Fransa prezidentini ayağına gətirən Azərbaycan çobanı

0
1230

1966-cı ilin baharı… SSRİ rəhbəri, Mərkəzi Komitənin birinci katibi Leonid Brejnev kabinetində işləyərkən telefon zəng çalır. Ölkə başçısına zəng edən SSRİ-nin xarici işlər naziri idi. Nazir bildirir ki, Moskvaya səfərə gələn Fransa prezidenti Şarl de Qoll Moskvada “Armed Mişellə – İkinci Dünya Müharibəsində Fransanın faşistlərə qarşı müqavimət hərəkatında misilsiz rol oynamış azərbaycanlı Əhmədiyyə Cəbrayılovla da görüşmək istəyir.

– Yaxşı, bəs problem nədədir? – deyə Brejnev soruşur.

Nazir səsini alçaldaraq astadan cavab verir:

– SSRİ-də belə bir adam yoxdur, yoldaş Brejnev!   

– Deməli yaxşı axtarmamısınız.

Brejnev bunu deyib dəstəyi asır və hansısa nömrəni yığaraq “Armed Mişel”i yenidən axtarmaq barədə göstəriş verir. Dövlət Təhlükəsizlik Komitəsi də daxil olmaqla SSRİ-nin bütün respublikalarında həmin adamın axtarışına başlanılır.

 

Daha sonra məlum olur ki, Şarl De Qollun prezidentinin səfər proqramına dəyişiklik edib görüşmək, çay içib bağda gəzmək, saatlarla söhbət etmək istədiyi bu azərbaycanlı Fransanın qəhrəmanı, həmin ölkədə paradda prezidentdən öndə addımlamaq hüququna malik əfsanəvi döyüşçü, SSRİ-də isə hamının unutduğu, Şəkidəki çoban Əhmədiyyə Cəbrayılovdur.

Publika.az fransızların sevimli qəhrəmanına çevrilmiş Armed Mişel – Əhmədiyyə Cəbrayılovun həyatı ilə bağlı maraqlı faktları təqdim edir.

 

Xruşşov: “Fonda 100 min pul keçirən azərbaycanlını öpdüm”

SSRİ-də doğrudan da bu adda adam yox idi. Odur ki, axtarışlar nəticə vermirdi. Nəhayət bir nəfər bildirir ki, SSRİ-nin istefaya göndərilmiş sabiq rəhbəri Nikita Xruşşovun şəxsən imzaladığı sənəddə belə bir adamın adı olub. Dərhal bağ evində dincələn Xruşşovu tapdılar. 72 yaşlı Xruşşov cavab verdi:

 

– Əslən Azərbaycandan olan belə bir döyüşçü vardı. Fransız partizanlarına qoşularaq çiyin-çiyinə döyüşmüşdü. Fransa hökuməti ona yüz min dollar təklif etdi. Amma o, pulu götürməkdən boyun qaçırdı. Bunu eşidəndə həmin oğlanın yanıma gətirilməsini tapşırdım. Mən ona dedim: “Sənin xarici sədəqəni qəbul etməməyin mənim xoşuma gəldi. Amma digər tərəfdən, bu pulu kapitalistlərə qaytarmaq da mənə ağırdır. Qardaş, bəs sən, bu məbləği bizim Sülh Fonduna vermək istəmirsən? Bax, onda o, bizim, sovet vəsaitimiz olacaq! O, pulu fonda köçürdü. Buna görə onu öpdüm. Sülh Fondunun maliyyə hesabatına baxsanız, həmin adamı tapacaqsınız”.

 

“Brejnevə deyin ki, işlərim var qəbuluna getmirəm”

