Formula 1-də baş verən ən dəhşətli 5 qəzadan sağ qurtaranlar

0
772
 
  Aprelin 27-29-da Bakıda keçiriləcək növbəti, sayca 3-cü Formula 1 yarışları ərəfəsində “Oxu məni” qəzeti bu oyunlar haqqında silsilə yazılarını davam etdirir. “Oxu məni” bu dəfə Formula 1 yarışlarında baş verən 5 ən dəhşətli qəzadan sağ qurtaran xoşbəxt avtopilotlar barədə maraqlı yazını oxucularına təqdim edir:
 
Adətən  Formula 1  yarışları idmanın ən təhlükəli və eyni zamanda insan həyatı üçün risqli növlərindən biri hesab edilir. Bu da əsassız deyil. Formula 1 yarışlarında qalib gəlmək üçün yüksək sürət və buna paralel olaraq həyat üçün təhlükəli risq tələb edilir. Formula 1 yarışlarında adi bir səhv, diqqətsizlik pilot üçün labüd ölüm deməkdir. Bunu Formula 1 yarışlarında baş verən qəzalar zamanı ölüm hallarının qeydə alınması da sübut edir. Ona görə də əksər hallarda Formula 1 yarışlarında iştirak edən pilotlar belə bir təhlükəni öncədən  göz önünə alırlar.
Ümumuyyətlə, Formula 1 yarışlarının azarkeşləri də həmişə qəza nəticəsində qalıqları göyə uçan idman maşınlarını  həyəcanla seyr edirlər. Qəza nəticəsində idman maşınlarının hər yerə səpələnən qalıqları isə əsl qan dondurucu bir mənzərə əmələ gətirir. Qəzadan pilotlar sağ qurtaranda azarkeşlər da buna çox sevinirlər.
Formula 1 yarışlarında iştirakçıların qəzadan sağ-salamat qurtarması üçün kifayət qədər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, təssüflər olsun ki, pilotların arasında ölüm hallarının qarşısını tam şəkildə almaq mümkün olmur.
 
 Ölümdən dönən Alberto Askari
Formula 1-də baş verən 5 ən dəhşətli qəzadan sağ qurtaran xoşbəxt pilotlardan bir də ikiqat dünya çempionu Alberto Askari oldu.
1955-ci ildə Monakoda keçirilən Formula 1 yarışları həqiqətən də olduqca maraqlı və gərgin mübarizə şəraitində keçirdi. Minlərlə azarkeşin izlədiyi bu yarışda kimin qalib gələcəyi son anadək məlum deyildi. Budur nəhayət yarışın finişinə az qalıb.
 
İrəlidə Xuan Manxuel Fanxio və Stirlinq Moss gedirlər. Askarı özünün “Lyança”sı ilə üçüncü yerdədir. 50-ci dövrədən sonra dünya çempionu Fanxio gərginliyə dözməyərək çıxışını dayandırır. Bundan istifadə edən Moss dərhal liderliyi ələ keçirir. Lakin 40 dövrədən sonra Mossun bolidinin (yarış maşını) mühərriki sıradan çıxır və o yarışı dayandırmağa məcbur olur. Bu dəfə liderliyi Askari ələ keçirir. Meydanda rəqibsiz qalan Askarinin qalib gələcəyi və növbəti dəfə dünya çempionu olacağı artıq şübhə doğurmur. Amma gözlənilməz hadisə baş verir. Yüksək sürətlə irəli şığıyan ikiqat dünya çempionu tuneldən çıxır və finişə az qaldığını görərək sərt şəkildə əyləci basır. Yüksək sürət zamanı sərt şəkildə əyləcin basılmasına davam gətirməyən bolid bir andaca havaya uçur və qoruyucu səddin üzərindən  aşır və onun qalıqları dənizə səpələnir. Hamı pilotun qəza nəticəsində öldüyünü düşünərkən Askarı sağ-salamat dənizdən çıxır. Bir sözlə onun bəxti gətirir və dəhşətli qəzadan sağ-salamat qurtarır.
Amma bu hadisədən az sonra Askari qəza nəticəsində dünyasını dəyişdi…
 
Möcüzə nəticəsində xilas olan Mertsario
1974-cü ildə Formula 1 yarışları İspaniyada keçirilirdi. Yarışa azarkeşlər arasında həvəs olduqca  böyük idi. On minlərlə insan bu nəfəs kəsən, hər anı həyəcan dolu yarışları izləyirdi. Yarışın böyük hissəsi sakit halda keçdi. “Ferrari” ilə güclərini sınayan Nika Lauda və Kleya Reqattsoni yarış boyu liderliklərini davam etdirirdilər. Onları öz “Marçe”sində Hans İoahim Ştukna izləyirdi. Dördüncü yerdə isə Arturo Mertsario gedirdi. 38-ci dövrədə risq edərək sürətlə irəli şığıyan Mertsario bolidin idarəetməsini itirdi. Nəticədə maşın yüksək sürətlə qoruyucu səddə çırpılaraq havaya uçdu. Maşının qalıqları onlarla metr ətrafa səpələnərək bir neçə fotoqrafı zədələdi. Hamı pilot Mertsarionun qəza nəticəsində öldüyünü düşündüyü bir vaxtda o, bolidin qalıqları arasından sağ-salamat ayağa qalxdı. O yalnız həyat üçün bir o qədər ciddi olmayan yüngül zədələr almışdı. Mertsario bundan sonra da dəfələrlə Formula 1 yarışlarında iştirak etsə də çempion titulunu qazana bilmədi.
 
