Həkimlərin maaşları artırıldı Səhiyyə 9 Noyabr 2016 00:56 640 Baxış

0
612

11Nazirlər Kabineti “ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bu tibb müəssisələrində çalışan həkimlərin aylıq tarif (vəzifə) maaşları artırılıb.

Bundan sonra bu tibb müəssisələrində həkimlərin maaşları Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə deyil, Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nə uyğun olaraq ödəniləcək.

Vahid Tarif Cədvəli əsasən əməyin ödənilməsinin 19 dərəcəsi var və əməyin ödənilməsinin dərəcəsi artdıqca müvafiq olaraq aylıq vəzifə maaşları artır. Yəni əməyin ödənilməsinin I dərəcəsi üçün ən az, əməyin ödənilməsinin XIX dərəcəsi üçün ən yüksək aylıq vəzifə maaşı müəyyən edilir. Beləliklə, indiyə qədər əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 93,5 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 644 manat olub. Dəyişikliyə əsasən isə bundan sonra əməyin ödənilməsinin I dərəcəsi üçün həkimlərin aylıq vəzifə maaşları 116 manat, əməyin ödənilməsinin XIX dərəcəsi üçün 750 manat olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən Siyəzən Müalicə Diaqnostika Mərkəzi də bu siyahıya daxil edilib. Bu tibb müəssisəsində çalışan həkimlərinin maaşları da eyni prinsiplə ödənəcək.

BIR CAVAB BURAXIN