Ermənilər üçün Qafqazda dövlət bu cür yaradıldı – Tarixi faktlar

0
590

Cənubi Qafqaz ərazisi on səkkizinci əsrin əvvəlindən etibarən bu regiondakı üç iri imperiya – Osmanlı İmperiyası, İran və çar Rusiyası arasında amansız mübarizə arenasına çevrilib

Arazinfo.com xəbər verir ki, bu sözlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı məqaləsində əksini tapıb.

Məqalədən bir parçanı təqdim edirik:

“Rusiya tərəfindən Cənubi Qafqazın işğal edilməsi prosesi I Pyotrun Xəzər yürüşündən başlandı və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi ilə (1722-1723) başa çatdı. Lakin Nadir şah hakimiyyətə gələndən sonra Rusiya bu əraziləri tərk etməyə məcbur oldu. Yalnız 1747-ci ildə Nadir şahın ölümündən sonra Rusiya I Pyotrun Cənubi Qafqazı fəth etmək planına yenidən qayıtdı. Bu halda xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda xristian bufer dövləti yaradılmasına yönəlmiş köçürmə siyasəti həmin planın mühüm elementi idi. İmperatriça II Yekaterina I Pyotrun strategiyasını rəhbər tutaraq bu siyasəti səylə davam etdirirdi. Bu 3 planın tamdəyərli reallaşması yalnız rus-İran müharibələri (1804- 1813; 1826-1828-ci illər) başa çatandan və Rusiya Cənubi Qafqazı tamamilə işğal edəndən sonra mümkün oldu. 1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirdi. Bu əməliyyata Rusiyanın İrandakı səfiri şair Aleksandr Qriboyedov rəhbərlik edirdi. O, “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” qeydlərində yazırdı: “Ermənilərin çoxu müsəlman mülkədarların torpaqlarında məskunlaşıb. Yay vaxtı bunu hələ qəbul etmək olardı. Həmin torpaqların sahibləri olan müsəlmanların çoxu köçəri həyat sürür və başqa dinə mənsub olan gəlmələrlə az ünsiyyətdə olurdular”.

Bu zaman Qriboyedov gəlmə ermənilərlə yerli müsəlmanlar arasında gələcəkdə baş verə biləcək münaqişələr haqqında xəbərdarlıq edirdi (Kameral Təsvirin statistikasından görünür ki, müsəlmanlar əsasən türklər, yəni, azərbaycanlılar idi): “Biz onunla (knyaz Arqutinski ilə – R.M) həm də bu haqda xeyli mühakimə yürüdürdük: müsəlmanlara təlqin etmək lazımdır ki, onlar indiki sıxıntılı vəziyyətlə barışsınlar, bu vəziyyət çox davam etməyəcək və ermənilərin ilk dəfə buraxıldığı torpaqlara həmişəlik sahib olacaqları barədə narahatlığa son qoyulacaq”. Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinkanın 1831-ci ildə Moskvada nəşr edilmiş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (“Описание переселения армян аддербиджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении”) əsərində ətraflı təsvir olunub.

1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində İrandan buraya 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülüb. Sonrakı bir neçə ildə Osmanlı İmperiyasından bu üç keçmiş xanlığa daha 90 min erməni köçürülüb. 1911-ci ildə daha bir rus müəllif, N.Şavrov yazırdı:

“Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali deyil, bizim tərəfimizdən köçürülənlərdir”. “Ermənilər əsasən Yelizavetpol və İrəvan quberniyalarının bərəkətli torpaqlarında yerləşdirilirdi. Orada ermənilərin sayı çox cüzi idi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göyçə gölünün sahillərində məskunlaşmışdı”. 1829-cu ildə Rusiya ilə Osmanlı İmperiyası arasında 1828- 1829-cu illər rus-türk müharibəsinə son qoymuş Adrianopol sülh müqaviləsi imzalanandan sonra köçürmənin ikinci dalğası başlandı. Həmin sazişin şərtlərinə əsasən Rusiya Osmanlı İmperiyasının ərazisində yaşayan çoxsaylı erməni ailələrini də yuxarıda göstərilən ərazilərə köçürdü.

Beləliklə, bu köçürmələr hesabına regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbəti süni şəkildə dəyişdirildi. Bu proses üçün əlverişli zəmin yaradan obyektiv və subyektiv şəraitin mahiyyəti isə ondan ibarət idi ki, monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu. Çar Rusiyasının ermənipərəst siyasətini davam etdirən sovet rəhbərliyi də azərbaycanlılara münasibətdə etnik zəmində ayrıseçkilik siyasəti yürüdürdü. Faciəyə səbəb olmuş başlıca amil sovet dövlətinin bəzi rəhbərlərinin şüurunda kök salmış antitürk əhvalruhiyyədən və Türkiyə ilə bağlı təşvişdən qaynaqlanırdı. Sovet ideologiyasının gizli tərkib hissəsi olan bu düşmənçilik, bir tərəfdən, dərin tarixi köklərə malik idi və Rusiya ilə Osmanlı İmperiyası arasında çoxəsrlik qarşıdurma ilə bağlı idi, digər tərəfdən isə Moskvadakı erməni lobbisi və ermənipərəst dairələr tərəfindən daim və məqsədyönlü şəkildə qızışdırılırdı. Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər. Beləliklə, 1920-ci ilin may ayında Azərbaycan 6 Respublikasının Versal sülh konfransı tərəfindən tanınmış ərazisi 114 min kvadratkilometr idisə, sovet hakimiyyəti illərində, xüsusən 1920-ci illərdə onun ərazilərinin bir hissəsinin Ermənistana verilməsi hesabına bu ərazi azalaraq 86,6 min kvadratkilometrə bərabər oldu. Nəticədə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqları Ermənistanın tərkibinə qatıldı, Azərbaycanı onun tarixi Naxçıvan regionu ilə birləşdirən və həlledici əhəmiyyət kəsb edən geniş ərazilər ondan qoparıldı və beləliklə, Naxçıvan anklava çevrildi. Azərbaycanın əzəli torpaqlarında süni dövlət qurumu yaradılarkən Ermənistanın özünün ərazisi 9,6 min kvadratkilometrə bərabər idi. Bu gün isə onun ərazisi Sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına genişlənərək 29,7 min kvadratkilometrə çatıb. Qondarma “dənizdən-dənizə” ideyasını reallaşdırmağa çalışan Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır.

Onu da qeyd etmək lazımdır ki, ermənilərin fəaliyyəti təkcə ərazi dəyişiklikləri ilə məhdudlaşmırdı. Onlar həm də Ermənistan SSR ərazisində yaşayan əhalinin etnik tərkibinin dəyişdirilməsinə yönəlmiş ardıcıl siyasət yürüdürdülər. SSRİ Nazirlər Sovetinin 1947- ci il 23 dekabr tarixli 4083 nömrəli “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in KürAraz ovalığına köçürülmәsi haqqında” Qərarına uyğun olaraq bu siyasət çərçivəsində 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və 1946-1949-cu illərdə ermənilərin xaricdən repatriasiyası həyata keçirildi. Beləliklə, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu.

Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır. Erməni milli ideyasının tərkib hissəsi olan bu iyrənc siyasət Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələrdən sonra bu torpaqları Ermənistana birləşdirməyə yönəlmişdi…