İran müdafiə naziri Hüseyn Dehqan bəyan edib ki, Rusiya Həmədan aviabazasından Suriyadakı əməliyyatlarda istifadə etməyə başladığı haqda məlumatı rəsmi Tehranla razılaşdırmadan yayıb. Virtualaz.org xəbər verir ki, nazir bu haqda “Mehr” agentliyinə bildirib.
Rusiyanın Tu-22M3 strateji bombardmançıları Suriyadakı hədəfləri vurmaq üçün İranın Həmədan aviabazasında yerləşdirilib. Daha sonra Rusiya Müdafiə Nazirliyi təyyarələrin Həmədandan necə qalxdığını və Suriyanı bombaladığını əks etdirən görüntüləri yayıb.
İran qanunlarına görə ölkə ərazisində hansı xarici ölkənin hərbi bazasının və ya hərbçisinin yerləşdirilməsinə icazə verilmir. Bu səbəbdən Rusiya strateji bombardmançılarının Həmədanda yerləşdirilməsi İranda suallar doğurub. Müdafiə naziri Rusiya təyyarələri haqda xəbəri niyə İranın yox, Rusiyanın açıqladığını belə izah edib: “Birincisi, Rusiya nümayiş etdirməkdə maraqlıdır ki, o, superderjavadır və təhlükəsizlik sahəsində situasiyaya ciddi təsir göstərə bilər. Bu informasiyanın açıqlanması hörmətsiz münasibətdən və lovğalanmaq arzusundan xəbər verir”.
İran müdafiə nazirinə görə, ikincisi budur ki,, Moskva Suriyada əməliyyatlar həyata keçirərkən effektiv oyunçu kimi görünməyə çalışır. Burada məqsəd Dəməşqin siyasi gələcəyinə dair amerikalılarla danışıqlar aparmaq imkanı əldə etməkdir. Hüseyn Dehqan deyib ki, Rusiya təyyarələri İran bazasını “yanacaq götürmək üçün” istifadə edir. Bu da Suriyadakı terrorçulara qarşı daha fəal mübarizə üçün lazım gəlib. “Heç bir halda biz ruslara daimi istifadə etmək üçün baza vermərik. Onlar bura ona görə gəlməyiblər ki, qalsınlar”-nazir deyib.