Kamerunlu “Molla İbrahimxəlil” azərbaycanlı iş adamını necə aldatdı

0
730

əxminən 150 il əvvəl dahi dramaturq Mirzə Fətəli Axundov indiki Şəkidə, o vaxtkı Nuxa qəzasında avam kəndliləri aldadıb misi təmiz gümüşə “çevirən” kimyagər Molla İbrahimxəlil barədə məşhur əsərini yazanda yəqin heç ağlına da gəlməzdi ki, həmin “molla” 21-ci əsrdə yenidən zühur edəcək. Özü də uzaq Afrika ölkəsi Kamerunun Duala şəhərindən gəlib Bakıda kifayət qədər imkanlı, “Cadillac Escalade” markalı cipdə gəzən, şəhərdə bir neçə yerdə evi olan, tikinti və digər biznes işləri görən biznesmeni sehrli kimyəvi maddənin köməyi ilə 100 dolları 300 dollara necə çevirdiyinə inandıra biləcək.

Əslində son illər bu cür qaradərili “molla ibrahmxəlillərin” uzaq Afrika qitəsindən gəlib Azərbaycanda imkanlı şəxsləri eyni mexanizmlə aldatmasına dair saysız-hesabsız faktlar mövcuddur.

Virtualaz.org saytının əldə etdiyi istintaq materiallarından bir daha görünür ki, Mirzə Fətəli Axundovun dövründən bu yana dəyişən heç nə yoxdur. Azərbaycanda yenə də “kimyagər molla”nın misi gümüşə çevirdiyinə inananlar, üstəlik buna görə yüz minlərlə dollarını bada verənlər var. Və bu tragikomik dramın sonluğu da eynidir: lənətə gəlmiş “meymun” işin ən həlledici anında ortaya çıxır və sehrli maddənin təsiri yox olur…

Beləliklə, əhvalat vaqe olur 21-ci əsrdə, Bakı qəzasında…

İstintaq materiallarına əsasən öz həyat şəraitini yaxşılaşdırmaq, güzəranını “düzəltmək” istəyən Kamerun Respublikasının vətəndaşı 27 yaşlı Mişel Rafael internetdə hansı ölkələrin sosial rifahının yüksək olması ilə maraqlanır. Həmin yerlərə getmək, kimlərisə aldatmaq və geriyə – öz vətəninə qayıdıb yeni həyat qurmaq arzusu onu Kamerundan minlərlə kilometr uzaqlara – Azərbaycana gətirib çıxarır.

Kamerunlu Rafael Bakıya bu şəhərdən gəlib

Dəbdəbəli yaşam tərzi qurmağı planlaşdıran, bu arzuları reallaşdırmağa cəhd edən kamerunlu gənc hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Mişel Rafael internetdə araşdırma aparan zaman Azərbaycanda əhalinin maddi vəziyyətinin yaxşı olduğunu, həmçinin Azərbaycanda Avropa Oyunlarının keçiriləcəyini öyrənib. Avropa Oyunlarında iştirak etmək bəhanəsi ilə Azərbaycana getməyi və qurduğu planları bu ölkədə həyata keçirməyi düşünüb. Bu məqsədlə də ötən ilin may ayında Kamerundan Dubaya, oradansa Bakıya gəlib.

İlk dəfə Bakıya qədəm qoyan Mişel əvvəl oteldə qalsa da, sonradan Keşlə qəsəbəsində kirayə mənzil tapıb. Bakıda olduğu vaxt bir il əvvəl Türkiyə polisində saxlanılarkən təsadüfən tanış olduğu, avtomobil satışı və tikinti işləri ilə məşğul olan iş adamı Mürşüd Eyyubova “Skype”la zəng vuraraq ona “Hilton” oteldə olduğunu bildirib. Özünü “Con” kimi təqdim edən bu adamın niyyətindən xəbərsiz olan M.Eyyubov “Cadillac” markalı maşınıyla “Con”un dalınca otelə gedərək onunla görüşüb.

