İŞİD sıralarında vuruşmuş azərbaycanlılara hökm oxundu

0
634

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və müttəhimlərə hökm oxunub.

Prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Rufan Ağcabəyov 13 il, Marfin Vladimir isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli biliniblər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Yeri gəlmişkən qeyd edək ki, əslən Xaçmaz rayonundan olan, İŞİD-ə qoşulan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, U.Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Virtualaz.org

BIR CAVAB BURAXIN