İqtisadçı: ‘Dövlət qurumları açıqlama verməlidirlər

0
564

İqtisadçı Qubad İbadoğlu ötən il dekabrın 27-si və dünən, yanvarın 2-si Səngəçal qəsəbəsində qaz kəmərində eyni yerdə baş verən qəzaya münasibət bildirib.

İqtisadçı yazır ki, ötənilki «itki» köhnə qiymətlərlə, builki «itki» isə böyük ehtimalla yeni qiymətlərlə silinəcək.

«Təkrar partlayışın səbəbləri, hər iki qəzadan dəyən ziyanın həm dəyər, həm də həcm göstəriciləri barədə Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qurumları açıqlama verməlidirlər. Çünki, uçotu və hesabatı onsuz da dəqiq olmayan təbii qaz hasilatının bir hissəsi də son 1 həftədə baş verən qəzaların hesabına «itki» kimi silinəcək»,- deyə Qubad İbadoğlu güman edir. Onun fikrincə, bu prosesdə şəffaflıq olmasa, bundan xalq əziyyət çəkəcək.

XATIRLATMA

Dekabrın 27-si saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.

Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü.

Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», – şirkət qeyd edirdi.

Dünən, yanvarın 2-si səhər saat 7 radələrində həmin yerdə təkrar partlayış olub. Yanğın bu dəfə günortaya yaxın söndürülüb.

BIR CAVAB BURAXIN