Həm vəfalı, sadiq, həm də şirindil…

0
211

Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından əxz olunmuş bu poetik sətir cari ilin mart ayının əvvəli haqq dünyasına qovuşmuş dostumuzun – Dilavər Mirzəkişi oğlu Əzimlinin ən nəcib, ümdə xüsusiyyətlərini əks etdirir. D.M.Əzimli AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsindəki əmək fəaliyyətinə 2003-cü ildə başladı. Dilavər Əzimli şöbəmizə gəldiyi gündən etibarən öz adına müvafiq olaraq əməkdaşların hörmətini qazandı…
Dilavər Əzimli bildiklərini bölüşməyə, bilmədiklərini öyrənməyə cana atan səmimi bir insan idi. 2008-2018-ci illər ərzində onunla birgə dəfələrlə Rusiya Federasiyasının Dağıstan Respublikasında, Çeçenistan Respublikasında keçirilmiş beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirak etmiş, Azərbaycan tarix elminin mövqeyini nümayiş etdirməyə can atmışıq. Onunla birgə Rusiya Federasiyasında (xüsusilə Dağıstan Respublikasında, Çeçenistan Respublikasında) 30-dan artıq elmi məqalə nəşr etdirmişik. D.M.Əzimli Türkiyə Cümhuriyyətində keçirilmiş bir neçə elmi konfransda da iştirak etmiş, qardaş ölkənin tarixçiləri arasında da hörmət qazanmışdır.
D.M.Əzimli 2013-cü ildə dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2014-cü ildə Bakıda onun “Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVIII əsrin I yarısı)” adlı monoqrafiyası nəşr edilmişdir. Dilavər Əzimli orta əsr Azərbaycan dövlətçiliyində dinin rolu ilə bağlı olan yeni dissertasiya mövzusu üzərində çalışırdı.
Dilavər Əzimli Bakı Dövlət Universitetindəki, Azərbaycan Dövlət Pedaqoji Universitetindəki, Bakı İslam Universitetindəki pedaqoji fəaliyyəti ilə yeni, vətənpərvər nəslin təşəkkülündə nəzərəçarpan rol oynamış, bu nəslin sevgisini qazanmışdır.
Biz Bütöv Azərbaycanı, onun vətənpərvər övladlarını sevərək yaşamış, həyatının mənasını xalqa xidmətdə görmüş vətəndaş, Tarixçi Dilavər Əzimlinin xatirəsinin yeni nəsillər üçün də əziz olacağına əminik. Bu məqamda görkəmli Azərbaycan tarixçisi, şərqşünası, şairi Şahin Fazilin (Fərzəliyevin) 2017-ci ilin aprel ayının 8-də yazdığı, “Şeyx Dilavər Əzimliyə” həsr etdiyi “Nikbin kəsə bədbin şeir”ini xatırladım. Şahin Fazil bu şeirin ön süzündə “Şeyxlər çox çoxalıb. Şeyx Nəsrullahlar, Şeyx Əbdüllər… Nikbin Öz, yaxud nikbin Özünügörmə! Mənim bu şeirimdə heç də nikbin Özünügörməni görmə, fikirlərimi gör” demiş və yazmışdır:
Əcəl uzadıb əlini,
Ölə-ölə yaşayıram.
Axırımın əvvəlini
Bulə-bilə yaşayıram.

Yaşayırdım adam kimi,
Qəlb çatladı badam kimi…
Əriməkdəyəm şam kimi –
Gilə-gilə yaşayıram.

Cummada qəhər qoşunu,
Mən saymazdım hər qoşunu,
Üstümə kədər qoşunu
Gələ-gələ yaşayıram

İtirmişəm gözəlimi
Həzzdən çəkmişəm əlimi,
Arım varmı? Dəli kimi
Gülə-gülə yaşayıram.

Mən nə deyim belə günə,
Daş qoymuram daş üstünə,
Yaş gəldikcə yaş üstünə,
Ildən-ilə yaşayıram

Tay-tuşlarım çoxdan ölüb,
Vardan ölüb, yoxdan ölüb
Nazdan ölüb, oxdan ölüb
Hələ-hələ yaşayıram

Amma, əzib ayağımla,
Vuruşuram fərağımla,
Dərd dağını barmağımla,
Dələ-dələ yaşayıram.

Bumudur aşiqin günü?
Görməyirəm toy-düyünü,
Həyatımın güzgüsünü
Silə-silə yaşayıram.

Gərilmir daha qanadım,
Doğulmayır “Şahin” adım,
Elə-belə doğulmadım,
Elə-belə yaşayıram”.

(Şahin Fazil. Doğruya doğru. Bakı: “Elm və təhsil”, 2018, s. 1136-1137)

Xeyirbəy Qasımov
AMEA-nın A.A.Bakıxanov adına
Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi”
şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent

Arazinfo.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 2 =