Generalissimusun kimsəsizlər evinə sığınan qızı, ABŞ və SSRİ-nin izlədiyi qadın

0
684

1932-ci ilin 8 noyabrı, axşam saatlarında SSRİ rəhbərliyində təmsil olunan şəxslər və xanımlarının iştirakı ilə keçirilən növbəti şənlik İosif Stalin də daxil olmaqla bir neçə insanın həyatını dəyişdirdi. Kommunist rejimi rəhbərlərinin arvadları ilə rəqs etdiyi məclisin qızğın çağında Stalin üzünü arvadı Nadejdaya tutaraq, amiranə şəkildə “ey, sən də rəqs elə”, – deyir. Məclisdə marşallardan birinin arvadına sataşan diktator artıq neçənci dəfə idi ki, özündən 22 yaş balaca həyat yoldaşını başqalarının yanında pərt edirdi. Bundan pərt olmuş qadın “Mən səninçün ey deyiləm”, – deyib məclisi yarımçıq qoyaraq oradan uzaqlaşır. Noyabrın 9-a keçən gecə isə o, intihar edir.

Stalinin bu tərbiyəsizliyi onun ailəsiz qalması ilə yanaşı, Nadejdadan olan iki azyaşlı övladının, o cümlədən 6 yaşlı qızı Svetlananın gələcək bədbəxtliyinə səbəb oldu.

Publika.az “Anar təqdim edir” layihəsi çərçivəsində diktatorun qızı Svetlana Alliliuyevanın həyatı ilə bağlı bir sıra maraqlı faktları təqdim edir.

14 yaşlı qızla 35 yaşlı yazıçının sevgi macərası

Stalin arvadı Nadejdanın intiharından dərhal sonra onun bacılarını və digər yaxınlarını həbs etdirdi. Baş verənlərdən təəccüblənən 6 yaşlı Svetlana atasından soruşdu:

– Mənim xalalarım niyə həbs edilib?

– Əgər vəkillik etsən, sən də onların yanına düşəcəksən, – deyə diktator qızının sualına qəti cavab verdi.

Beləcə, altı yaşlı qızcığaz ana himayəsindən məhrum oldu. Svetlanaya Aleksandra Andreyevna dayəlik etməyə başladı. Qadın uşağa, onun tərbiyəsinə güclü təsir göstərirdi. Uşağın özünə isə demişdilər ki, guya anası xəstəlikdən dünyasını dəyişib.

Svetlananın sevgi macəraları hələ orta məktəb illərində başladı. O, 14 yaşı olanda Lavrenti Beriyanın oğlu Serqo ilə eşq yaşadı. Bir il sonra, 40-cı illərin əvvəllərində o, özündən yaşca iki dəfə böyük olan yazıçı Aleksey Kaplerlə sevgi macərasına başladı. 15 yaşlı qız 35 yaşlı kişi ilə gizli məktublaşırdı.

Bir gün Stalin gözlənilmədən qızının otağına soxularaq onun əlindəki məktubları dartıb aldı. Diktator məktubların ilk cümlələrini oxuyaraq qızına xitabən “Qancıq”, – deyə söydü.

Tezliklə Kapler həbs edilərək İngiltərəyə “casusluq”da ittiham edilərək sürgün olundu. Beş il sonra o, Moskvaya gəlişinin qadağan edilməsinə baxmayaraq Svetlana ilə görüş üçün yenidən paytaxta üz tutdu. Və qatardan düşən kimi yenidən həbs edildi.

Bununla da cütlüyün sevgi macərasına son qoyuldu. 1943-cü ildə orta məktəbi əla qiymətlərlə bitirən Svetlana Ədəbi İnstitutuna daxil olmağa hazırlaşdı. Lakin bu dəfə də qəddar atası ona təsir göstərdi:

– Məktəbdə hansı ixtisas üzrə təhsil almaq istəyirsən?

– Filoloq…

– O nə olan şeydir?

– Ədəbiyyat…

– (Atası onun sözünü kəsərək) Hə, şeir, macəralar…

O, qızının filoloq seçiminə etiraz etdi. Bununla belə Svetlana M.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu. Lakin orda cəmi 1 il oxudu. Xəstələnməsi ilə əlaqədar bir müddət təhsilinə ara verən Svetlana sonradan təhsilini tarix fakültəsində davam etdirdi.

Ərlər “seriyası”: Qriqori, Yuri, İvan, Brandjeş, Uilyam…

Sərbəstliyi sevən, siyasətə qarışmayan qızın başı növbəti sevgi macərasına qarışdı. Bu dəfə qardaşı Vasilinin sinif yoldaşı Qriqori Morozovla eşq macərasına.

“Nə edirsənsə et, amma yəhudi ərini evimdə görməyim. Bax, cəbhədə müharibə gedir, o isə arxada gizlənir”,- deyə Stalin qızına bəd “xeyir-dua” verdi. Artıq cütlük diktatorun “xeyir-duası”ndan sonra ailə qura bilərdi. 1944-cü ildə rəsmiləşən nikahdan onların bir övladı dünyaya gəldi. Uşağa atası İosifin adını qoydular.

Stalin qızı və kürəkəni ilə görüşmür, qətiyyən maraqlanmırdı. Lakin Svetlananın ilk ailə həyatının ömrü çox az, cəmi 1 il çəkdi.

Dörd il sonra o, Yuri Jdanova ərə getdi. Yuri balaca Svetlananın birinci ərindən olan İosifi övladlığa götürdü. 1950-ci ildə ailənin qız övladı – Yekaterina dünyaya gəldi.

Lakin xasiyyətcə mürəkkəb Svetlana Yuri ilə də yola getmədi. İkinci ərindən də ayrıldı və 1957-ci ildə İvan Svanidzeyə ərə getdi. Lakin bu nikahın da ömrü qısa – cəmi 2 il sürdü.