 

İstanbulda, polis təcridxanasında baş tutan tanışlıq

Hadisədən təxminən il yarım əvvəl M.Eyyubov türk vətəndaşı  Hüseyn adlı şəxslə betonzavod tikmək məqsədilə Türkiyəyə yollanır. Türkiyədə olarkən Hüseynin əvvəlki zavodunda payı olduğuna görə digər təsisçilərlə aralarında dava düşür. Dava zamanı türk polisi onları  İstanbuldakı əcnəbilər şöbəsinə aparıb. Həmin vaxt M.Eyyubov orada saxlanılan bir neçə qaradərili şəxslə tanış olur. Özünü “Con” kimi təqdim edən (Mişel Rafael)  kamerunlu gənc işlə bağlı Azərbaycana gələcəyini deyir. Onların danışıqlarını Mişellə birgə saxlanılan Daniel tərcümə edir.

Bu mehmanxana Duala şəhərinin ən “görməli yeri”dir

Həmyerlimiz bir həftə türk polisində saxlanıldıqdan sonra Azərbaycana qayıdır. Aradan bir müddət ötəndən sonra “Con” “skype” vasitəsilə M.Eyyubovla əlaqə saxlayır, ona viza göndərməsini xahiş edir. M.Eyyubov araşdırır ki, viza düzəltməyin xeyli xərci var və qaradərili tanışının bu xahişinə əməl edə bilmir. Ancaq “Con” özü viza əldə edir və Azərbaycana gəlir.

 

Mişelin “8 milyonluq şirkəti”

Bakıda Söhbət əsnasında Mişel Rafael biznesmen olduğunu, Fransada beton qatqılarının istehsalı ilə məşğul olduğunu, Azərbaycana iş qurmaq üçün gəldiyini deyib. Onun sözlərinə inanan həmyerlimiz isə Mişeli öz obyektlərinə aparıb, ona tikinti üçün ayrılmış əraziləri göstərib, dostları ilə tanış edib. M.Eyyubov ingilis və fransız dillərini, Mişel isə Azərbaycan dilini bilmədiyindən, Türkiyədə yaşayan Daniel adlı şəxs “Skype” vasitəsilə onlara dilmanclıq edib. Mişel Biləcəri qəsəbəsindəki torpaq sahələrinə baxandan sonra həmin ərazidə kottec tipli evlər tikməyi təklif edib.

M.Eyyubovun geniş imkanlara malik olduğunu görən Mişel onunla təkbətək söhbət etmək istəyib, həmyerlimiz də razılaşıb. Söhbət əsnasında Mişel Daniel vasitəsilə M.Eyyubova şirkətini satdığını və 8 milyon dolları olduğunu deyib. Həmçinin iş adamından onun nə qədər pulu olduğunu soruşub. M.Eyyubov nağd şəkildə pul saxlamadığını, pullarını tikintiyə, avtomobilə qoyduğunu deyib.

 

Kamerunlu “kimyagər”

Nəhayət həmin görüşdə kamerunlu gənc həmyerlimizdən 100 dollar istəyib. Mişel həmin pulu çantasından çıxardığı 2 ədəd 100 dollarlıq ölçüdə olan ağ kağızın içərisinə qoyub. İş adamına isə qulaqlarını və burnunu pambıqla bağlamağı məsləhət görüb. Özü də qulağını və burnunu bağlayıb. Şüşə flakondan çıxardığı mayeni həmin kağızların üzərinə töküb, kağızlar öz rəngini itirib əvvəlcə qara, sonra isə dollar şəkli alıb. Həmin iki ədəd dolların nömrələrini göstərib, pulun saxta olub-olmadığını qələmlə yoxlayıb. Əskinasların saxta olmadığı məlum olub. Sonra Mişel 1000 dolları 3000 dollara “çevirib”. Gördüklərindən heyrətə gələn həmyerlimiz burada hansısa “əmma” olduğundan şübhələnir, hətta Mişeli polisə də vermək istəyir. Lakin sonradan fikrindən daşınır.

Duala hətta Afrika miqyasında belə kasıb şəhərlərdən biri hesab olunur

Mişel həmyerlimizə deyib ki, pulun çoxaldılmasında istifadə edilən kimyəvi məhlul olduqca bahadır. Hər dəfə 100 dollar dəyişəndə 1000 dollar itirir. Ona görə də, kağızların və dərmanın çox baha olması səbəbindən çoxaltmağa ən azından 250 min dollar lazımdır. İş adamı həmin məbləği tapmaq üçün bir neçə nəfərə ağız açıb. Nəhayət, bu işdə dostları yardım edib, həmin məbləği ona veriblər. Mişel isə deyib ki, pullar qablaşdırılmış şəkildə olmalıdır və onlara gün işığı düşməməlidir.

