Elmar Məmmədyarov: “Rusiya bizə mərhələli şəkildə həll təklif edib”

0
736

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: “Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir”.

Nazir Rusiyanın ATƏT-dəki nümayəndəliyinin Azərbaycanın ATƏT-dəki nümayəndəliyinə aprelin 12-də nota verməsi məsələsinə də aydınlıq
gətirib: “1994-1995-ci illərdə atəşkəslə bağlı anlaşmalar var idi. Atəşkəs apreldə pozulanda Azərbaycan bəyan etdi ki, Ermənistanın hərəkəti bu anlaşmaları sual altında qoyur. Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, 1994-1995 atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də düşünürük ki atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Müharibə yolu ilə məsələni həll etmək olmaz. Biz həmişə deyirik ki, sülh danışıqlarının tərəfdarıyıq. Amma nəticə olmalıdır. Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur olsun, amma irəli gedək”.

“Həmsədrlərlə təmasdayıq”.

E. Məmmədyarovun sözlərinə görə, həmsədrlərlə görüş gələn ayın ortasında Avropanın şəhərlərindən birində keçiriləcək tədbir çərçivəsində baş tuta bilər.

“Görüş keçirilməsinə mən də razılıq vermişəm. Çox güman ki, Brüsseldə olacaq. Yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyik”, – deyə nazir bildirib.

“Şərtlərlə sülh prosesinə kömək etmək olmaz, bu, sülh prosesini öldürməkdir”

Nazir, bir neçə gün əvvəl Ermənistanın danışıqlardan çıxması barədə prezident Sarkisyanın, daha sonra isə Ermənistanın danışıqları davam etdirmək niyyətində olduğu barədə xarici işlər nazirinin bəyanatını xatırladıb: “İndi isə Sarkisyan danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil.

Ermənistanda ciddi müzakirələr gedir və təhlil edirlər. Hamı üçün bəllidir ki, status-kvo qəbuledilməzdir. Status-kvonun saxlanması nə danışıqlara, nə də sülhə kömək edir.

Danışıqlara isə hansısa şərtlərlə gəlmək olmaz. İrəvanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir. Proses yerindən tərpənməlidir. Ən böyük təhlükə Ermənistan qoşunların işğal olunmuş Azərbaycan ərazilərində olmasıdır. Bu məsələni nə qədər tez həll etsək, o qədər imkan yaranacaq. Şərtlərlə sülh prosesinə kömək etmək olmaz, bu, sülh prosesini öldürməkdir”.

BIR CAVAB BURAXIN