“Kursk” atom sualtı qayığında nə baş vermişdi? (2)

0
1044

“Kursk” atom sualtı qayığının müəmmalı qəzası Rusiyada özünəməxsus şəkildə şok effekti əmələ gətirmişdi. Amma ölkənin yüksək səviyyəli dövlət rəsmiləri hər vasitə ilə bunu gizlətməyə çalışır, özlərini heç nə olmamış kimi aparmağa cəhd edirdilər. Məsələn, xarici ölkə rəsmilərindən biri Putindən “Kursk” atom sualtı qayığı ilə bağlı nə baş verdiyini soruşmuşdu. Putin isə halını pozmadan heç nə olmamış kimi gülümsəyərək: “Qayıq batdı”,-deyə ona cavab vermişdi.

Bununla belə baş verən qəzanın əhalidə ruh düşkünlüyü əmələ gətirməsinin qarşısını almaq üçün 2000-ci il avqust ayının 26-da prezident Vladimir Putin qəza nəticəsində ölənlərin “Qəhrəmanlığa görə” ordeni ilə təltif olunması, gəmi kapitanına isə “Rusiya Federasiyası Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzaladı. Buna baxmayaraq “Kursk” atom sualtı qayığının faciəli şəkildə qəzaya uğramasının hökumət tərəfindən olduqca soyuq qarşılanması Rusiya mətbuatında ürək ağrısı ilə qarşılanmışdı. Qəzetlərin bir çoxu hökuməti “Kursk” atom sualtı qayığındakı insanların taleyinə biganə qalmaqda günahlandırırdı. Belə bir fikir vurğulanırdı ki, əgər vaxtında xilasetmə işləri həyata keçirilsəydi, sualtı qayıqdakıların bir hissəsini ölümdən xilas etmək olardı. Putinin qəzada ölənlərin ordenlə təltif edilməsi barədə sərancam imzalamasından iki gün sonra, avqustun 28-də Rusiyanın ORT telekanalında tanınmış aparıcı Sergey Dorenko “Kursk” atom sualtı qayığının müəmmalı qəzasına həsr edilən müəllif proqramı ilə çıxış etdi. Bu proqramda Dorenko çoxlarının gözləmədiyi bir halda “Kursk” atom sualtı qayığının qəzaya uğramasına görə prezident Vladimir Putini sərt şəkildə tənqid etdi. Dorenko faciənin baş verməsinin qarşısını öncədən almağın mümkün ola biləcəyini vurğulayaraq hərbi təlimin tələsik, ciddi şəkildə hazırlanmadan keçirildiyini söylədi. O həmçinin qəza baş verəndən sonra “Kursk”a vaxtında kömək göstərilmədiyini və bunun da nəticəsində heyyət üzvlərinin hava çatışmazlığından öldüyünü iddia etdi. Onun məsələ ilə bağlı sərt açıqlamaları isə nəinki Rusiya daxilində, həm də beynəlxalq aləmdə böyük əks-sədaya səbəb oldu. Təbii ki, “Kursk” atom sualtı qayığının nədən və hansı səbəblərdən qəzaya uğraması böyük maraq doğururdu. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı xüsusi dövlət komissiyası yaradılmışdı. Amma bu komissiyanın işi olduqca ləng gedirdi.

İlkin ehtimallar

“Kursk” atom sualtı qayığının qəzaya uğradığı ilk günlərdən qəzanın səbəbləri ilə bağlı çoxsaylı ehtimallar ortaya çıxmşıdı. Bu ehtimalların əksəriyyətində qəzaya səbəb kimi xarici ölkələr tərəfindən həyata keçirilən təxribatlar göstərilirdi. Qəza baş verəndən az sonra bir neçə admiral “Kursk” atom sualtı qayığının ABŞ-a məxsus sualtı qayıqdan buraxılan torpedo ilə vurulduğunu iddia etdilər. Bu iddia o dövrdə ağlabatan ehtimallardan biri kimi qəbul edildi və uzun müddət gündəmdə qaldı. İş orasındadır ki, hərbi dəniz təlimləri keçirilən ərazi həmin dövrdə ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları tərəfindən müşahidə edilirdi. Bu ehtimal əsasında Fransanın tanınmış kinorejissoru Jan Mişel Karre “Kursk: sualtı qayıq bulanıq suda” adlı film çəkdi. Bu film 2005-ci il yanvar ayının 7-də “France 2” telekanalında nümayiş etdirildi. Filmdə Karre iddia edirdi ki, guya “Memfis” və “Toledo” “Kursk”-a yaxın məsafədə üzüblər. Gözlənilmədən “Toledo” ilə “Kursk” toqquşub. Filmdə buna sübut kimi qəzadan sonra dənizin dibindəki “Kursk”un gövdəsində olan uzun yarıqlar nümayiş etdirilib. Karre belə hesab edir ki, “Toledo” “Kursk”la toqquşandan sonra “Memfis” Rusiya sualtı qayığına dərhal “Mk-48” torpedosu buraxıb. Bu da “Kursk”ın ikiyə bölünərək batmasına səbəb olub. Filmdə baş verən hadisənin ABŞ-la müharibəyə səbəb olacağını nəzərə alan və bunun Rusiyaya yaxşı heç nə vəd etmədiyini anlayan Putinin əsl həqiqəti ört-basdır etdiyi əksini tapıb. Karrenin bu ehtimalı əksər xarici ölkə xüsusi xidmət orqanları, ehtiyatda olan bəzi hərbi mütəxəssislər və ekspertlər tərəfindən, o cümlədən sənədli filmlər çəkilişi üzrə ixtisaslaşan Kanada kinomatoqrafçıları tərəfindən dəstəklənib.

