İstehsalçılara bəd xəbər – Bu tərəvəz su qiymətinə düşəcək

0
3090

Rusiya gələn ilin aprelindən etibarən pomidor idxalını qadağan edəcək. Yəni, dövlət vəsaiti hesabına büdcə təşkilatlarının ehtiyacları üçün xaricdən pomidor alınmasına son qoyulacaq.

Bildiyiniz kimi, Azərbaycana neftdən sonra ən çox valyuta gətirən məhz pomidor ixracıdır. Pomidorun əsasən Rusiyaya ixrac edildiyini nəzərə alsaq, bu qərar iqtisadiyyatımıza necə təsir göstərə bilər?

Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ölkəmizdə pomidorçuluq ilə məşğul olanlara böyük zərbə dəyəcək:

“Bu qərar mənim üçün gözlənilən idi. Bu ili diqqətlə müşahidə etsək, bir neçə dəfə Azərbaycandan Rusiyaya ixrac edilən pomidorun geri qaytarılması, zərərli həşəratların tapılması və s. səbəbilə idxaldan imtina edilməsi hallarını görə bilərik. Malların geri qaytarılması zamanı ortaya belə bir səbəb qoymuşdular ki, pomidorun tərkibində amonyak şorasının tərkibi çoxdur. Yəni, tərkibində azotun miqdarı yüksək olub. Mən inanmıram ki, səbəb bu olsun. Bu sadəcə siqnal idi.

Əgər Rusiya bu qərarı tətbiq edərsə, bu Azərbaycanın pomidor istehsal edən seqmentinə böyük zərbə vuracaq. Artıq yeni bazarlar axtarmalıyıq. Hər halda Azərbaycanda çoxlu istixanalar var, təkcə mövsüm dövründən söhbət getmir, bütün il boyu bizdə pomidor yetişdirilir. Bu sahənin genişlənməsi də ildən-ilə artır”. 

Ekspert pomidorun kəskin ucuzlaşacağını proqnozlaşdırıb:

“Bu, ölkənin daxili bazarında isə qiymətlərin xeyli düşməsinə səbəb olacaq. Azərbaycandakı sahibkarlar informasiya ilə səmərəli şəkildə işləyə bilmirlər. Biz əsasən işimizi təbiətlə, iqlimlə uyğunlaşdırırıq. İstehsalçı düşünmür ki, bu ilin apelindən pomidor idxalı dayanacaq, mən daha başqa bir şey əkim. Bu barədə fikirləşən sahibkar yoxdur. Önümüzdəki ildə də bu ilki kimi pomidor istehsalının yetərincə olacağını proqnozlaşdırırıq. Bu da tələbatdan daha çox pomidorun olacağı və pomidorun qiymətinin xeyli aşağı düşməsi deməkdir”.