Artıq hər şey aydın idi. Axtarılan adamın yaşadığı ünvan da müəyyənləşdirildi. Tezliklə hökumət kortecinin avtomobilləri Azərbaycana, Şəkinin Oxud kəndinə gəldilər. Günün axşam saatlarında avtomobil karvanı kəndin kənarındakı balaca evin qarşısında dayandı. Onlar kimi axtarmağın lazım olduğunu bilirdilər. Eyvana 47 yaşlı, bu yerlər üçün qeyri-adi görünüşə malik göygöz, ortaboylu kənd aqronomu çıxdı. Moskvadan və Bakıdan gəlmiş məmurlar onu əhatəyə alıb bildirdilər ki, dərhal Moskvaya uçmalı, yoldaş Brejnevlə görüşməlidir. Aqronom heç nəyə və heç kəsə təəccüb etmədən dedi ki, işləri var. Belə olduqda Moskvadan gələnlər Fransa prezidenti Şarl de Qollun adını çəkdilər və ona məsələnin mahiyyətini açıqladılar. Aqronom onlardan and içmələrini istədi. Məmurların öz uşaqlarının canına and içməsindən sonra Moskvaya getməyə razılıq verdi.

 

Elə həmin gecə Əhmədiyyə Cəbrayılov təyyarə ilə Moskvaya uçdu. Brejnevin qəbuluna düşməzdən əvvəl ona bir neçə kostyum, köynək, qalstuk, ayaqqabı, corab, alt paltarı, plaş, palto, hətta çətir verdilər. Bundan sonra isə Əhmədiyyə Cəbrayılovu Brejnevin yanına gətirdilər.

 

Məlum oldu ki, Şarl de Qoll sabah səhər gələcək. Onun səfər proqramında ölkəni gəzmək var. Ola bilsin general Şəkinin Oxud kəndinə, öz dostunun və keçmiş silahdaşının evinə getmək istəsin. Belə olduqda aqronomun evinin yandındakı evlər söküləcək və orada yaşayan sakinlər abad evlərə köçürüləcəkdilər.

 

Əhmədiyyə Cəbrayılov aqronom olduğunu gizlətməli və de Qolla deməliydi ki, o, ilk sovet fermerlərindən biridir. Əhmədiyyə Cəbrayılov onu təlimatlandıran şəxsin sözünü kəsmədən sonadək dinlədi, axırda isə dedi:

– Mən heç nə eşitmədim, hesab edin ki, sizə də heç nə deməyiblər.

O, bunu deyib ayağa qalxdı və otaqdan çıxdı.

 

Növbəti gün təmtəraqla geyinmiş Əhmədiyyə Cəbrayılov Vnukovo-2-də gətirildi. Fransanın ən cəsur əsgərlərindən biri olmuş Cəbrayılovu hava limanından birbaşa Fransa prezidenti üçün ayrılmış iqamətgaha apardılar.

 

Məlum oldu ki, Şarl de Qoll dostu ilə ünsiyyətdə olmaq, geniş söhbət etmək, bağda gəzmək, şam işığında şam yeməyi yemək üçün axşam proqramını ləğv edib.

 

Alman, rus və fransız dillərini bilən cəsur döyüşçü

 

 

Əhmədiyyə Cəbrayılovun belə yüksək pilləyə ucalması heç də təsadüfi deyildi. Uşaqlıq və yeniyetməlik illərində zahiri görünüşü ilə başqalarından  fərqlənməyən Əhmədiyyə Cəbrayılov kənd təsərrüfatı texnikumunu bitirəndə müharibə başladı. O, könüllülər sırasına yazıldı, cəbhəyə göndəriləndə dərhal kəşfiyyatçı olmaq istədiyini bildirdi.

– Nə üçün? – deyə ondan soruşdular.

– Çünki heç nədən və heç kimdən qorxmuram, – deyə cavab verdi.

 

Bu sözlərinə görə onu əsgər yoldaşlarının yanında ələ saldılar. Lakin o, elə ilk döyüşdəcə özündən bir dəfə yarım ağır çəkiyə malik faşist əsgərini (kəşfiyyatçılar buna “dil oğurluğu” deyirdilər) oğurlayıb hissəyə gətirdi. Amma bu qəhrəmanlığına görə onu cəzalandırdılar. Məsələ burasındadır ki, oğurlanan alman əsgərində heç bir hərbi sirr yox idi.

 

Cəbrayılov xaraktercə də digərlərindən fərqlənirdi. Böyük Vətən Müharibəsində adətən döyüşdən əvvəl sovet əsgərlərinə 100 qram araq verirdilər. Lakin Əhmədiyyə Cəbrayılov spirtli içki qəbul etməkdən imtina edirdi.

