“Kirvəlik İslama ziddir” – Folklorşünasdan QALMAQAL yaradan açıqlamA

0
448

“Kirvəlik İslama ziddir” - Folklorşünasdan QALMAQAL yaradan açıqlama

“Kirvədən qız almazlar, qız verməzlər”, yaxud, “Kirvə kirvənin damının üstünə çıxmır ki, başına torpaq tökülər” kimi el məsəlləri mərasim folklorunun qızıl qaydalarındandır. Mərasim folklorumuza nəzər saldıqda sünnətə aid olan bir çox görklərə rast gələ bilərik ki, onlardan da ən məşhuru kirvəlikdir.

Kirvəlik adət-ənənəsi bu gün də ölkəmizin ayrı-ayrı bölgələrində yaşamaqdadır. Doğrudur, əvvəlki illər qədər olmasa da, yenə də kirvəlik anlayışı bəzi yerlərdə qorunub-saxlanılır.

Kirvəliyin tarixi

Kirvəliyin tarixi barədə birmənalı fikirlər səslənmir. Folklorşünasların, tarixçilərin fikrincə, Qədim Albaniyada xristianlıq dini hökm sürdüyü zamanda, yəni tariximizin İslamaqədərki mərhələsinə kimi xristian icmalarında bu ənənə həyata keçirilib. Uşağın dininin müəyyənləşdirilməsi üçün təşkil edilən mərasimdə indiki kirvənin sələfi olan vacib element də iştirak edib. Müasir xaç atası anlayışını həmin şəxs həyata keçirib. Sonradan ərəblərin Azərbaycanı işğal etməsi nəticəsində bu ərazilərdə İslam dini yayıldı və anadan olan uşağın dininin müəyyən edilmə ayini dəyişdi –oğlan uşaqlarının müsəlmanlığını təsdiqləyən sünnət mərasimi meydana gəldi.

Xristianlıqdan İslama keçid zamanı uşaqlarda dini müəyyən edən mərasim dəyişsə də, yalnız Azərbaycan coğrafiyasında həmin mərasimin əsas elementi dəyişmədi. Həmin element kirvə adı ilə tanındı. Kirvə oğlan uşağının aid olduğu dini bu dəfə İslam prizmasından təsdiqləməli idi. Lakin o zaman İslam dininin yayıldığı bütün ərazilərdə sünnət vacib şəriət qaydası hesab edilsə də, Azərbaycandan savayı heç yerdə kirvə anlayışı olmadı.

Tarixə nəzər salarkən kirvəliyin yayılma arealının yalnız Azərbaycanla tamamlandığının şahidi olduq. Çünki sünnətin yayıldığı başqa dövlətlərdən fərqli olaraq, Azərbaycan xristianlıqdan İslama keçid almışdı və məcburən o şəriət qaydasını qəbul etməli idi. Qəbul etdiyi zamanda əvvəlki görklərdən birini da özü ilə İslam adətinə calaq etmişdi. Hələ bu da son deyil. Məlum olduğu kimi Azərbaycanda uzun müddət atəşpərəstlik əsas din kimi mövcud olub. Atəşpərəstlərdə də anadan olan uşağın dinin müəyyən edilməsi üçün təşkil edilən mərasimdə vacib obyekt mütləq iştirak edib. Beləliklə, həmin vacib obyekti ulu əcdadlarımız şüuraltısında qoruyaraq, həm xristianlıq, həm də islam ənənəsi ilə birləşdiriblər.

Sünnət folkloru və kirvəliyin məsuliyyəti

Kökü atəşpərəstliyə gedib-çıxan kirvəlik bu gün də yaşayır. Sünnət zamanı dəlləyə kömək məqsədilə seçilən şəxs ya ailənin yaxın adamı, ya da hansısa sanballı insan olur. Düşüncəyə görə, sünnət olunan uşağın ilk qanı kirvəyə sıçrayır və onun müsəlmanlığının təsdiqinə ilk dəfə o şahidlik edir. Bundan sonra həmin uşağın həyatının sonrakı mərhələsində kirvə onun üçün məsuliyyət daşıyır.

Kirvə seçimi hələ qədimdən bəri həmişə xətir-hörmətli tutulub. Valideyn öz övladına xətrini çox istədiyi, səmimi olduğu adamları kirvə tutub. Sünnətdən sonra da kirvə tərəfi ailəliklə sünnət olunmuş uşağı görməyə gəlib. Bəzən də kirvəlik nəsillikcə davam edib, yəni hər kəs bilir ki, bu ailənin uşaqlarının kirvəsi filan ailədən olur.