 

250 min dolların 750 minə “çevrilmə prosesi”

Nəhayət, pulun çoxaldılması prosesi Sumqayıt şəhərində, M.Eyyubova məxsus mənzildə baş tutub. “Dollar çevirmə” üçün ütü, fen, dəsmal, maska, spirt və 30 litr “prisıpka” alınıb. Pullar sayılıb Mişelə təhvil verildikdən sonra o, pulları vannaya yığıb, onların üzərinə özü ilə gətirdiyi “prisıpka”ları töküb, yapışqanlı lentlə sarıyıb.

Həmçinin 750 ədəd 100-lük ölçüdə olan ağ kağızları da digər vannaya yığaraq üzərinə “prisıpka”, məhlul töküb. M.Eyyubova pulların 15-20 dəqiqə pudranın içərisində qalmalı olduğunu deyib. Pulları pudranın içərisində əvvəlcədən gizlədilmiş eyni ölçülü, içərisində ağ kağızlar olan digər bağlama ilə dəyişdirib və M.Eyyubova təqdim edib. Bağlamanı 48 saat müddətində açmamasını tapşırıb, əks halda, pulların xarab olacağını deyib. Bu müddət ərzində pulların 750 min dollara çevirəcəyini deyərək onu aldadıb və içərisində 250 min dollar olan bağlamanı özü ilə apararaq mənzili tərk edib…

48 saat tamam olduqdan sonra bağlamanı açan həmyerlimiz orada qara və nəm kağızlar olduğunu görüb. Dərhal Daniellə əlaqə saxlayıb və “Con”un harada olduğunu soruşub. Ona hadisəni danışıb. Daniel isə pullara işıq düşdüyü üçün məhv olduğunu deyib, bir daha həmyerlimizin telefonuna cavab verməyib. Sonradan aldandığını başa düşən M.Eyyubova məlum olub ki, özünü “Con” kimi təqdim edən şəxsin adı əslində Mişel Rafaeldır.

 

Hava limanına doğru

M.Eyyubovun pullarını ələ keçirən Mişel telefon nömrəsininsim-kartını qırıb atıb. Təcili olaraq Bakı-İstanbul reysinə bilet alıb və hava limanına yollanıb. Rentgen qurğusundan keçərkən bir baqajın içərisində pul əskinaslarına bənzər təsvirlərin olduğu müəyyən edilib. M.Rafael gömrük nəzarətindən və pasport qeydiyyatından keçdikdən sonra təyyarəyə minmək üçün gözləmə zalına daxil olub. Bu vaxt gömrük müfəttişi ona yaxınlaşıb, üzərində nə qədər xarici valyuta olduğunu soruşub, pasportunu istəyib. M.Rafael isə çemodanda cəmi 5 min dollar olduğunu deyib. Kamerun vətəndaşının çemodanından 228 min 700 dollar, 31 min 500 Özbəkistan sumu və 15 ədəd müxtəlif ölkələrin mobil operatorlarına məxsus kartlar aşkar edilib. M.Rafael sorğu-sual olunduqdan sonra İstintaq İdarəsinə aparılıb.

 

“Yaxşı yaşamaq istəyirdim”

İlkin dindirmə zamanı Mişel Rafael “dollar çevirmə” qaydasını Kamerunda bir tanışından öyrəndiyini deyib: “Orada insanların maddi vəziyyəti çox pisdir. Mənsə maşın sürmək, yaxşı yaşamaq istəyirdim. Ona görə də, öz arzularını reallaşdırmaq üçün bu yola əl atdım”.

Törətdiyi cinayət əməlinə görə M.Rafaelə Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) və 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda sözügedən cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Təqsirləndirilən şəxsə dəfələrlə prosesdə ifadə vermək təklif olunub. Cinayət işi üzrə zərərçəkmiş, şahidlər, hətta əlavə şahidlər belə dindirilib. Amma Mişel hələ də ifadə verməyib…

Virtualaz.org

BIR CAVAB BURAXIN