 

Bir dəfə onun alman dilini öyrəndiyini gördükdə soruşdular:

– Olmaya əsir düşmək istəyirsən?

– Kəşfiyyatçı düşmənin dilini bilməlidir.

– Axı sən kəşfiyyatçı deyilsən.

– Hələlik kəşfiyyatçı deyiləm, – deyə o cavab verdi.  

 

1942-ci ilin mayında onun əsgəri olduğu batalyon qeyri-mütəşəkkil şəkildə planlaşdırılmış hərbi əməliyyat səbəbindən döyüşdə uğursuzluğa düçar oldu və şəxsi heyətin böyük hissəsi faşistlər tərəfindən məhv edildi. Lakin Əhmədiyyə Cəbrayılov xoşbəxtlikdən sağ qaldı. Almanlar yaralı azərbaycanlını huşsuz vəziyyətdə Fransadakı Monqoban konslagerinə gətirdilər.

 

Əhmədiyyə Cəbrayılov alman dilini bilməsini faşistlərdən gizlətdi. Əks təqdirdə faşistlər ondan Almaniyaya işləməyi tələb edəcəkdilər. O, konslagerdəki fransız qadın, süpürgəçi Janetə təmizlik işlərində kömək etməyə başladı. Bunun əvəzində isə qadından ona fransız dilini öyrətməyi xahiş etdi.

– Fransız dilini öyrənmək sənin nəyinə lazımdır? – deyə qadın soruşdu.

– Kəşfiyyatçı müttəfiq ölkələrin dilini bilməlidir.

– Yaxşı, onda sənə hər gün fransızca 5 söz öyrədəcəm.

– Yox, 25 söz öyrət.

 

Qadın gülümsündü:

– O qədər sözü yadda saxlaya bilməyəcəksən.

Lakin qadın yanılmışdı. Əhmədiyyə Janetin fransız dilindən öyrətdiyi heç bir sözü unutmur, hər birini yadda saxlayırdı. Sözləri öyrəndikdən sonra növbə fransız dilinin qrammatikasına çatdı. Maraqlı cəhət burasında idi ki, kəşfiyyatçı “şagird” cəmi yarım ay sonra fransız dilində sərbəst danışır, söhbət edirdi.

 

Şarl de Qollun məktubu, 500 fransız uşağını xilas etmiş qəhrəman

 

 

İndi Əhmədiyyəni başqa plan düşündürürdü: – konslagerdən qaçmaq. Günlərin birində Janet onu zibillə birlikdə düşərgənin kənarındakı zibilliyə, oradan isə meşəyə apardı. Əhmədiyyə meşədə gizlənmiş fransız partizanlarına qoşuldu. Burada o sıravi kəşfiyyatçı oldu.

 

Düşmənin dilini çox yaxşı bilən azərbaycanlı döyüşçü cəmi 4 əməliyyatdan sonra kəşfiyyat qrupunun rəhbəri oldu. Hamı onu Armed Mişel adlandırırdı. Yeri gəlmişkən, “Armed” təxəllüsünü o özü seçmişdi. “Mişel” təxəllüsü isə atası Mikayılın adıyla bağlı idi.

 

Xidmətdəki fədakarlığı ilə seçilən Armed Mişel cəmi 1 ay sonra fransız medalı ilə təltif olundu. Azacıq sonra ona üzərində Şarl de Qollun öz əli yazdığı qısa mətnli məktub təqdim edildi: “Əzizim Armed Mişel, xidmətinizə görə vuruşan fransız xalqı adından sizə təşəkkür edirəm. Sizin Şarl de Qoll”.

 

Əhmədiyyə Cəbrayılov yalnız uğurlu əməliyyatlarla kifayətlənmir, alman dilini fasiləsiz öyrənir, öz üzərində təkmilləşmə aparır, hətta tabeliyindəki kəşfiyyatçıları da düşmənin dilini öyrənməyə məcbur edirdi. Azərbaycanlı döyüşçünün konkret hədəfləri vardı. O, tezliklə alman zabitlərinin və əsgərlərin formalarını geyinərək düşmənin arxasında əməliyyat qurmaq planlarını sınaqdan keçirməyə başladı. Bu zaman o, alman sənədlərinə xüsusi diqqət ayırırdı.

