Bu gün İran ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb. “Yeniavaz.com”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərbi təlimlərdə yaxın, orta və uzaqmənzilli ballistik raketlər sınaqdan keçirib. Bununla əlaqədar İranın “Sepahnews” xəbərlər agentliyinin yazdığına görə, hərbi təlimlər ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara və hədələrə cavab xarakteri daşıyır. Öz növbəsində ABŞ müdafiə naziri Ceyms Mettis İranı dünyada terrorizmi maliyyələşdirən ən böyük sponsor ölkə adlandırıb. Xatırladaq ki, ötən gün prezident Donald Tramp ballistik raketi sınaqdan keçirməsinə cavab olaraq İranın 12 şirkətinə və 25 nəfər hüquqi və fiziki şəxsinə qarşı sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.