Ermənistanın NATO illüzüyaları …

0
440

NATO-nun Cənubi Qafqazda fəallaşması və hər vasitə ilə Gürcüstanın simasında Rusiyaya qarşı bölgədə yeni cəbhə açmağa çalışması Ermənistanda da özünəməxsus şəkildə əks-sədaya səbəb olub. Hər halda son günlər Ermənistandakı əksər politoloqların Rusiyaya münasibətdə ölkələrinin NATO-ya üzvlük məsələsini az qala siyasi alver vasitəsinə çevirməyə cəhd etməsini birmənalı qiymətləndirmək çətindir. İş orasındadır ki, Rusiyanın adi əyalətlərindən birinə çevrilən və de-fakto Moskvadan idarə olunan Ermənistan düşdüyü belə vəziyyətdən çıxmaq üçün nə edəcəyini bilmir. Bu baxımdan qorxaqcasına da olsa Avropa Birliyi ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində yeni anlaşma imzalamağa hazırlaşan Ermənistan eyni zamanda NATO-nun bölgədə fəallaşmasından da istifadə etmək niyyətində olduğunu gizlətmir. Bu baxımdan Ermənistandakı bəzi politoloqlar, o cümlədən Şahnazaryan və Artsruni Ermənistanın gələcəyinin NATO-da olması barədə Rusiyanı açıq şəkildə qıcıqlandıran açıqlamalar verməyə başlayıblar. Belə bir fikir vurğulanır ki, indiki vəziyyətdə NATO-nun Cənubi Qafqazı özünün təsir dairəsinə çevirmək cəhdləri reallaşmaqdadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Rusiya Cənubi Qafqazı tərk edə bilər. Əlbəttə ilk baxışdan Ermənistanın NATO-ya üzv olması barədə bəlkə də erməni politoloqlar tərəfindən səsləndirilən fikirləri adi qarşılamaq olardı. Lakin istər bölgədə, istərsə də regionda baş verən hadisələrə münasibətdə erməni politoloqları özlərini keçmişlərindən xəbərsiz kimi apararaq yenə də illüziyaya qapılmaqda davam edirlər. Bu baxımdan Ermənistanın NATO-ya üzv olma cəhdləri çətin ki, reallaşsın. Buna da səbəb qeyd etdiyimiz kimi Ermənistanın faktiki olaraq özünün dövlət müstəqilliyini itirərək Rusiya tərəfindən idarə edilməsidir. Digər tərəfdən də erməni politoloqların NATO arzularını Ermənistanda olan Rusiya hərbi bazlaları boş bir illüziyaya çevirib. İki ölkə arasında əldə edilən razılığa əsasən Rusiya hərbi bazası 2049-cu ilə kimi Ermənistanda qalacaq. Ərazisində Rusiya bazası olan ölkənin isə NATO-ya üzv olmaq imkanları sıfıra bərabərdir. Nəhayət, Ermənistan NATO düşməni olan Rusiyanın hərbi-strateji müttəfiqidir. Ermənistan ərazisində olan Rusiya hərbi bazası da məhz NATO-ya qarşı çevrilib. Buna paralel olaraq Ermənistan Rusiyanın razılığı olmadan hər hansı bir qərarı sərbəst şəkildə qəbul edə bilmir. Belə bir vəziyyətdə Ermənistandakı politoloqların ölkələrinin NATO-ya üzv olmasını dilə gətirmələri və özlərini yuxarıda gətirdiyimiz faktlardan xəbərsiz kimi aparmaları sadəcə olaraq erməni həyasızlığının sərhəd tanımadığını göstərir. Əslində erməni politoloqların NATO-ya üzvlük çağırışlarının arxasında Rusiyadan daha çox yardım almaq, özlərinin qarşı tərəf üçün bölgədə müstəsna əhəmiyyət kəsb etmələrini göstərmək cəhdləri də dayana bilər. Hər halda Ermənistandakı bəzi politoloqların NATO-ya üzvlük çağırışlarına Sarkisyan rejiminin reaksiya verməməsi də bu məsələnin öncədən onlar arasında razılaşdırılması kimi də dəyərləndirilə bilər. Xatırladaq ki, Ermənistan belə bir amildən dəfələrlə Rusiyadan yardım almaq üçün istifadə edib. Hər dəfə Ermənistana nə isə lazım olanda ölkədə anti Rusiya aksiyaları başlayıb. Nəticədə Rusiya öz əleyhinə çevrilən aksiyaların qarşısını almaq, gərginliyi aradan qaldırmaq üçün Ermənistana satdığı qazın qiymətini aşağı səviyyəyə endirməyə, bu ölkəyə əlavə iqtisadi yardım göstərməyə, müasir silahlar verməyə məcbur olub. Necə deyərlər Ermənistan rəsmiləri anti Rusiya aksiyaları adı altında oynadığı oyunlardan bacarıqla istifadə edə biliblər. Ola bilsin ki, Ermənistan yenə də NATO-ya üzvlük məsələsini qeyri-rəsmi şəkildə gündəmə gətirməklə həm Rusiyadan, həm də Qərbdən müəyyən iqtisadi, siyasi və hərbi dəstək almaq üçün yeni oyunlara baş vurur. Amma o da aydındır ki, erməni politoloqlarının NATO-ya üzvlük çağırışları boş illüzüyadan başqa bir şey deyil. NATO Qafqaza gəlsə, Gürcüstan bu quruma üzv olsa belə, yenə də Rusiya çətin ki, özünün bölgədəki sonuncu plasdarmını əldən versin…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 1 =