 

O, tapşırıqları öz komandirlərindən alsa da, əməliyyatları şəxsən özü planlaşdırırdı. Müharibə illəri ərzində elə bir hal olmadı ki, Əhmədiyyə Cəbrayılov hansısa əməliyyatı pozsun, ya da uğursuz yerinə yetirsin. Kəşfiyyat komandirinin layiqli xidmətləri nəticəsiz qalmadı. Tezliklə Armed Mişel ilk “Könüllü xidmətə görə Xaç” ordeni ilə təltif edildi.

 

İki gün sonra alman kapitanı formasında çətin tapşırığa yollandı. Əhmədiyyə Cəbrayılov kəşfiyyatçılardan və diversantlardan ibarət kiçik qrupla içində 500 fransız uşağın olduğu və Almaniya eşelonun qarşısını kəsməli, azyaşlıları xilas etməli idi. Əməliyyat uğurla başa çatdı. Əhmədiyyə Cəbrayılov və döyüşçüləri qatarın mühafizəçilərini məhv etdi, bütün uşaqları özüylə meşəyə apardı. Əməliyyat zamanı azyaşlıları və döyüşçülərini mühafizə edən komandir özünü qorumadı. O, bir neçə qəlpə yarası alaraq huşunu itirdi.

 

 

Müalicə edildikdən sonra yenidən silahdaşlarına qoşulan Əhmədiyyə Cəbrayılovun fədakarlıqları sırasına yeniləri əvəz edildi. Layiqli xidmətləri səbəbindən o, Fransa Respublikasının ali hərbi mükafatı – “Dəmir Xaç”la təltif olundu. Onu ordenlə təltif edən de Qoll dedi:

– İndi sən bu təltiflə Fransada hərbi paradda ölkə prezidentindən öndə addımlaya bilərsən.

– Mənim generalım, əgər o prezident siz yox, başqası olsa, paradda ondan öndə addımlayaram, – deyə Əhmədiyyə Cəbrayılov cavab verdi.

Məsələ burasındadır ki, Şarl de Qoll da bu cür ordenlə təltif edilmişdi. Azərbaycanlı döyüşçü ilə daha sıx ünsiyyət qurmaq istəyən Şarl de Qoll səmimiyyətə keçdi:

– Yeri gəlmişkən, daha bizim bir-birimizə “sən” deyə müraciət etmək vaxtıdır. 

 

Bütün SSRİ-də cəmi 2 nəfər: Marşal Jukov və Əhmədiyyə Cəbrayılov…

 

 

Şarl de Qoll başda olmaqla Fransa xalqı və dövləti bu ölkənin azadlığı uğrunda döyüşmüş azərbaycanlının xidmətlərini unutmadı. Armed Mişel 1951-ci ildə Fransa vətəndaşı oldu. Fransız qadınla evlənmiş Əhmədiyyə Cəbrayılovun iki oğlu dünyaya gəldi. Fransa hökuməti Dijonda ona kiçik avtomobil zavodu hədiyyə etdi. Üstəlik, Əhmədiyyə Cəbrayılov Fransa prezidenti Şarl de Qollun dəftərxanasında məsul vəzifəyə təyin olundu. Lakin bütün bunlara baxmayaraq vətənini sevən Əhmədiyyə Cəbrayılov 1951-ci ildə Azərbaycana qayıtmaq qərarına gəldi. Şarl de Qoll ona Fransanın bütün nəqliyyat növlərindən pulsuz istifadə etmək hüququ olan ölkə vətəndaşı şəhadətnaməsini təqdim etdi. On gün sonra isə rəhbəri olduğu avtomobil zavoduna Armed Mişel adını verildi.

 

Dünyanın ən qəddar diktaturalarından biri sayılan SSRİ-nin xüsusi xidmət orqanları vətənə qayıdan Əhmədiyyə Cəbrayılovu mənasız sorğu-sualları ilə sarsıtdılar:

 

– Niyə əsir düşmüşdün? Nə üçün fotoda alman zabiti formasındasan? Konslagerdən təkbaşına necə qaçdın?

