İƏT-də Azərbaycanı dəstəkləyən iki qətnamə qəbul edilib

0
362

Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) XIII sessiyasında Azərbaycana dair 2 qətnamə qəbul edilib.

Trend-in məlumatına görə, sessiyada Azərbaycan Milli Məclisinin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımovun təmsil olunduqları nümayəndə heyəti iştirak edib.

Azərbaycan tərəfindən qurumun sessiyasında təqdim edilmiş iki qətnamə layihəsi – “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair” və “1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair” qurumun müzakirəsinə çıxarılaraq səsə qoyulub və qəbul olunub.

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Gövhər Baxşəliyevaya çıxış edib.

O qeyd edib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir: “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman bayramı İslamın sülh və mərhəmət dini olmasını bir daha bütün dünyaya nümayiş etdirdi. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan ötən ilin sonlarında Bakıda keçirilmiş “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olmuşdur. İstərdim bir daha İƏTPİ-nın üzv dövlətlərinə və dünya müsəlmanlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürümü bildirəm. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal edib. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan işğal olunmuş torpaqlarımızda bütün mədəni, dini və arxeoloji abidələri məhv etmişdir. Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.

G.Baxşəliyeva bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: “İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar bu kimi oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin Ermənistan onları yerinə yetirmir. Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Sonra sessiyada təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyəti 2018-ci il üçün İƏT Pİ Ümumi Komitəsinin, İcraiyyə Komitəsinin və İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin üzvü seçilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 1 =