Müqəddəs Ramazan ayının son günləri yaşanır. Müsəlmanların bayram namazı qılınana qədər fitrə zəkatı vermələri vacib buyrulur. Bu baxımdan fitrə zəkatı Ramazan ayının ən vacib əməllərindən hesab edilir. Bəs bu ilin fitrə-zəkatı nə qədər müəyyən edilib? Ölkədə baş verən devalivasiyalar bu il fitrə zəkatın dəyərinə təsir edəcəkmi?
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad NurullahPublika.az-a açıqlamasında bildirib ki, Qazılar Şurasının bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görür: “Lakin imkanı olanlar bundan daha artıq da çıxara bilər. Bu gün bəzi insanlar 5 yox, 3-4 manat vermək istədiyini deyir. Halbuki həmin insanlar nəzərə almalıdırlar ki, fitrə zəkatı təkcə buğda, arpa qiyməti ilə müəyyən olunmur. Burada düyü və xurma da var. Bazar qiymətlərinə nəzər salsaq, yaxşı düyünün bir kiloqramı elə 3-4 manatdan başlayır və ya kilosu 18 manata olan xurma var. Yəni fitrə zəkatı verirlərkən xəsislik etmək doğru deyil. Məqsəd kasıba kömək etmək, ehtiyac sahibini sevindirməkdir. Fitrə zəkatı hər gün verilmir, ildə bir dəfə nəzərdə tutulub və bu zaman da 2-3 manatı müzakirəyə çevirmək doğru deyil”.
Aylıq gəliri az olan, lakin fitrə vermək istəyənlərə də Hacı Fuad bəzi tövsiyələr verdi: “Burada bir məqama diqqət edilməlidir ki, fitrəni imkanı olanlar verir. Aylıq gəliri ailəsini normal dolandırmağa imkan verən şəxslər fitrə zəkat verə bilər. Lakin aylıq gəliri az olan yaşlılar, təqaüdlə dolananlar, aylıq ehtiyacını ödəmək üçün başqalarının yardımına ehtiyac duyanlar fitrə zəkatı verməməməlidir”.
Fitrənin ərzaqla verilməsinə gəldikdə, Hacı Fuad bu barədə hər hansı məhdudiyyətin olmadığını bildirdi: “Bir nəfər buğda əkirsə və pulu yoxdursa, buğda ilə fitrə verə bilər. Lakin pulun nəzərdə tutulmasının əsas səbəbi ehtiyacı olan şəxsi istədiyi ehtiyacını özünün qarşılamasına imkan verməkdir. Məsələn, bir gündə 10 nəfər xurma, düyü apara bilər. Onun bu gün məhz həmin ərzağa o qədər də ehtiyacı yoxdur. Əvəzində digər ehtiyaclarını özü ala bilər”.
Hacı Fuad bu il fitrə zəkatının verilmə vaxtına da aydınlıq gətirdi. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsadxanasının qənaətinə görə, bayram günü iyun ayının 6-na təsadüf edəcək. Buna görə də, bir gün əvvəl ayın 5-də fitrə zəkatı verilməlidir.