Azərbaycanda demək olar, hər rayonun özünəxas kirvəlik şərtləri var. Xüsusən də, Qərb zonasında çox yayılan kirvəliyin ilk şərti isə bazarlıqdır. Bəzi yerlərdə sünnətdən sonra kirvənin ilk işi bazarlıq etmək olur. Özü də bu bazarlıq yalnız sünnət olunan uşaqla məhdudlaşmır. Əvvəllər kirvə uşağın özünə bahalı hədiyyələr almaqla yanaşı, anasına da qızıl-zinət əşyaları ərməğan etməli imiş. Hazırda, bu adət tamamilə aradan qalxıb.

Kirvəliyə bağlı bir daşlaşmış adət də var. Kirvə kirvəlik etdiyi oğlana qızını heç vaxt verə bilməz. Əvəzində, onun toyunda, yaxud özəl günlərində bir növ valideyn rolunu oynayar. Kirvə bəzən kirvəsi olduğu şəxsin bütün probemlərinin həllində bulanar, bunu özünə borc sayar. Hər halda elin qayda-qanuna əməl etməyə çalışar.

“Kirəvlik İslama zidd olan anlayışdır”

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin əməkdaşı, filologiya elmlər doktoru Qalib Sayılov Modern.az saytına açıqlamasında kirvəlik haqqında maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, kirvəlik nə İslamda, nə də islamaqədərki türklərin həyat tərzində olub. Azərbaycan folklorunda İslam amillərini araşdıran Qalib Sayılov kirvəliyin mahiyyəti haqqında bunları deyir:

“İslamda kirvəlik anlayışı yoxdur. Heç islamaqədərki türklərdə də bu anlayış qəti olmayıb. Sünnət İslama bağlı mərasim olsa da, orada kirvə anlayışı ümumiyyətlə yoxdur. Bu xristianlıqdan gəlmə adətdir. Ümumiyyətlə, bir çox adətlər, görklər var ki, bizim məişətimizə daxil olub, amma biz onları islamlaşdırırıq. Lakin onların çoxu bidət, İslamda günah sayılacaq adətlərdir. İslam və türk düşüncəsində kirvə qohumluğu heç vaxt olmayıb. Bunu tam əminliklə deyirəm. Kirvəlik qədim Azərbaycandakı xristian icmalarına aid olan ənənənin “islamlaşdırılmış” modelidir. Kirvəlik İslama zidd hərəkətdir. Azərbaycanda xristianlığın hökm sürdüyü ərəfədə uşağın dinin müəyyənləşməsində iştirak edən elementdir. Bir növ xristianlardakı xaç atasının müsəlmanlaşdırılmış bənzəridir. Qədim Azərbaycanda hələ xristianlıqdan da əvvəl, atəşpərəstlərdə bu element olub. Erkən orta əsrlərdə İslam dininin yayılmasından sonra bəzi qaydalar dəyişdi. İslamda uşaq anadan olandan yeddi gün sonra sünnət edilməlidir və iki qurban kəsilməlidir. Bu mərasimdə özgə heç bir element iştirak etmir”.

Tarixi yanaşmanı bir kənara qoyaq. Axı kirvə anlayışı indi də az da olsa, qalıb. Özünəməxsus qızıl qaydalarl var. Məsələn, kirvədən qız almaq, ona qız vermək olmaz. Bəs, XXI əsrdə də yaşayan bu adətin mahiyyətini necə dəyərləndirə bilərik? Folklorşünas bu suala belə cavab verir:

“İslamda yalnız yaxın qohumlarla evlənməmək göstərişi var. Türk birliklərində də qaydalar bu cür olub. Azərbaycanın Qərb, Qarabağ bölgələrində kirvə dəbdəbəli hadisəyə çevrilib. Amma Azərbaycanın şimal və şərqində, eləcə də cənubunda kirvə anlayışı yoxdu. Ümumiyyətlə, bizdən savayı heç yerdə kirvəlik deyilən ənənə yoxdu. Həmçinin, Azərbaycanın da bir çox yerlərində bu ənənədən xəbəri olmayanlar çoxdur.
Mən araşdırmışam, Şimal, Cənub, Şimal-Şərq bölgələrimizdə kirvəlik o qədər də böyük önəm daşımır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 14 =