İpoteka kreditlərinin maksimal məbləği və mənzillərin orta bazar qiymətləri

0
687

ipoteka_001

 

 

 

 

 

 

 

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq ASC tərəfindən kreditlərin müddəti, maksimum məbləği, faiz dərəcələri və həmçinin ipoteka kreditləri hesabına alınan yaşayış sahəsinin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən edilib.
“Azərbaycan İpoteka Fondu” ASC-dən Modern.az-a verilən məlumata görə, kreditlərin faiz dərəcələri və müddətləri dəyişməsə də, ilkin ödəniş məbləği konkretləşdirilib, maksimal kredit məbləğ isə artırılıb.

Belə ki, adi ipoteka üzrə maksimal faiz dərəcəsi 8, maksimal müddəti 25 il, güzəştli ipoteka üzrə maksimal faiz dərəcəsi 4, maksimal müddəti 30 il olaraq qalsa da, hər iki kaqeqoriya üzrə maksimal kredit məbləği 100 min manata qaldırılıb. İlkin ödəniş məbləği isə adi ipoteka üzrə 15-25 faiz, güzəştli ipoteka üzrə 15 faiz müəyyən edilib.

Bundan başqa, ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən edilib.

Bakı şəhəri üzrə

Zona

Orta qiymət

Zona

Orta qiymət

1

3 216

7

2 022

2

2 887

8

1 716

3

3 153

9

1 608

4

2 280

10

1 458

5

1 987

11

1 207

6

2 483

12

989

Həmçinin Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1069 manat, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 975 manat, respublikanın digər rayon (şəhər) və qəsəbələri (kəndlər) üzrə 589 manat müəyyən edilib.

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

  1. Kredit Azərbaycan manatı ilə verilməlidir;
  2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  3. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
  4. Kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir;
  5. İpoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
  6. Güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
  7. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
  8. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
  9. Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  10. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
  11. İpoteka ilə yüklü edilən yaşayış sahəsi “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  12. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  13. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  14. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  15. Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  4. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

BIR CAVAB BURAXIN