İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir

0
1289

İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir.

Son illər Azərbaycanda bütün sahələr də olduğumu kimi enerji sektorunun inkişafı ilə bağlı kifayət qədər böyük işlər görülüb. Ölkəmizdə nəhəng enerji obyektləri tikilib, xarici ölkələrlə enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənib, bir sıra beynəlxalq təşkilatlarla enerji istiqamətində əhəmiyyətli müqavilələr imzalanıb. Sözsüz ki, bu siyasətin davamlı və etibarlı şəkildə yürüdülməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfə xarakteri daşıyır. Bu layihələr bir tərəfdən Azərbaycanın iqtisadi potensialı ilə bağlı aydın mənzərə, digər tərəfdən demoqrafik cəhətdən inkişafda olan Azərbaycanın sosial siyasətinin möhkəm bünövrəsi üçün zəmin yaradır. Məlumdur ki, Azərbaycan istehsal etdiyi enerjini təkcə ölkənin daxili istifadəsinə yönəltmir, həm də ixracatçı kimi çıxış edir.

Bir məqama xüsusi diqqət etmək lazımdır ki, bu enerji obyektləri Azərbaycanın öz maddi və texniki imkanları hesabına ərsəyə gəlir.  Bundan başqa, mühüm faktor ondan ibarətdir ki, bu obyektlərin tikintisi də Azərbaycan şirkətlərinə məxsusdur; istər mütəxəssislər olsun, istərsə də fəhlələr, burada çalışanlar Azərbaycan vətəndaşlarıdır. İşçi qüvvəsinin yerli olması isə vətəndaşımıza yaradılan iş imkanı, onun məşğulluq probleminin olmaması deməkdir.

Sözsüz ki, ölkəmizin enerji potensialı davamlı olaraq artır. Hər il açılışı olan obyektlər, imzalanan müqavilələr bunu sübut edir. Bu artıma olan optimizm bugünə, sabaha bağlı bir optimizm deyil! Dəfələrlə rəsmi səviyyədə vurğulandığı kimi, Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində konkret olaraq təbii qazla təchiz edə bilər. Böyük təbii sərvətə malik Azərbaycan özünün təbii resurslarına arxayınlaşmır, eyni zamanda bərpa olunan enerji növlərinin əldə edilməsinə də diqqət yetirir, bu istiqamətdə konkret addımlar atır.

Görülən işlərin siyahısında, təbii ki, davamı gələn işlər də var və külək enerjisi ilə məhdudlaşmır. Günəş enerjisindən faydalanmaq istiqamətində də konkret fəaliyyət mövcuddur.

Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu.  Bu ilin əvvəlində istifadəyə verilən “Qobu” Enerji Qovşağı və “Yaşma” yarımstansiyası Azərbaycanın bərpaolunan enerji potensialı artır.

Beləliklə, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz layihələrinin icrası ilə dünyada artan iqtisadi gücü və geopolitik nüfuzu elektrik enerjisi layihələri ilə yeni bir mərhələ qazanır. Bundan başqa, neft və qaz layihələri kimi, elektrik enerjisi layihələri də Azərbaycana ciddi maliyyə qazandıracaq ki, bu siyasətin daha bir müsbət tərəfi də bununla bağlıdır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova