Həyat yoldaşı Hüseynağa Atakişiyevlə bağlı gizlinləri açdı: “Mənə qızım deyərək…” –

0
753

Ömrünün 56-cı baharında bu həyata vida dedi. Elə ölüm də onu teatrda məşq zamanı, aktyorların əhatəsində yaxaladı. Yaxşı yadımdadır. 2006-cı il idi. Başı hərləndiyini deyib huşunu itirən rejissor üçün teatra təcili yardım çağırıldı. Amma artıq gec idi. Komaya düşən aktyor on gündən sonra dünyasını dəyişdi.

 

Azərbaycan teatrında novator rejissorlardan sayılan və səhnəyə yenilik gətirən görkəmli rejissor Hüseynağa Atakişiyevin bu gün doğum günüdür.

 

1990-cı ildə yaratdığı Gənclər Teatrı elə onun öz evi sayılırdı. O vaxtlar heç kəs teatrın adını söyləməzdi. Eləcə “Hüseynağa Atakişiyevin teatrı” deyərdilər.

 

Doğum günündə rejissoru həyat yoldaşı və sənət dostu aktrisa, əməkdar artist Nəsibə Eldarova ilə yad edəcəyik.

 

– Hüseynağa Atakişiyevin yoxluğunu hansı məqamlarda daha çox hiss edirsiniz?

– Hər məqamda. Biz onunla 17 il eyni teatrda çalışmışıq. Az vaxt deyildi. Elə bilirdik ki, həmişə belə davam edəcək, hər zaman bərabər olacağıq. Belə bir deyim var: “Insan bilsə ki, yıxılacaq, altına döşək salardı”. Ümumiyyətlə, biz naşükur bəndələrik, əlimizdə olanın dəyərini zamanında bilmirik. İtirəndən sonra dəyər veririk. Nə qədər ki xoşbəxtik, bu xoşbəxtliyin həmişə davam edəcəyini, heç vaxt bitməyəcəyini düşünürük. Amma bir gün o xoşbəxtliyi itirəndə, itkinin ağırlığını anlayırıq. Mən də Hüseynağanı itirəndən sonra daha çox sevməyə başladım. Onu yalnız həyat yoldaşı kimi sevmirdim, eyni zamanda teatrın rəhbəri, rejissor, peşəkar bir insan və ən əsası şəxsiyyət kimi sevirdim.

 

– Zahirən çox mülayim görünürdü, adama elə gəlirdi ki, heç vaxt səsinin tonunu qaldırmaz…

– Elə göründüyü kimi idi. Çox kövrək insan idi, kədərlənəndə uşaq kimi gözləri yaşarırdı. Biz teatrda bir ailə kimi dolanırdıq. Hüseynağa özü də daxili sərbəstliyi sevən adam olduğundan aktyorlara da o şəraiti yaradırdı. Bizi özünə dost sayırdı, dost kimi davranırdıq, fikir mübadiləsi edirdik. Düşündüklərimizi açıq şəkildə bildirirdik. Yadınızda olar, jurnalistlər həmişə onun kabinetini aktyorlarla dolu görürdü. Hüseynağa bəzi teatr rəhbərləri kimi, öz hücrəsinə çəkilən, ünsiyyətdən uzaq olan rejissor deyildi. Tamaşalarla bağlı mübahisələrimiz düşürdü. Buna görə heç kimlə kobud danışmazdı. Belə xasiyyəti yox idi. Hüseynağanin ən böyük uğuru o idi ki, kollektiv arasında intriqalar yox idi. Onu da deyim ki, məişət adamı deyildi, bütün varlığı teatrla bağlı idi. Biz ailə qurandan sonra onunla kirayədə yaşayırdıq, amma o qədər xoşbəxt idik ki… Hüseynağa üçün fərqi yox idi, nə yedi, nə içdi, harada yatdı, harada durdu, bir dərdi vardı – teatr. Bir də rəsmiyyəti sevmirdi.

 

– Daxilən sərbəst olduğunu geyimlərində də sezdirirdi…

– Hə, çox sadə geyinirdi. Geyimləri də azad idi, kostyum, qalstuk onluq deyildi. Bu insan çərçivələrə sığışan adam deyildi.

 

– Bəs sevgi münasibətlərində necə idi?

– Həmişə mənə deyirdi ki, mən “odnolyub”am.

 

– Doğrudan elə idi?

– Məncə yox, çünki məndən əvvəl iki qadınla evli olmuşdu, uşaqları vardı. Mən birinci deyildim axı.

 

– Bəs axırıncı necə?

– Hə, bunu dəqiq bilirəm ki, mən onun sonuncu sevgisiydim.

 

– Yaxşı, onu nə ilə cəlb etdiniz ki, axırıncı oldunuz?

