuriyyəti formasında elan edildi. İstiqlal bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yaranması bəyan edilir, dövlətin ərazisi və əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. Bu zaman Azərbaycanda vəziyyət gündən günə kəskin xarakter alırdı. Ölkənin şərqini ələ keçirən bolşeviklər qərbə tərəf hücuma hazırlaşırdılar. Eser, menşevik və daşnaklar cəbhə arxasında pozuculuq fəaliyyətlərini gücləndirirdilər. Milli Şuranın bütün üzvləri əmin idilər ki, xalqı bolşeviklərdən və dağıdıcı qüvvələrdən kənar qüvvələrin köməyi ilə xilas etmək mümkündür. Bu qardaş Osmanlı dövləti idi.
1918-ci il iyunun 04-də Osmanlı imperiyası ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq haqqında müqavilə imzalandı. Bununla Azərbaycan dövlətinin beynəlxalq aləmdə təsdiq edilməsi və Azərbaycan türk millətinin müstəqilliyinin saxlanilmasında mühim bir addım atıldı. Müqavilənin dördüncü maddəsinə əsasən əmin amanlığın möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərilməsini Osmanlı dövləti öz öhdəsinə götürürdü. Müsəlman korpusunun vəziyyəti ilə tanış olan Nuru Paşa İstanbula göndərdiyi məktubda bildirirdiki, Osmanlı qoşun hissələri Azərbaycana gəlməsə burada genişlənən bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaqdır. Bu qoşun hissələrinin Azərbaycana göndərilməsi hüquqi cəhətdən məhz iyunun 4-də imzalanan bu müqavilədə öz əksini tapdı. Müqavilənin azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacinski Türkiyə tərəfindən isə xarici işlər naziri Xəlilbəy və Qafqaz cəbhəsinin baş komandanı Vahib Paşa imzaladılar. Türkiyə qoşunlarını əhali böyük sevinclə qarşılayır və bayaram edirdilər. Milli Şura Azərbaycan dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə bütün maneələri dəf edərək qoruyub saxladı və öz tarixi missiyasını yerinə yetirdi.
Qafqaz İslam ordusu və Azərbaycan qoşunları Kürdəmir və Şamaxını azad etdi. Bakıya yol açilmış oldu. Bu bolşeviklərin vəziyyətini siyasi və iqtisadi böhranı son həddə çatdırdı. Eser ve menşeviklərin İngilisləri Bakıya dəvət etməsi də vəziyyəti xilas etmədi. Sentyabın 15-də Bakı azad edildi. Bununla Azərbaycan hökuməti respublika ərazisində öz hakimiyyətini bərpa etdi. Göründüyü kimi başda M.Ə.Rəsulzadə olmaqla Azərbaycan milli hərəkatın liderləri çox ağır, mürəkkəb və çətin şəraitdə düzgün tarixi qərar qəbul edərək yoxdan bir dövlət yaratdılar. Milli mənəvi dəyərlərə, ümumbəşəri ideyalara islam mədəniyyətinə əsaslanan milli ideologiya ortaya qoyaraq bu əsaslar üzərində Azərbaycan dövlətinin inkişaf istiqamətlərini müəyyənləşdirdilər. M.Ə.Rəsulzadənin dediyi : “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri bu gün M.Ə.Rəsulzadə dühasını bir daha sübut edir.
Özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası möhkəm özül üzərində inamla inkişaf edir,öz qüdrətini artırır.

BAO Merkezi Surasinin uzvu,
311 saylı orta məktəbin tarix müəllimi Cahangirli N.C.

Görüntünün olası içeriği: 6 kişi
BeğenDaha fazla ifade göster

BIR CAVAB BURAXIN