Görüm nə deyəcəksiniz?

0
752

Hərənin özünə görə ağlı-kamalı var. Mənimki azmı, çoxmu ölçməmişəm, bilmirəm. Amma onu bilirəm ki, mini min bir söz desə də, günahkar yırtıcı heyvanların, xüsusilə canavarların hücumlarına məruz qalan ev heyvanları və insanlardır. Bunu deyirəm, oluram pis kişi. Düşürlər üstümə ki, insafın olsun, necə yəni bu məsələdə yırtıcı heyvanların təqsiri yoxdur. Günün günorta çağı canavarlar ev heyvanları və insanlara hücum edəndə zərərçəkən kim olur? Deyirəm, təbii ki, insanlar. Bəs onda niyə ağzına gələni danışırsan? Deyirəm, siz birini bilirsiniz, o birini yox. Amma mən ikisini də bilirəm. Əsəbiləşməyin, yenə deyirəm, təqsir yırtıcı heyvanlarda (canavar, tülkü, çaqqal) olmayıb. Bəs təqsir kimdə olub? O özlərindən razılarda. Yəni bulaqları, meşələri özəlləşdirib hasara alanlarda. Ar olsun onlara! Əgər onlar belə etməsəydilər, yırtıcı heyvanlar kəndlərə hücum edərdilərmi? Vallah, etməzdilər, elə meşədə qarınlarını doyurar, üstündən də bulaq suyu içərdilər. Amma indi yazıqların məkanları əllərindən çıxıb. Elə bu səbəbdən onlar öz əhatə dairələrindən çıxmağa məcbur olurlar. Necə, onları öldürmək lazımdır? Yavaş, birdən öldürərsiniz, yaxud onlara əl qaldırarsınız a… Nəbadə, ağlınızdan belə bir şey keçirəsiniz.

İndi buna görə yəqin məni qınayacaqsınız. Üstəlik, ərz edəcəksiniz ki, bunun başı xarab olub. Neyləyək, ünvanıma nə “xoş” söz istəyirsiniz deyin. Yenə deyirəm, siz birini bilirsiniz, o birini yox. Amma mən ikisini də bilirəm.

Qoy ikincini də deyim: Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların öldürülməsinin, onlara əl qaldırılmasının əleyhinədir. Özü də çox-çox qəribə iddia ilə çıxış edib. Necə? Nazirlik deyir ki, ay camaat, vəhşi heyvanlar sizə və yaxud təsərrüfatlarınıza hücum edəndə bu məsələ ilə bağlı elə hücum anında bizim yerli şöbələrə ərizə ilə müraciət edin. Nəticədə bizim nazirliyin “ovçu briqadaları” gəlib onları ram etsinlər. Yəni yırtıcılara insan haqlarını pozduqlarını xatırlatsınlar. Vallah, kim nə deyir desin, bu, nazirlik tərəfindən atılmış çox unikal bir addımdır. Daha bilmirəm, belə bir addımın dünyada analoqu var, ya yox, gərək öyrənəm. Necə? Ərizə yazana kimi yırtıcılar insanları o dünyalıq edəcəklər?

Hə, bunu doğru deyirsiniz ki, yırtıcı heyvanların nə zaman, harada hücum edəcəklərini qabaqcadan bilmək olmur. Mənim aldığım məlumata görə, bununla bağlı nazirlik sinoptiklər kimi əvvəlcədən məlumat verməyi düşünürlər. Necə? Yenə baş-ayaq danışıram? Vallah, bu dəfə ağzıma gələni danışmıram, aldığım məlumat belədir də… Bir də elmin, texnikanın inkişaf etdiyi bir zəmanədə belə şeylər bizim mütəxəssislərin əlində nə çətin işdir ki? Nə isə, siz belə düşünün, inanın, bu heç mənim vecimə deyil. Hə, onu deyirdim axı. Təxminən belə: sabah saat 5 radələrində Göyçay rayonunun Yalman kəndinə canavarların basqını olacaq. Onların gecə saatlarında da hücuma keçmək ehtimalı var. Elə həmin gün saat 6 radələrində isə Qubanın Barlı kəndinə çaqqalların qısamüddətli hücumu gözlənilir. Şəkinin Daşüz kəndinin camaatı isə gecəni yatmayıb onları gözləmələri məsləhətdir. Əks halda, əhalinin ciddi zərərə düşəcəyi ehtimalı var. Onlar bu düşündüklərini həyata keçirsələr, görüm nə deyəcəksiniz?

BIR CAVAB BURAXIN