Hakim ailənin üzvlərinə görə aparılan 500 milyon dollar Bağdadda müsadirə olundu

0
496
 

Qətərin hakim ailəsinin üzvləri də aralarında olmaqla 24 qətərlinin və 2 Səudiyyə vətəndaşının İraqda şiə qruplaşmalarından birinin girovluğundan azad edilməsinə dair olduqca sensasion məqam üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, Britaniyanın “The İndependent” nəşri girovların azad edilməsinin əvəzində Qətərdən xüsusi təyyarə ilə göndərilən 23 iri çanta ilə dolu 500 milyon dollar nəğd pul Bağdad aerportunda ələ keçdiyi barədə yazıb.

Qəzetin yazdığına görə aprelin 15-də Qətərdən uçan xüsusi təyyarə Bağdad beynəlxalq aerportuna enib. Təyyarədən 23 iri çanta boşaldılıb və aerportun əməkdaşları onları Rentgen aparatlarından keçirəndə təəcübləniblər. Məlum olub ki, aparat çantaları ancaq qara təsvir şəklində göstərir. Çünki çantaların içərisi şüa keçirməyən xüsusi materialla örtülmüşdü. Aerport əməkdaşları bundan təəcüblənərək çantaları açıblar və gördüklərindən heyrətə gəliblər. Məlum olub ki, çantalarda ümumi məbləği 500 milyon dollar olan nəğd pul var.

Bəs bu pullar kimlər üçün nəzərdə tutulmşdu və nəyə görə özəl təyyarə ilə Bağdada aparılmışdı? Qəzet yazır ki, İraq baş naziri Heydər əl-Abadinin hakim partiyanın yüksək rütbəli üzvləri ilə aprelin 22-də keçirilmiş iclasda təqdim etdiyi məxfi məruzəni əldə edib. Və həmin 500 milyon dollarla bağlı detallar bu məxfi sənəddə əksini tapır.

Belə məlum olur ki, pullar 24 Qətər və 2 Səudiyyə Ərəbistanı vətəndaşının İraqda fəaliyyət göstərən radikal şiə silahlı qruplaşmalarından birinin girovluğundan azad edilməsinin əvəzində göndərilmişdi. Həmin girovlar arasında Qətərin şahzadəsi əl-Taninin ailə üzvləri də olub. Onlar 16 ay əvvəl İraq mərkəzi hökumətinin rəsmi icazəsi ilə ölkənin təhlükəsiz hesab edilən cənub hissəsində qartallarla ova çıxarkən şiə silahlı qruplaşması tərəfindən girov götürülmüşdü. Girovların azad edilməsi üçün danışıqlara Qətər və İran hökumətləri, habelə şiə və sünnü qruplaşmaları qoşulub. Aylarla davam edən mürəkkəb danışıqlardan sonra razılaşma əldə edilib. Razılaşma Suriyanın şimalında yerləşən və sünnülərin mühasirəsində olan iki şiə yaşayış məntəqəsindən, cənubunda isə şiələrin mühasirəsində olan iki sünnü yaşayış məntəqəsindən sakinlərin evakuasiyasını, girovların buraxılmasını və onların əvəzində yüz milyonlarla dolların ödənilməsini nəzərdə tuturdu.

Qəzet yazır ki, girovların azad edilməsinə görə 500 milyon dolların ödənilməsi barədə razılaşmanın tarixdə misli-bərabəri yox idi. Heydər əl-Abadinin məxfi məruzəsində göstərilir ki, Qətər hökuməti aprelin 15-də ondan özəl təyyarənin Bağdad aerportuna enməsi üçün icazə istəyib. Həmin təyyarə azad edilən girovları aparmaq üçün nəzərdə tutulmuşdu. Təyyarə həmin gün Bağdad aerportuna enib. Lakin baş nazir bildirir ki, aerportun vəzifəli şəxsləri təyyarədən boşaldılan 23 iri çantanı görəndə təəcübləniblər. Çünki bu çantalar barədə heç bir məlumat verilməmişdi. Təyyarənin göyərtəsində Qətərin İraqdakı səfiri və Qətər əmiri Tamim ben Hamad əl-Taninin xüsusi tapşırıqlar üzrə səfiri də olub. Lakin onlar çantaların diplomatik yük olduğunu deməyiblər. Görünür Qətər diplomatları ona görə belə ediblər ki, girovları saxlayan qruplaşmanın Bağdad aerportunda güclü adamlarının olduqlarına əmin idilər və onların məsələdən dərhal agah olaraq yükü qəbul edəcəklərini gözləyirdilər.

Baş nazir əl-Abadi bildirir ki, Bağdad aerportunun vəzifəli şəxsləri çantaları açmazdan əvvəl Qətər nümayəndələrinin söhbətlərini eşidiblər və onların çantalarda pul olmasından xəbərdar olduqlarını görüblər. Lakin belə görünür ki, qətərlilər pulun məbləğindən xəbərdar deyildilər. Çantalar aerportda açılanda və pullar sayılanda məbləğin 500 milyon dollar olduğunu biləndə onlar təəcübləniblər. Həmin vaxt çox güman ki, qətərlilər İraq hökumətinə pulların girovların azad edilməsi üçün göndərildiyini çatdırıblar. Lakin buna baxmayaraq İraq hökuməti pulları müsadirə edib. Çünki silahlı qruplaşmalara girovlara görə bu qədər pulun ödəniləcəyi haqda əvvəlcədən İraq hökuməti məlumatlandırılmamışdı.

Bildirilir ki, qətərlilər və səudiyyəlilər İraqın cənubundakı Mutanna bölgəsində 2015-ci ilin dekabrında İrandan dəstəklənən “Xatib Hizbullah” şiə silahlı qruplaşması tərəfindən girov götürülmüşdü. Bir qayda olaraq İraq və Suriyada fəaliyyət göstərən bütün sünnü və şiə qruplaşmalarının yerli siyasətçilərlə, partiyalarla və xarici dövlətlərlə əlaqləri var.

Baş nazir Heydər əl-Abadinin bildirdiyinə görə pullar aerportda müsadirə olunanda “üçüncü şəxslər” müdaxilə edib, onların bəziləri “yüksək səviyyəlilər” olub, hədələyiblər və silahlı qüvvələrdən istifadə edəcəklərini deyiblər. Təyyarə ilə gələn Qətər əmirinin xüsusi nümayəndəsi və Bağdaddakı səfiri işlərin yolunda getməməsinə görə xeyli sərt mübahisə ediblər.

Məsələ burasındadır ki, girovlar hələ pulların göndərilməsndən bir gün əvvəl azad edilmişdilər və İraq baş nazirinin iqamətgahında saxlanılırdılar. Bəs silahlı qruplaşma pulu almadan girovları necə azad edib? Baş nazir ehtimal edir ki, qətərlilər girov götürənlərin “sponsorlarının” Bağdad aerportunda vəziyyətə tam hakim olduqlarına əmin olublar.

Girovların azad edilməsinin ikinci tutarlı səbəbi bunun Qətər, İran, “Cəbhat əl-Nusra” və müxtəlif şiə qruplaşmaları arasında əldə edilmiş regional razılaşmanın bir hissəsi olmasıdır. Belə ki, razılaşmaya əsasən İraqın şimalındakı İdlib əyalətində əhalisi 40 min nəfərə yaxın olan iki şiə qəsəbəsi-Fua və Kefrayanın əhalisinin sünnü mühasirəsindən çıxarılması nəzərdə tutulmuşdu. Habelə Dəməşqdən qərbdə yerləşən Madaye və Zabadani sünnü qəsəbələrinin sakinləri Suriya hökumət qüvvələrinin və “Hizbullah”ın mühasirəsindən çıxarılmalıydı. Razılaşmaya görə həmin qəsəbələrin sakinlərinin hamısı eyni gündə evakuasiya olunmalıydı. Girovluqda saxlanılan ovçuları ötən həftənin cümə günü buraxıblar. Həmin gün İraqdakı mənbə “Frans press”ə bildirmişdi ki, “Cəbhat əl-Nusra” ilə “Xətib Hizbullah” arasında əldə olunan razılaşma nəticəsində girovluqdan azad olunan ovçular baş nazir Heydər əl-Abadinin iqamətgahındadır.

Bundan əvvəl aprelin 15-də intiharçı-terrorçuların Fua və Kefraya qəsəbələrindən evakuasiya olunan şiələrin karvanına hücumu nəticəsində 126 nəfər ölüb, 300-dən çox adam yaralanıb. Nəticədə girovların azad edilməsi ləngiyib. Həmin gün Qətər təyyarəsi Bağdada enib.

Məqalədə bu da deyilir ki, İraq baş naziri ümumiyyətlə bu qalmaqala cəlb olunduğuna görə əsəbidir, amma onun narahat olduğu başqa bir məqam da var.Hazırda girovçulara çatmalı olan yarım milyard dollarla dolu çantalar İraq hökumətinin ixtiyarındadır.Amma hamı bilir ki, qüdrətli qruplaşmalar bu qədər pulun əldən çıxması ilə elə-belə barışmayacaqlar. Çünki pullara və girovlara dair razılaşmada İran, Qətər, “Hizbullah”, çoxsaylı sünnü və şiə qruplaşmaları yer alırdı. Bu qruplaşmalar pulla dolu 23 çantaya görə yəqin ki, qisas alacaqlar.

Xatırladaq ki, Qətərin hakim ailəsinin üzvlərinin də aralarında yer aldığı ovçuların düşərgəskinə basqın zamanı cəmi 32 nəfər girov götürülmüşdü. Girovlardan bir neçəsi azad olunsa da Qətərin hakim ailəsinin 9 üzvü də daxil olmaqla qalanları aylardır qruplaşmanın əlində idi. Həmin vaxt girovluqdan azad edilənlərdən biri danışmışdı ki, silahlılar Qətər əmirinin qohumu Xaled ben Ahmed əl-Taninin buraxılmasına görə onlara təklif edilən 300 min dolları tonqala ataraq yandırıblar. Və mənbə demişdi ki, yaraqlıların daha böyük məbləğ tələb edəcəklərini və ya əsirlərin mübadiləsi ilə bağlı tələb irəli sürəcəklərini təxmin edir.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − thirteen =