Ölümdən son anda xilas olan Patrik Tambe
1986-ci ildə Monakoda növbəti Formula 1 yarışları keçirilirdi. Bütün yarışboyu fransız Patrik Tambe Martin Brandl və Nelson Pike ilə çempion titulu uğrunda gərgin mübarizə aparırdı. Son 11 dövrədə isə adı çəkilən üçlük arasında mübarizə daha da qızışdı. Gərgin mübarizədə Tambe Pikeni ötməyə nail oldu. Bu dəfə o sürəti daha  da artıraraq Brandlı da ötmək istədi. Ancaq liderliyi əldən vermək istəməyən Martın Brandl da Mirabo adı verilən döngədə rəqibinin irəliyə keçməsinə mane olmaq istədi. Nəticədə sürətlə hərəkət edən maşınlar toqquşdular. Güclü zərbədən havaya səpələnən Tambenin bolidinin qalıqları az qala yarışı izləyən iki marşalın həyatına son qoyacaqdı. Patrik Tambe son anda ölümdən xilas ola bildi və belə demək mümkünsə sözün əsl mənasında bəxti gətirdi. Bu qəzadan sağ-salamat qurtaran  Tambe bir daha Formula 1 yarışlarında iştirak etmədi…
Melburn-1986: “ Cordan”-ın qalıqları altından sağ çıxan Martin Brandl
1996-cı ilin mart ayında Avstraliyanın Melburn şəhərində növbəti Formula 1 yarışları keçirildi. Yarış ilk dəfə Avstraliyada keçirildiyindən ona maraq da kifayət qədər böyük idi. Formula 1 yarışlarını izləmək üçün Avstraliyanın hər yerindən minlərlə adam Melburna axın etmişdi. Amma yarışın ilk mərhələsindəcə gözlənilməz və hamını həyəcanlandıran, nəfəsini kəsən qəza baş verdi. İlk mərhələdəcə liderliyi ələ keçirmək istəyən Martin Brandl üçüncü dövrədə döngədə sürəti azalda bilmədi. Nəticədə Brandlın idarə etdiyi “Cordan” onunla yanaşı gedən “Zauber”in təkərinə ilişərək havaya uçdu və səddin üzərindən aşaraq yerə çırpıldı. Hamı bir anlığa yerində dondu. Belə qəzadan adətən sağ-salamat çıxan olmur. Amma xilsaedicilər hadisə yerinə çatanda Brandl bolidinin qalıqları arasından sağ-salamat ayağa qalxaraq heç nə olmamış kimi dərhal ehtiyat maşının sükanı arxasında əyləşərək yarışa davam etdi. Ancaq Brandl bundan sonra bir daha Formula 1 yarışlarında iştirak etmədi. O hazırda Böyük Britaniyadakı telekanallardan birininin Qran-Pri yarışları üzrə şərhçisidir.
Valensiya-2010: “Red Bull”dan qanadlanan  Uebber
2010-cu ildə Valensiyada keçirilən Formula 1 yarışlarında daha bir dəhşətli qəza və ölümdən möcüzəli qurtuluş baş verdi.  Həmişə əsl mübariziliyi ilə seçilən avstraliyalı pilot Mark Uebber üçün bu yarış sonuncu ola bilərdi. Yarışın birinci dövrəsində Mark Uebberin önündə fin Xeykki Kovalaynen gedirdi. Uebber özünün “Red Bull”u ilə onu ötüb keçmək istəyirdi. 13-cü dövrədə növbəti döncədə gözlənilmədən Xeykki Uebberin maşınının təkərinə ilişərək onu yüngülcə əzdi. Uebberin “Red Bull”in havaya qalaxaraq bir neçə dövrə vurdu və arxası yuxarı asfalta dəydi. Belə zərbədən sonra da adətən  sağ-salamat qurtaran olmur. Ancaq bəxt Uebberin üzünə gülmüşdü və bu qəzadan  yüngül zədə alaraq ölümdən qurtara bilmişdi. Amma bundan sonrakı yarışlarda da Uebber iştirak etdi və Böyük Britaniyada keçirilən Formula 1 yarışlarında qalib gəldi. Ümumiyyətlə Uebber 3 dəfə dəhşətli qəzadan sağ çıxa bilmişdi.
Emin Axundov

BIR CAVAB BURAXIN