Ermənilər ölkəni tərk edirlər

0
692

Son 7 il ərzində Ermənistanda iqtisadi fəal əhalinin sayı 98,8 min nəfər və ya 6,9% azalıb. “Zaman.az” Ermənistan Statistika Xidmətinə istinadən bildirir ki, iqtisadi fəal əhalinin sayı cari il ərzində də azalmaqda davam edib. İlin ilk 2 ayı ərzində Ermənistanda əmək ehtiyatlarının sayı 15,3 min nəfər azalıb. Bu ilin fevral ayının sonuna olan məlumata bu ölkədə 1 milyon 300,5 min nəfər əmək qabiliyyətli insan var. Ancaq əmək qabiliyyətli insanların 1/5-i iş yerlərinin olmaması səbəbindən işləyə bilmirlər. Ermənistan Statistika Xidmətinin digər bir məlumatında qeyd olunur ki, bu ilin fevral ayında ölkədə cəmi 1 milyon 46,1 min nəfər məşğul insan olub. Ümumiyyətlə son 7 il ərzində məşğul insanların sayında da kəskin azalma olub. Əgər 2008-ci ildə ölkədə 1 milyon 183,1 min nəfər məşğul insan olubsa, ötən ilin yekununda bu göstərici 1 milyon 72,1 min nəfər olub. Yəni son 7 ildə məşğul insanların sayı 111 min nəfər və ya 9,4% azalıb. Cari ilin ilk 2 ayı ərzində isə məşğul insanların sayında 2,4% və 26 min nəfər azalma baş verib.

Ermənistanda azalma təkcə əmək ehtiyatları və məşğul insanların sayında müşahidə olunmur. Bu ölkədə əhalinin sayında da azalma davam edir. Son 15 ili əhatə edən statistik məlumatlara nəzər saldığımız zaman açıq şəkildə görünür ki, 2012-ci il istisna olmaqla Ermənistanda əhalinin sayında heç vaxt artım qeydə alınmayıb. Əgər 2000-ci ildə bu ölkədə 3 milyon 221,1 min nəfər yaşayırdısa, ötən ilin yekununda əhalinin sayı 3 milyon 4,6 min nəfərə düşüb. Yəni son 15 ildə Ermənistan əhalisi 6,7% və ya 216,6 min nəfər azalıb. Ermənistan Statistika Xidmətinin açıqladığı rəqəmlərdən belə görünür ki, əhalinin, o cümlədən də əmək ehtiyatlarının sayının azalması insanların ölkəni tərk etməsi səbəbindən baş verir. Çünki bu ölkədə az da olsa təbii artım var. Statistika Xidmətinin məlumatına görə, 2015-ci ildə Ermənistanda doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9, ölüm göstəricisi isə əhalinin hər 1000 nəfərinə 9,3 olub. Əvvəlki illərdə də doğum göstəricisi ölüm göstəricisini üstələyib. Bu isə onu göstərir ki, ölkə əhalisinin azalmasında mənfi miqrasiya saldosu (ölkədən gedənlər ölkəyə gələnlərdən çox olub) həlledici olub.

BIR CAVAB BURAXIN