Bundan sonra Əhmədiyyə Cəbrayılov Oxud kəndinə sürgün olundu və kəndi tərk etmək ona qadağan edildi. Bütün mükafatlar, hətta məktublar, fotolar, pulsuz gediş hüququ əlindən alındı. Fransa prezidentinin dostu Oxud kəndində çobanlıq etməyə başladı. Qəddar rejimin rəhbərliyi bir neçə il sonra yumşaldı – keçmiş döyüşçü aqronom təyin olundu.

 

Əhmədiyyə Cəbrayılov 1963-cü ildə ona mükafat olaraq verilmiş yüz min dolları Sülh Fonduna bağışladı. Yalnız bundan sonra Xruşov onun şəxsi sənədlərinin, mükafatlarının, o cümlədən “Hərbi Xaç” ordeninin qaytarılması barədə göstəriş verdi.

 

Yeri gəlmişkən, “Hərbi Xaç” uzun müddət SSRİ-nin Hərbi Şərəf Muzeyində eksponatı kimi nümayiş etdirilirdi. SSRİ-də cəmi 2 nəfər – Marşal Jukov və kənd çobanı Əhmədiyyə Cəbrayılov bu ordenə layiq görülmüşdülər.

Əhmədiyyə Cəbrayılov bir neçə il sonra ona qaytarılan ordeni kəndə gətirib onu səliqəylə köhnə nəsil sandığının içinə qoydu.

 

Şarl de Qoll və fransız nazirlə görüş

 

O, Şarl de Qolla görüşüb xeyli söhbət etdi. Fransa prezidenti Şəkinin Oxud kəndində aqronom işləyən qəhrəmandan necə yaşadığını soruşdu. Bir neçə saatlıq görüş başa çatdı. Görüşdən sonra Əhmədiyyə Cəbrayılov aeroporta tək gedib Azərbaycana bilet aldı. Daha sonra “Moskva” mehmanxanasına baş çəkdi, onun üçün ayrılmış “lüks” otaqdakı bir neçə geyimi, köynəkləri, qalstukları, iki cüt ayaqqabını, hətta alt paltarı və çətiri orada qoyub Azərbaycana gəldi.

 

Bir neçə gün sonra, onun kənddəki evinin qarşısında yenidən avtomobillər dayandı. Evin qarşısındakı artırmaya bir nəfər qalxdı. Təxminən 50 yaşlı bu adam bir vaxtlar Əhmədiyyə Cəbrayılovun tabeliyində döyüşmüş, dostu, Fransanın müdafiə naziri, general idi. Onlar mehribancasına görüşüb qucaqlaşdılar. Daha sonra evə keçdilər. Fransanın müdafiə naziri masa arxasında yeməyə keçməmiş özünü rəsmi missiyasını yerinə yetirdi. O, Fransa prezidentinin rəsmi məktubunu öz silahdaşına verərək bildirdi ki, SSRİ vətəndaşı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov Fransa hökumətinin hesabına bu ölkəyə dəfələrlə baş çəkmək və orada qalmaq hüququna malikdir. General daha sonra Əhmədiyyə Cəbrayılova Hərbi Xaç ordenini təqdim etdi.

 

Beləcə, adı Fransada məşhur olan bu müharibə qəhrəmanı bu kiçik kənddəki köhnə evində bu ölkənin bütün yüksək hərbi mükafatlarına malik şəxs oldu. O, “Hərbi Xaç”, “Könüllü xidmətə görə Xaç”, “Fransanın Hərbi Medalı”, “Fəxri Legion Ordeni” ilə təltif edildi. Lakin o, bircə dəfə də olsa vətəni SSRİ-nin hərbi mükafatları ilə təltif olunmadı. Əhmədiyyə Cəbrayılov 1994-cü ilin 10 oktyabrında avtomobil qəzasında dünyasını dəyişdi. Onun məzarı Şəkinin Oxud kəndindədir.

 

Sonda: – Əhmədiyyə Cəbrayılovun atasının adını daşıyan oğlu Mikayıl da atası kimi qəhrəman oldu. Mikayıl Cəbrayılov Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid oldu. O, döyüşçü yoldaşlarını öz qanı bahasına düşmən caynağından xilas etdi.

 

Anar Tağıyev

 

* Fotoları təqdim edirik

BIR CAVAB BURAXIN