Rusiyanın özündə isə qəza ilə bağlı ehtimallar müxtəlif idi. Məsələn, o dövrdə Baş nazirin I müavini işləyən İlya Klebanov “Kursk” atom sualtı qayığının II Dünya müharibəsindən qalmış torpedo ilə toqquşma nəticəsində məhv olduğunu rəsmi şəkildə bəyan etmişdi. Amma sonra o bir daha bu ehtimalı gündəmə gətirmədi. Görünür ona bununla bağlı təzyiq göstərərək susmağı tələb etmişdilər. Hadisəni araşdıran Dövlət Tədqiqat Komissiyasının üzvü, I dərəcəli kapitan Mixail Voljenski isə bildirmişdi ki, “Kursk” atom sualtı qayığı xarici ölkəyə məxsus olan sualtı qayıqla toqquşmuşdu. Onun sözlərinə görə, toqquşma nəticəsində “Kursk”dakı torpedolar deformasiyya uğramış və bu da son nəticədə qəzaya gətirib çıxarmışdı. Buna oxşar digər ehtimal isə “Nezavisimaya qazeta”nın 29 noyabr 2000-ci il sayında gedən yazıda səsləndirilmişdi. Şimal Hərbi Dəniz Donanmasının komandanı admiral Popov da “Kursk”un xarici sualtı qayıqla toqquşma nəticəsində idarəetməni itirərək dənizin dibinə gedərək partladığını iddia etmişdi. Amma “Kursk”atom sualtı qayığının qəzası ilə bağlı digər ehtimallar da mövcud idi. Məsələn, I dərəcəli kapitan Aleksandr Leskov “Kursk” atom sualtı qayığının xarici ölkəyə məxsus qayıqla toqquşma nəticəsində qəzaya uğramasının mümkün olmayacağını bildirdi. Onun sözlərinə görə, “Kursk” atom sualtı qayığı ən müasir qayıqlardan hesab edilirdi və texniki baxımdan onun adi bir toqquşma nəticəsində batması mümkün deyildi. Aleksandr Leskov belə hesab edir ki, “Kursk” atom sualtı qayığına gəmi əleyhinə olan ballistik raketlə atəş açılıb. Almaniyanın “Berliner Zeitung” qəzeti isə 2000-ci il sentyabr ayının 8-də çıxan sayında yazmışdı ki, “Kursk” atom sualtı qayığı hərbi dəniz təlimlərində iştirak edən “Böyük Pyotr” gəmisindən buraxılan raketlə təsadüfən vurulub. Amma Rusiyada bu iddia ilə bağlı susmağa üstünlük verdilər. Məsələ ilə bağlı Almaniya qəzetinin yazdığı Rusiya rəsmiləri tərəfindən nə təsdiq, nə də təkzib edilmədi.

Tədqiqat məsələyə aydınlıq gətirmədi

2000-ci il avqust ayınınn 14-də Putin tərəfindən hadisəni tədqiq etmək üçün yaradılan dövlət komissiyası sualtı qayığın batdığı ərazini tədqiq etdi. 2001-ci ildə “Kursk” atom sualtı qayığının qalıqları su üzərinə qaldırıldı. Bundan sonra mütəxəssislər sualtı qayığı əsaslı şəkildə nəzərdən keçirdilər. Məlum oldu ki, sualtı qayıqda qəza baş verən gün komanda heyətinin danışıqlarını yazan maqnitofon söndürülüb. Sualtı qayıqda həmçinin qəza zamanı avtomatik şəkildə işə düşəcək siqnalizasiya sistemi də hansı səbəbdənsə söndürülübmüş. Sualtı qayığın növbə jurnalında isə baş verən hadisə ilə bağlı hər hansı qeyd yox idi. Bütün bunlar isə qəzanın səbəbləri barədə nəticə çıxarmağa imkan vermirdi. Burada bir maraqlı məqama da toxunmaq istəyirik. Belə ki, qəza nəticəsində ölənlərin hüquqlarını müdafiə edən vəkil B. A. Kuznetsov baş verən hadisəni tədqiq edən komissiyanın fəaliyyətini sərt şəkildə tənqid edərək məsələ ilə bağlı Baş prokuror Ustinovun əsl həqiqətləri gizlətdiyini bəyan etmişdi. Kuznetsov tədqiqat materialları ilə tanış olduqdan sonra bu qərara gəlmişdi ki, əgər qəzaya uğrayan sualtı qayıqdakılara vaxtında kömək göstərilsəydi və ya bununla bağlı xarici ölkələrə yardım üçün müraciət edilsəydi, onda ən azı 23-25 nəfəri xilas etmək olardı. Onu da deyək ki, komissiyanın gəldiyi son nəticə də çoxları üçün gözlənilməz oldu. Belə ki, tədqiqat komissiyası “Kursk” atom sualtı qayığının göyərtəsində torpedonun partladığını və nəticədə onun sualtına getdiyi nəticəsinə gəlmişdi. Amma bütün bunlar qəzanın nədən baş verdiyinə tam aydınlıq gətirmək üçün yetərli olmadı. “Kursk” atom sualtı qayığı həqiqətən də xarici ölkə sualtı qayığı ilə toqquşmuşdu, yoxsa düşmən gəmisindən və ya iddia edildiyi kimi “Böyük Pyotr” atom kreyserindən buraxılan ballistik raketlə vurulmuşdu? Bu, sirr olaraq qalmaqda davam edir.

BIR CAVAB BURAXIN