– Bunu özü bilirdi və bu sirri də özüylə bərabər məzara apardı. Əslində heç özü də bilmirdi ki, məni niyə sevir. Çünki əgər insan niyə sevdiyinin səbəbini bilirsə, artıq o sevgi yox, sövdələşmə olur. Əgər bir qadın bir kişini tutub yanında saxlamağa cəhd edirsə, artıq o, sevgi deyil. Bu, kişiyə də aiddir. Hüseynağanı zorla yanında  saxlamaq mümkün deyildi. Çünki o daxili azadlığını hər şeydən üstün tutan insan idi. O, sərbəst, azad idi, əsas olan onun kiminsə yanında qalması yox, ruhən özünü kimə yaxın hiss etməsi idi.

 

– Onu itirməkdən qorxmurdunuz?

– Yox, qorxmurdum.

 

– Özünüzə bu qədər əmin idiniz?

– Yox, əslində mən onu şəxsiyyət kimi sevirdim. Bunu bir qadının bir kişiyə sevgisindən çox, bir qadının bir şəxsiyyətə sevgisi kimi də dəyərləndirmək olardı. Bəzən o mənə deyirdi ki, sən mənə anam, bacım qədər doğmasan. Hətta məni “qızım” deyə çağırırdı. Mənsə onu bir uşaq kimi əzizləyib, çox istəyirdim. Bu sevgi bizi doğmalaşdırmışdı.

 

– Qısqanırdınız onu?

– Daha çox o, məni qısqanırdı.

 

– İndi onsuz darıxırsınız?

– Çox. Mən onsuz darıxmasaydım, ona olan sevgimi başqası ilə əvəzləyərdim. Amma mən ondan sonra başqa sevgi axtarmadım.

 

– Qadınlar onu çox sevirdi?

– Həddən artıq. Çünki çox yaraşıqlı kişi idi, hər kəsin diqqət mərkəzində olmağı bacarırdı. Həm də xarizması vardı, daxilən o qədər gözəl idi ki, ona valeh olmamaq mümkünsüz idi. Kişidən kişiyə də fərq var. Hüseynağa hər qadını görüb tamah salan kişilərdən deyildi. Ruh adamı idi.

 

– Xobbisi, əyləncəsi vardımı?

– Yox, elə xobbisi də, əyləncəsi də, həyat tərzi də teatrla bağlı idi. Hətta ağır xəstə yatdığı vaxtlarda belə teatrı düşünürdü. “Qara qutu” tamaşasını hazırlayırdı, yarımçıq qaldı. Həmin vaxt teatrda səhhəti pisləşdi, təcili yardım çağırdıq. Elə orda komaya düşdü, evə apardıq. 12 gün ağır vəziyyətdə qaldı. Ölüm ayağında dedi ki, telefonu ver mənə, teatra zəng edim görüm, dekorasiyalar hazırdır? Mən onun xəstəlikdən ağlını itirdiyini düşündüm. Yalandan dedim ki, hə, hazırdır. Üzümə baxıb hirsləndi ki, elə bilirsən ağlımı itirmişəm? Teatr o insanın nəfəsi idi. Mən onun sənətinə ondan da artıq dəyər verirdim. Bəlkə elə buna görə də məni çox istəyirdi.

 

– Son sözü nə oldu bəs?

– Axırdan-axıra danışa bilmirdi. Amma elə dilindən son çıxan da tamaşası ilə bağlı dediyi o sözlər oldu.

 

– Sizcə, özüylə məzara apardığı bir sirri-sözü vardımı?

– Ümumiyyətlə, Hüseynağa çox qapalı insan idi. Paylaşmağı sevməzdi. İstəməzdi dərdi ilə kimisə yükləsin. Elə içində çəkirdi. Hətta teatrla bağlı problemlərini də heç kimə danışmırdı. Bu da onun səhhətinə pis təsir elədi.

 

– Onu sındırmaq asan idi?

– Nə danışırsınız, Hüseynağanı sındırmaq olardı? Heç vaxt! Ölərdi, amma sınmazdı, bir probleminə görə heç kimə ağız açmazdı. Çox qürurlu adam idi. Elə buna görə də onu çox istəyirdilər. Təmiz adam idi. O gənclər Teatrını minbir əziyyətlə yaratmışdı, aktyorları bircə-bircə toplamışdı. Teatrla bağlı arzuları çox idi. Amma reallaşdıra bilmirdi. Teatrın yeri-yurdu olmadı, tamaşaları soyuq səhnədə hazırlayırdıq. Amma buna baxmayaraq, həmişə tamaşalarımız anşlaqla keçirdi. Hər kəs Gənclər Teatrını Hüseynağa Atakişiyevin teatrı kimi tanıyırdı. Hər tamaşanın premyerasını bayram kimi qəbul edirdi. Onun ölümündən sonra teatrın aktyorları pərən-pərən düşdü. Hərəmiz bir tərəfə səpələnmişik.

 

– Sevimli aktrisası vardımı?

– Əlbəttə, vardı.

 

– Kim idi?

– Mən. Məni çox sevirdi ki, bütün rolları mənə verirdi. Bir aktrisa kimi məni çox dəyərləndirirdi.

 

 

Cəvahir Səlimqızı

BIR CAVAB BURAXIN