Diktatorun qızı dördüncü nikahını Hindistan vətəndaşı Brandjeş Sinqxlə rəsmiləşdirmək istədi. SSRİ Nazirlər şurasının sədri Aleksey Kosıgin 1965-ci ildə Svetlana ilə atasının iş kabinetində görüşərək bu nikaha şəxsən mane oldu. Sinqxin ölümcül xəstə olmasına baxmayaraq Kosıgin bildirdi ki, ona əcnəbi ilə nikah bağlamağa icazə verməyəcəklər.

Maneələrə baxmayaraq nikahın rəsmiləşməsi baş tutdu. Onlar çox az bir yerdə yaşadılar.

1966-cı ilin dekabrında mərhum əri Bradjeşa Sinqxin külünü müşayiət edərək Hindistana gələn qadının mühacirət həyatı başladı. ABŞ-ın Dehlidəki səfirliyinə üz tutan qadın SSRİ-yə düşmən ölkədən siyasi sığınacaq istədi.

ABŞ-da yaşayan Svetlana növbəti dəfə ər sevdasına düşdü. O, 1970-ci ildə Amerika memarı Uilyam Pitersə ərə getdi. Qadın ərinin soyadını özünə qəbul etdi və öz adını da dəyişdi. İndi hamı onu Lana Peters adlandırırdı.

Svetlananın bu nikahdan Olqa Piters (sonralar Kris Evans) adlı qızı dünyaya gəldi. Lakin bu nikahın da ömrü cəmi 2 il sürdü. 1972-ci ildə boşansa da, özü üçün Lana Piters adını saxladı.

Svetlananın xaricdəki gəlirləri yaxşılaşdı. Onun “dostuma iyirmi məktub” xatirələrinin jurnal variantı Hamburqdakı “Şpigel” nəşrində satışla 480 min marka gəlir gətirdi.

1982-ci ildə o, ABŞ-dan Böyük Britaniyaya köçdü. Lakin bu ölkədə də çox qala bilməyib, iki il sonra Sovet İttifaqına qayıtdı. O, sovet hakimiyyəti tərəfindən qarşılandı. Tezliklə Svetlananın sovet vətəndaşlığını bərpa etdilər. Amma mürəkkəb xasiyyətli Alliluyeva oğlu və qızı ilə dil tapa bilmədi. O atasının vətəni Gürcüstana getdi və buradakı üçotaqlı mənzildə yaşamağa başladı.

Altmış illik yubileyini burada qeyd edən qadın yerli orqanlarla və keçmiş dostları ilə də yola getmədi. Tezliklə Svetlana yenidən vətəni tərk etmək niyyətinə düşdü. Qadın xaricə səfərə icazə vermək xahişiylə SSRİ rəhbərliyinə müraciət etdi. 1986-cı ilin noyabrında Mixail Qorbaçovun şəxsi müdaxiləsindən sonra ona ABŞ-a qayıtmağa icazə verildi. Alliluyeva növbəti dəfə SSRİ vətəndaşlığından imtina etdi.

ABŞ-a üz tutan qadın bir müddət Viskonsin ştatında yaşadı. 1992-ci ilin sentyabrında onun sorağı Böyük Britaniyadakı qocalar evindən gəldi. Lakin bir neçə il sonra növbəti dəfə ABŞ-a getdi.

Ömrünün son anlarını Medison (Viskonsin ştatı) şəhərindəki qocalar evində, 217-ci otaqda Lana Piters ad və soyadı ilə yaşayan qadın burada da heç kimlə ünsiyyət qurmur, yaşıdlarından uzaq gəzirdi. Jurnalistlərə müsahibə verməkdən imtina edən Svetlana Alluiluyeva uzun müddət mediaya veto qoydu.

Nəhayət 2008-ci ildə rus jurnalistlərindən birinə müsahibəyə qəribə şərtlərlə razılıq verdi: “Gələrkən özünlə kamera gətirmə. Səndən kimin yanına getdiyini soruşsalar, de ki, sadəcə qocalar evinə baş çəkməyə gedirsən. Kimin yanına getdiyini isə qətiyyən demə”.

O, bir neçə dəqiqəlik müsahibə verib həyatı barəsində danışdı. Tənha olduğunu dedi. Bildirdi ki, bədbəxtdir və bunun səbəbkarı atasıdır.

İyirminci əsrin yeganə generallisimusunun qızı 2011-ci ilin 22 noyabrında ABŞ-ın Viskonsin ştatının Ricland şəhərində xərçəng xəstəliyindən dünyasını dəyişdi. Svetlananın cənazəsi yandırıldı və Oreqon ştatının Portlend şəhərinə apardı. Onun ölümü 6 gün gizli saxlanılmışdı.

2012-ci ilin noyabrında ABŞ-ın Federal Təhqiqat Bürosu Svetlana Alliluyeva ilə bağlı maraqlı etirafla çıxış etdi. Məlum oldu ki, Amerikanın xüsusi xidmət orqanları Stalinin qızını izləyirmiş. Onun 2008-ci ildə jurnalistə dediyi “Qocalar evinə gələrkən kimin yanına gəldiyini demə” şərtinin əsas səbəbləri üzə çıxdı. Sən demə, Svetlana özü də ABŞ kəşfiyyatçılarının onu izlədiklərini bilirmiş.

Beləcə, milyonlarla insanın, yüz minlərlə ailənin faciəsinin səbəbkarı olmuş Stalinin öz övladı da dünyadan bədbəxt insan, tənha qadın kimi köçdü.

Anar Tağıyev

BIR CAVAB BURAXIN